Aprelin 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan konsert keçirilib.
Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyəyə çatdığını vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan dünyada müstəqil, müasir, dünyəvi ölkə kimi tanınır. İtaliyalı diplomat ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq prinsipinə əsaslandığını bildirib.
Daha sonra Piyerluçi Destronun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.
Musiqi gecəsində Fəridə Məmmədova (soprano), İlham Nəzərov (bariton və kontr-tenor), tarzən Sahib Paşazadə tərəfindən C.Puççini, C.Verdi, Ü.Hacıbəyli, K.Monteverdi, K.Əlizadə və başqalarının əsərləri səsləndirilib.
Paylaş: