Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanlarına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilib. Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. YQYK-lar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Bərdə, Göyçay, Şirvan şəhərlərində fəaliyyət göstərir.
Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri məqbul”la (5 ballıq şkala üzrə) qiymətləndirilir. Üç və daha yüksək bal (bədən tərbiyəsi və idman ixtisası üzrə 4 bal) “məqbul” qiymət hesab edilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digərlərini də seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri barədə “Abituriyent” jurnalının üçüncü nömrəsində ətraflı məlumat əldə etmək olar.
Paylaş: