Hörmətli Anar müəllim!
Böyük əksəriyyətdən fərqli olaraq hətta AYB-nin son ev bölgüsü ilə bağlı qalmaqalın səngimədiyi bir ərəfədə belə, sizə əzəli hörmətini qoruyub saxlayan yazıçı ordusunun əsgərlərindən (yalnız yaşımı nəzərə alsaq, mənə zabit demək olar) biri kimi yazıram bu sətirləri…
Bir essemdə əksini tapan “mən Anarı yüz alimə dəyişmərəm” cümləsinə çox dodaq büzənlər oldu. Xeyirdimi, dedilər, hamı Anarı tənqid eləyir, sənə nə düşüb, tərifləyirsən? Elə olanda sözümü dəyişdim: bu dəfə götürüb “yüz”ü “yüzlərlə” sözü ilə əvəz elədim. Mən də beləyəm, haqlı olduğumu biləndə axına qarşı üzməyi xoşlayıram.
Ədəbiyyatın nə olduğunu az-maz dərk edəndən sizi bu balaca məmləkətin böyük ziyalılarından biri sanmışam və bu gün də sanmaqda davam edirəm. 60-cı illərdən üzü bəri ədəbiyyatımızı necə Sizsiz təsəvvür etmək olar? Lap yüz də desinlər. Son illər sizə qarşı yaranan aqressiv münasibət isə birmənalı olaraq istedadınıza yox, tutduğunuz posta görədir. Bunu özünüz də bilməmiş deyilsiniz, yəqin. Tək-tük qələm əhli taparsan ki, sizi yazıçı kimi bəyənməsin. Əgər elələri varsa da, ya insaf hissini itirən, ya nəhəng ədəbiyyat dəryasından damla belə dadmayan, ya da özünü andeqraund incəsənətin baniyi-karı hesab edənlərdir onlar.
Hörmətli Anar müəllim! Bu məktubu məhz niyə indi yazmağımın səbəbi var: mənim o məsələ ilə qətiyyən işim yoxdur ki, AYB son bölgüdə kimə və niyə ev verib?
Bəri başdan ev alanların hər birini təbrik edir, bir dost xeyir-duası da məndən olsun, deyirəm. Sağ canla yaşasınlar, xeyrini və ləzzətini görsünlər. Oğul evləndirib, qız köçürsünlər.
Söhbətim ev ala bilməyənlər – Sevil Gültən, Aləmzər Sadiqqızı və Təranə Vahid barədədir. Sonuncu iki nəfər AYB-də, sizinlə çiyin-çiyinə çalışırlar. Hər gün də olmasa, yəqin ki, vaxtaşırı üz-üzə gəlirsiniz. Sevıl xanım barədə bir qədər ətraflı bəhs etmək istəyimsə yalnız ona görədir ki, məncə, onu sizə ya heç təqdim etməyiblər, ya da düzgün təqdim etməyiblər, yoxsa bu məsələ indiyəcən öz həllini tapardı. Sizin Sevil xanımla nə düşmənçiliyiniz ola bilər ki?
30 ildən çox yadlar qapısında can çürüdən bu xanım ailə başçısını erkən itirib, hazırda iki qızı ilə kirayədə yaşayır. Rəsmi iş yeri yoxdur. Bununla belə, çox çətin mənzil şəraitində dilimizə ingilis dilindən 70-dən çox, əksinə isə 80-ə qədər roman (bəli, roman!) tərcümə edib. Çoxsaylı povest, hekayə, esse və elmi məqalələri nəzərə almasaq belə, bu, böyük bir institutun görə biləcəyi işdir. Bunu gözə alıb yazmışdım ki, bu adam tək canı ilə Azərbaycana Azərişıqdan daha çox işıq verir. Yeganə qüsuru ondadır ki, gördüyünə kar, eşitdiyinə lal olanlardan deyil, yəni fərqli insan tipidi. Elə bilir, hər zaman doğrunu söyləmək hünərdir. Bu da onu bəzən yerli-yersiz qınaqlara tuş edir.
Bütün bunlara rəğmən, bir neçə dost üç-dörd il əvvəl Sevil xanımın ailə vəziyyəti və hazırkı durumu ilə bağlı Ölkə Prezidentinə müraciət ünvanladıq. Parlamentarilər daxil, Xalq yazıçısı və şairlər də müraciətə məmnuniyyətlə imza atdılar. Mərhum millət vəkili Qənirə Paşayeva və Fazil Mustafanın ciddi səyləri nəticəsində məsələ Milli Məclisin müzakirələrinə qədər gedib çıxdı. Son qərar bu oldu ki, Sevil xanıma Jurnalistlərin binasından mənzil ayrılsın. Təəssüf ki, orda da işlər yalnız son anda düyünə düşdü. Xanım yenə evsiz qaldı.
Söhbətimin bu məqamında 1997-ci ildə Azərbaycan Yazıçılarının müstəqillik dövründə keçirilən ilk (ümumən isə, X) qurultayı ərəfəsində ölkə Prezidenti cənab Heydər Əliyevin o zaman üçün möhtəşəm sayılan tədbirdən bir gün əvvəl öz İqamətgahında gənc yazıçıları qəbul edərkən baş verən bir vaqeəni xatırlamağımın bugünkü hadisələrlə birbaşa bağlılığı var.
Dəvətlilər sırasında mən də yer almışdım. O gün Əlisəmid Kürün, Tofiq Qaraqayanın, Rasət və Akif Əhmədgilin Prezidentə yazdığı müraciətin İqamətgahın kandarında necə qalmaqal yaratdığı indi də yadımdadır. Səksən nəfərlik heyət bura sanki Ölkə Başçısı ilə görüşə yox, sözügedən söhbətin nə ilə bitəcəyini öyrənməyə yığılmışdı. Səbəb də o idi ki, müraciəti cənab Prezidentin özünə üzbəsurət kim təqdim edəcək? İş bu məqama çatanda hərə yaxasını bir yana çəkdi. Tam əminliklə deyirəm, o səksən nəfərin içərisində, bəlkə də, vur-tut bir-iki nəfər tapardın ki, bu addımı atmağa cəsarət etsin. Çünki məsələ çox şişmiş, yazıçılara verilən evlər qaçqınlar tərəfindən zəbt olunmuş, yazıçılar hətta cismani təzyiqə də məruz qalmışdılar. Təbii ki, işin bu çilləyə gəlib çıxacağını kimsə gözləmirdi. Ona görə müraciət sahiblərinə ciddi göz ağardanlar olmuşdu ki, özbaşınalıq eləməsinlər, protokoldan kənar hərəkətləri Prezident yaxşı qarşılamır. Səbirli olmaq lazımdır, iş daha da korlana bilər.
Qərəz…
İçəri keçmək məqamı yaxınlaşanda umduqları yerdən əlləri birdəfəlik üzülən Əlisəmidlə Tofiq məni kənara çəkdilər:
– Neyləyək? Heç kim yiyə durmur.
Pudlarla çörək kəsdiyim kişilərin sözünü nə deyib yerə salardım? Deyərdim, nədən qorxuram? Oturduğum yerdə ağrımayan başıma dəsmal bağlamaqdan?! Məsələnin ən tül yeri həm də o idi ki, bu, ev söhbəti idi, necə belə şeyi gözardı etmək olardı? İyirmi il kirayələrdə can çürüdən birinin bu söhbətdən hansısa bəhanə ilə boyun qaşırması gədalıq olmazdımı? Fikirləşmədən:
– Ver bəri! – deyib müraciəti iki qatlayaraq döş cibimə qoydum, – Ağız açıb utandırmayın heç kimi. Qurtardı söhbət.
... Major notlarla bitən yığıncağın sonunda (həmin çəkilişlər sonralar televiziya vasitəsilə dəfələrlə göstərilib) Prezident kimin sözü, sualı olduğunu soruşanda:
– Mənim, – deyib ayağa qalxdım və müraciəti şəxsən özünə təqdim edib haqqında yığcam izah da verdim. Onda Prezident üzünü soldan üçüncü oturan adama tutdu:
– Anar, nə məsələdi bu?
Bilməyənlər üçün etiraf edim ki, o dar macalda hər şeyi məhz sizin beş-on cümləlik təqdimatınız həll elədi... Yoxsa hər şey daha çox vaxt ala bilərdi. Əlinin altdakı iki səhifəlik müraciətə sığal çəkə-çəkə Prezident vur-tut bir dəqiqədən sonra qərarını elan etməklə o zamanlar ev üçün canlarını odlara yaxmağa hazır olan o dörd nəfərin həyatını, bəlkə də, ipdən almış oldu.
Taksi tutub başılovlu Əlisəmidgilə sürdürəndə Prezidentin cingiltili səsi hələ də qulaqlarımda idi:
– Get, cavan oğlan, get dostlarına de ki, onların hər birinə yaxın zamanda ev veriləcək!
Necə, necə? Ev? Yaxın zamanlarda?...
Gerçək də var, gerçək: Əlisəmid Kür, Tofiq Qaraqaya, Rasət və Akif Əhmədgil cəmi bir ayın içində dördotaqlı mənzillə təmin olundular, özü də şəhərin mərkəzində! Bu, anidən edilən bir diplomat jesti və Prezident mərhəməti deyildi, həm də Ölkə Başçısının, nüfuzu bəs qədər sarsılmış ziyalısına sahib çıxmaq məharəti idi. Özü də görün nə vaxt? 1997-ci ildə! Hər şeyin daha ağır olduğu bir dönəmdə!
Anar müəllim! Olub-keçənləri təfsilatı ilə yada salmaqda yeganə məqsədim adicə bir təqdimatın nə demək olduğunu diqqətə çatdırmaqdı!
O sözü bilirsiniz kim deyib? Anar – “Dədə Qorqud”u ekranlaşdıran kişi: "Oğlum olduğunu ondan bilərəm ki, barmağını çərtib qanını gözümə sürtəsən..."
İndi isə mən deyirəm: Anar olduğunuzu həm də ondan bilərəm ki, adıçəkilən üç yazıçı xanımımızın mənzil söhbətinə yenidən qayıtmağa bir vəsilə olasınız! Məsələni Ölkə Prezidentinin diqqətinə çatdırmanız bəsdir. Bu sizin tam imkanınız daxilindədir, sizin buna iqtidarınız çatar. Bununla həm də dünyanın ən savab işlərindən birinə qol qoymuş olarsınız. Sizdən özünüzəxas böyüklük gözləməkdə içi mən qarışıq anarsevərlər də bir haqq yiyəsidir axı! Girəvə verməyin ki, ardınıza düşüb dabanqırma qova-qova sizdən yeni insan obrazı yaratmağı qarşısına məqsəd qoyanlar öz murdar niyyətlərinə çatsınlar! Müdriklik dəmidir!
Qaldı məsələnin o biri tərəfinə, ürəyinizi buz kimi saxlayın. Respublikanın o cür ağır günlərində Heydər Əliyev kimi atanın atdığı xeyirxah addımı, Azərbaycanı böyük bir ləkədən xilas etməklə Qarabağ adlı Müəzzəm Qələbəyə imza atan İlham Əliyev kimi oğul niyə təkrar etməsin?
Öz abırlı-həyalı ədəbi fəaliyyətləri ilə Qələbəmizdə az-çox pay sahibi olan Azərbaycanın üç qadın yazıçısının sınıq könlünü Zəfər nəşəsi ilə yaşadığımız bu günlərdə şad etmək bəyəm belə böyük problemdir?!
Dərin sayğılarıla,
Əlabbas,
Yazıçı
20 noyabr 2023
Paylaş: