Xəbər lenti


Naxçıvan Təhsil Nazirliyində özbaşınalıqlar  davam edir.

 

Ovqat.com-un Muxtar Respublikadakı qaynaqlarından aldığı məlumata görə, “canişinliyin” Təhsil Nazirliyinin rəhbərliyi dövlət imtahanı keçirmədən istədikləri kadrları, xüsusilə də öz qohumlarını dövlət qulluqçusu adıyla işə götürürlər.

 

“Dövlət imtahanından keçmədən vəzifəyə təyin olunan biri Naxçıvan şəhər təhsil şöbəsinin baş mühasibi Talıbova Nuranə İlham qızıdı. Çox maraqlıdır ki, bu insan mühasib imtahanından kəsilib və vaxtilə mühasib işlədiyi müddətdə səhv hesablamalarına görə dövlətə 100.000 manat borcu yaranıb. Anlamaq mümkün deyil, bu cür mənfi karyeraya malik bir kadrı necə mükafatlandırıb yenidən baş məsləhətçi vəzifəsinə təyin edirlər? Ümumiyyətlə, Naxçıvanda kadr seçimi hansı qayda-qanunla tənzimlənir?”, - mənbəmiz soruşur.

 

Fuad Nəcəflinin xüsusi imtiyazlı dayısı oğlu

 

Naxçıvan Təhsil Nazirliyinin imtiyazlı kadrlarından biri də Murad Nəcəfli adlı şəxsdir. Murad Nəcəflinin cəmi 23 yaşı var. Əsgərlik xidmətini yenicə başa vurub və iş karyerasına Naxçıvan şəhər Təhsil şöbəsinə müqavilə ilə baş məsləhətçi vəzifəsinə təyin olunmaqla başlayıb. Müqavilə müddəti başa çatandan sonra bu xüsusi imtiyaz sahibi hətta dövlət qulluğu imtahanına girmədən Təhsil şöbəsinə baş mühasibin müavini vəzifəsinə təyin edilib. “Maraqlısı budur ki, Muradın bu vəzifəylə bağlı heç bir savadı yoxdu, o hətta peşəkar mühasib sertifikatı belə almayıb”, - mənbəmiz bildirir. 

 

Bəs, Murad Nəcəflini bu qədər əvəzedilməz qılan hansı özəlliyidir? 

 

Mənbəmizin iddiasına görə, 23 yaşlı gənc dahinin ən böyük özəlliyi “canişin”in dayısı oğlu olmasıdır. “Halbuki, qanunvericilik bir şəxsin ard-arda ikinci dəfə eyni vəzifəyə təyin olunmasına icazə vermir. Zatən kadrlar ona görə vəzifəyə müvəqqəti təyin olunurlar ki, onlara verilən müddət ərzində dövlət imtahanından keçsinlər və vəzifələrini davam etdirmək hüququ qazansınlar. Murad Nəcəfli isə dövlət imtahanına girmək zəhmətinə qatlanmayıb, bununla belə, o, vəzifə ierarxiyasında bir pillə irəliləyib. Əvvəl baş məsləhətçi kimi işə başladığı şöbədə birbaşa müavinliyə yüksəlib. Başa düşmək olmur, kadrlar əgər kiminsə qohumu olduğu üçün vəzifə ierarxiyasında irəliləyəcəklərsə, onda dövlət qulluğu imtahanı nəyə lazımdır?”.

 

Mənbəmizin bildirdiyinə görə, bu vəzifəyə təyinatın dövlət imtahanı yoluyla ediləcəyini düşünən bir çox namizədlər aylarla imtahanlara hazırlaşıblar: “Hətta bu məqsədlə xüsusi kurslara gedib ayda 250 manat ödəyənlər də olub. Əgər yeni təyinatlar “dədə-baba” qaydası ilə həyata keçiriləcəkdisə, niyə bunu əvvəlcədən bəyan etmir, onsuz da kasıb vəziyyətdə yaşayan insanları əlavə borca-xərcə salırdılar? Elə əvvəlcədən elan edərdilər ki, Naxçıvanda təyinatlar “canişin” əfəndiyə qohumluq dərəcəsinə görə aparılacaq, biz də işimizi bilər, ümumiyyətlə imtahanlara hazırlaşmazdıq. Görünən budur ki, Naxçıvan Təhsil Nazirliyinin rəhbərliyi heç bir real nəticəsi olmayan dövlət qulluğu imtahanlarından belə pul qazanmaq üçün bu cür metoda əl atır. Dövlət qulluğu imtahanı adı altında mənasız kurslar təşkil edir və iddiaçıların haqqına girir, pulunu mənimsəyirlər. Vaxtilə hazırlıq imtahanları üzrə ixtisaslaşmış bir adamı gətirib Təhsil naziri qoyanda bundan daha fərqli nəticə gözləmək olmaz. Bu ilin may ayından Naxçıvan MR Təhsil naziri işləyən Elxan Nəcəfov deyəsən köhnə vərdişlərini hələ də unuda bilməyib. Yeni vəzifəsinin vərdişlərinə nə zaman yiyələnəcəyini isə yəqin ki, Naxçıvan “canişini” Fuad Nəcəflidən başqa kimsə bilmir”.

Nuranə Talıbovanın təkzibi

 

Qeyd edək ki, yazıda adı çəkilən Nuranə Talıbova dünən bizimlə əlaqə saxladı və barəsində deyilənləri təkzib etdi. Nuranə xanımın bildirdiyinə görə, o, dövlət qulluğu imtahanından kəsilməyib: “Mən sadəcə imtahan vermişəm və imtahanın nəticələri hələ açıqlanmayıb. Siz və ya mənbəniz hardan bilirsiniz ki, imtahandan kəsilmişəm və ya kəsiləcəyəm? Üstəlik, mən bu vəzifəyə təyin olunmamışam. Sadəcə müvəqqəti müqavilə əsasında bu iş mənə həvalə edilib. O ki qaldı keçmiş fəaliyyətim müddətində 100 min manat kəsirin ortaya çıxmasına, bu, adi maliyyə-hesablama hadisəsidir və hər kəs bu səhvlə üzləşə bilər. Audit yoxlamaları nəticəsində bu səhvlər ortadan qaldırılır və işlər davam etdirilir”. 

 

P.S. Yazıda adı keçən Nuranə Talıbovadan ikinci təkzib

 

“Salam, Heydər bəy. Sizə bir daha bildirirəm ki, Sizə verilən məlumatlar yanlışdır və nəzərinizə catdırıram ki, 17 mart  2021-ci ildə baş mühasib vəzifəsinə dovlət qulluğuna imtahan verərək 80 balla qəbul olmuşam. Mənim Təhsil şöbəsindəki fəaliyyətim dövründü dövlətə heç bir maddi ziyan dəyməmişdir. Və mən dovlet qulluğunun peşəkar mühasib sertifikatının 1-ci mərhələsindən uğur qazanıb, 2-ci mərhələsinin cavabını gozləyirəm. Mənimlə eyni təsnifatdan olan baş məsləhətçi vəzifəsinə isə öz ərizəm əsasında keçirilmişəm. Burda heç bir qanunsuzluqdan söhbət gedə bilməz”.

 

Qaldı Fuad Nəcəflinin xüsusi imtiyazlı dayısı oğlu. Onun da təkzibini dərc etməyə hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 5 620          Tarix: Dünən, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma