Xəbər lenti


Xaqani Qayıblının ömür divarından asılan təqvim 60-ı göstərir. 

Bugün onun uğurlarından danışsaq, gərək ən azı üçə bölək. Çünki, Xaqani müəllim həm alim, həm tərcüməçi, həm də şairdir. Mən onu yaxşı tanıdığım tərəfindən – şairliyindən və dostluğundan bir neçə cümlə bəhs edib təbrik etmək istəyirəm. 

Bu vaxtadək nə yaşayıbsa özü bilir, amma yazdıqları bir ozan-şairin gündəliyini xatırladır. Oxuyanlar onun səsini yaxından və aydın eşidirlər. Deyir ki: “Gördüm yaman darıxıram, Şeiri minnətə gətirdim. Bağışla, səndən xəbərsiz. Səni Qürbətə gətirdim...” Qürbətdə yaşaması sanki onun fikir və ruh azadlığına meydan açıb, məhdudiyyətlərlə azadlığın semantik əlaqəsini asanlıqla yaratmağına, beləcə də mövzuları bir-birinə yaxınlaşdırmağa kömək edib. Şeirlərində anlatdıqları yaşadıqları, gördükləri və eşitdikləri olsa da, oradakı “mən” çox vaxt “biz”i ehtiva edir, düşüncələri geniş perspektivdən səslənir. Hər kəs şeirdəki obrazda özünü görür. Bunu şərtləndirən amil dünyabaxışı kimi, poeziyasının da ruhaniyyətli olmasıdır. Xüsusilə arxaizmlə, köhnə “Çöl mədəniyyəti”nə uyğun, xalq dilindən, tərəkəmə ruhundan gələn sözlərdən istifadə etməklə yazdığı şeirlərlə türk dünyasının bir çox yerinə çata bilən Xaqani Qayıblı misralarına bəzən konseptual sahədən çıxmadan standart dilə nəfəs alacaq yeni populyar sözlər də əlavə edir. Bəzən də, Nəsrəddin hoca kimi zəkasının, Dədə Qorqud kimi hikmətli deyimlərinin sayəsində söz oyununa keçir. Bir sözlə, istər şeirlərindəki, istərsə də publisistikasındakı söz ehtiyatı günümüzün xüsusilə dialekt lüğətini zənginləşdirir. 

Xaqani Qayıblı tanıdığım qədərilə çox dostcanlıdır. Onun dost bağçası genişdir, tanış olduğu - təbii ki, ruhuna, könlünə, poetik dünyasına yaxın olan insanları “dost bağçasında açan yeni çiçək” kimi qəbul edir. Bu da təbiidir ki, “darıxmaq” məzmunlu şeirlərinin çoxu el-oba, yurd həsrəti qədər elə dostlarına da ünvanlıdır. Bir də darıxmağını həm bildirən, həm də keçirən hər kəlmə SÖZ, səslənməsi çox uzaqlardakı ulularımızın dilindəki bəlağət, əsl nemət, mədəniyyət abidəsi olduğu üçün savabı, günahı olan bir canlıdır. Bu səbəbdən: “Nə söyləyim sənə dostum, Qürbətin ahı çəkilmir! Xəyanət olmur Sözə də, Sözün günahı çəkilmir! - deyir. Mən də sözün günahından çəkinən şairə demək istəyirəm ki, “Altmış yaşın ağırlığı nədir ki, Söz yükünü çəkə bilən adama.” 

Altmış yaş hər insanın hayatında önəmli bir tarixdir, özəlliklə də həyatda çox uğurlara imza atmış bir adam üçün. Məlumdur ki, çox uğur çox əmək, çox zəhmət deməkdir. Hörmətli alim, tərcüməçi, şair Xaqani Qayıblıya, 60 yaşında olsa da, ruhu 30-dan o yana keçməyən, zəngin daxili aləmi gözlərində qığılcım tək parlayan əziz dosta bir diləyim var. Həmişə pozitiv, enerjili, gümrah və şən qalmasını diləyirəm! Qəlbindəki bütün narahatlıqları atıb yeni yaşına sağlıqlı, xoş əhval-ruhiyyəli və ilhamlı qədəm qoymasını arzulayıram!  

Adilə Nəzər - Filologiya üzrə fəlsəfə doktoru

    




Ana səhifəyə qayıt        Baxış: 1 762          Tarix: 25-02-2024, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma