Xəbər lenti

 


Xok kəndindən başlanan şeir dünyası

 

O vaxtlar ömrümüzün bahar çağıydı. Şərurdan Naxçıvan şəhərinə gedən yeganə marşrut avtobusunda bir təhər özümüzə ayaq üstündə yer edən, 10-dan artıq kənddən keçərək mənzil başına çatardıq. Yol boyu təbiətin və kəndlərin gözəlliyi bizləri valeh etsə də, Xok kəndinə avtobusun tez çatmasını daha çox istəyərdik. Kənddəki dayanacaqda avtobus istər-istəməz dayanar, digər sərnişinlər kimi əyninə yol işçisi paltarı geyinmiş, yaşı əllini ötmüş bir nəfər də avtobusa daxil olardı. Və ona yer təklif etsələr də avtobusun ortasında ayaq üstə durar və dinib-danışmazdı. Bircə andan sonra kiminsə «Şair Qafar necəsən?»   – atmacasına şair Qafar deyilən kəs Naxçıvana çatana qədər bədahətən şeirlər söyləyərdi. Beləcə, Xok kəndi, onun şair oğlu Qafar kişi bizim gözümüzdə şeir dünyasına dönmüşdü…

...Sonra Şərurda fəaliyyət göstərən «Şərur qönçələri» ədəbi birliyində Xok kəndindən gəlmiş Məmməd Tahir, Sultan İsmayıl, Asif Atəş, Cəmaləddin Novruzoğlu kimi şairlərlə tanış olduq. Və Xok kəndinin adamlarının poeziya sevərliyinin şahidinə çevrildik. 

Bunları xatırlamaqda Xok kəndində sözə-poeziyaya sonsuz məhəbbəti, ehtiramı bildirir və bu kəndin şair oğlu Zeynalabdin Novruzoğlunun çoxsahəli və rəngarəng   yaradıcılığından söz açmaq istəyirəm.

Zeynalabdin Novruzoğlu (Novruzov Zeynalabdin Novruz oğlu) Naxçıvan MR Şərur rayonunun Xok kəndində (indiki Kəngərli rayonu) dünyaya göz açıbdır. Kəndlərindəki orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında tarix ixtisası üzrə təhsilini başa vurmuşdur. Ömrünü saf və müqəddəs müəllimlik peşəsinə həsr edən Z.Novruzoğlu uzun müddət Muxtar Respublikanın orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuş, şərəfli müəllimlik fəaliyyətini başa vuraraq, yaşa görə təqaüdə göndərilmişdir. 

Kesən əsrin 70-ci illərində Azərbaycan ədəbiyyatında olduğu kimi, onun ayrılmaz parçası olan Naxçıvan toprpağında da ədəbi mühit çox fəal idi. Ədəbi birliklər, ayrı-ayrı dərnəklər fəaliyyət göstərir, toplular, almaxlar dərc olunurdu. Zeynaləbdin də öz duyum və düşüncələrini qələmə alır, gözəl şeirlər yazırdı. Ancaq bu şeirləri kitab halında çap etməyə tələsmir, respublikanın dövrü mətbuatında çıxışlar edirdi. Onun şeirləri və publisistik əsərləri bu günədək «Şərq qapısı», «Ağrıdağ», «525-ci qəzet», «Ədalət», «Ədəbiyyat» qəzetlərində, «Ulduz», «Azərbacan», «Yurd», «Xəzan» «Mədəniyyət» jurnallarında müntəzəm olaraq dərc olunubdu. Nəhayət,  1998-ci ildə «Zaman yaşatmağa qadir deyilsə» adlı kitabını oxucularına ərməğan edir. Sonrakı illərdə «Əldə gül, dildə tikan» (2009), «Yazdım-yazmadım» (2014) adlı kitablarıyla oxucularının görüşünə gəlir və onların sevimli şairinə çevrilir. 

 

Naxçıvan... qədim, ulu Vətən torpağı

 

Zeynalabdin Novruzoğlunun yaradıcılığında lirik, fəlsəfi, satirik, ictimai-siyasi, didaktik əsərlər əsas yeri tutur. Odlar Yurdu Azərbaycana, onun qədim və ayrılmaz parçası Naxçıvan elinə, ana təbiətə sonsuz sevgi, vurğunluq, illər boyu düşmən tapdağında inildəyən müqəddəs torpaqlarımıza azadlıq arzuları, bir müəllim kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, yaşlılara, gənclərə, uşaqlara hörmət, əsil dostluğa sədaqət, cəmiyyətdəki cahil fərdlərin və neqativ halların təndiqi, incə yumor onun yaradıcılığının ana xəttini təşkil edir. Yaradıcılığı boyu bu ənənələrə sadiq qalır. 

«Naxçıvan… Azərbaycanın» cənubuna bitişik, şimalından yad nəfəsilə ayrılmış qədim ulu Vətən torpağı! Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi abidələrin, böyük sənətkar, alim övladların öz yerində! Sənin yenə də ümidin – Vətən eşqini bayraq-bayraq başı üstə qaldıran qaynaq təbiətli, narahat ürəkli, ayıq-sayıq oğullarındı. Sənə tərəf çoxdan boylanan, indicə yumruğuna dirənən yağı dişləri qıcana-qıcana qalıb. Sən gərildikcə, çıxıldıqda qranit yumruğa dönmüş Odlar torpağısan. 

Sən ön mövqelərdəsən, Qarabağdan sonra ön cərgədəsən. Sıxılılb yığılmış yumruq kimi! Bu gün ulu abidələrin də, sənətkar, alim övladların da,  dadlı-duzlu, bərəkətli cövhərli topağın da, cavan şairlərin və onuların sözlərinə söykək, nisbətən sinli, təcrübəli qələmdaşların  da bir yumruğun içindədir...» 

Bu müqəddəs torpaq şair Zeynalabdin Novruzoğlunun qəlbini riqqətə gətirmiş, öz şeirlərində məhəbbətlə tərənnüm etmişdir. 

«Gələn görər Naxçıvanda», «Naxçıvan», «Batabatda», Hacı Qadir», «Sahibinə qaytarırsan» kimi şeirlərdə yaşı qədim, günü-gündən gözəlləşən, müqəddəs torpağı və onun tanınmış övladlarını tərənnüm edir.

Bu torpaq qan çəkən olub,

Düşmən qanı tökən olub,

Mərdlər qanından yoğrulub,

Gələn görər Naxçıvanda.

 

Dədə Qorqud oylağıdı,

Qazan xanın yaylağıdı,

Qədim Oğuz toppağıdı,

Gələn görər Naxçıvanda.

(«Gələn görər Naxçıvanda»)

 

Göbələklərə qurd düşmədi…

 

«Axı qurd düşəcək göbələklərə» şeiri şair düşüncəsinin övlad narahatlığının məhsuludur. Çox ustalıqla doğulduğu kəndin misilsiz mənzərəsini şair canlı tablolarda  yaratmışdır. Bu şeirdə «Evimin bir yanı daş karxanası, bir yanı iki çayın arası», «Kəkotu qarışıb çöl nanəsinə», «Nərgiz örpəyini başından atıb» kimi misralar bu yerin Xok kəndi olduğundan xəbər verir:

Çobanyastıdığı o ağ çiçəklər,

Həm də at yoncası örtüb torpağı.

Əmənköməncidi o düyməciklər,

Bu turşəng, əvəlik, quzuqulağı.

 

Hər otun, çayırın kökü dərində,

Min illər yol gəlib, bizə çatıbdı.

Yaxşı ki, dayanıb həmin bu yerdə,

Mənim həyətimdə məskən salıbdı.

 

Öz daxması, yaşıl talasıyla öyünən və bu doğma torpağın hər bir nemətini əzizləyən yazar Zeynalabdin Novruzoğlu üçün ata ocağı əzizdir, onu ən dəbdəbəli evlərə dəyişmək əvəzedilməzdi:

Bu kiçik daxmanı, yaşıl talanı,

Vermərəm çıl-çılaq göydələnlərə.

Tamahım aldatsa, versəm onları,

 Axı qurd düşəcək göbələklərə.

Göbələklər insan nəfəsi duymayanda, gözdən, nəzərdən uzaq qalanda, vaxtında dərilməyəndə onlara qurd düşür və məhv olurlar. Şair Zeynalabdin Novruzoğlu da çox istəyirdi ki, el-oba boş qalmasın, heç kim öz ev-eşiyini tərk etməsin. İnsanlar kimi təbiətin bütün nemətlərinin ən böyük bəlası, məhv olması tək qalmaqdı, unudulmaqdı. Məhz ona görə də o, ədəbi plaraq ata yurdunu seçdi, burada yaşadı, yaratdı, göbələklərə qurd düşməsinə imkan vermədi. 

Təzadlı misralar: «Ucuz ölüm axtarırsan», Təkcə mərdlər satılmır...

Həyatda Zeynalabdini üzbəüz tanıyanlar, şeir və publisistik yazıları ilə qiyabi tanıyanlar bilirlər ki, o, həmişə düz işin, düz sözün, həqiqətin, xeyirxahlığın tərəfdarıdır. İnsanlarla daimi təmasda olmayan, özünü hər söhbətə qatmayan bu şairin qəlbi uşaq qəlbi kimi təmizdir, sözünü ox kimi atır, ox da öz sahibinin ürəyinə sancılır. «Ucuz ölüm axtarırsan» şeiri dediklərimizə nümunə ola bilər. Həyatın qanunudur: dünyaya bir gün gələn, dünyadan bir gün köçəcəkdir. Əbədi həyat yoxdur. İnsanı həyatdan aparan ölümsə qiymətli və qiymətsiz olur. Qiymətli ölüm mərd adamlara, torpağını sevənlərə, özünə ürəklərdə yer edənlərə qismət olur: 

Dağlardan ağır ölümlər var,

Qanı torpaq qiymətinə.

Qızılquş tək qəfil qonar,

Mərd oğlun qamətinə.

 

Ölən şəhid, qalan qazi!

Budur ölüm, budur həyat.

Onlar haqdan alıb dərsi,

Sənə qismət deyil, heyhat!

(«Ucuz ölüm axtarırsan») 

Ucuz ölüm axtaranları isə, şair çox haqlı olaraq utandırır və belə ölüm üçün onları qınayır:

Ucuz ölüm axtarırsan,

İnamın yoxdur sabaha.

Daş atırsan, baş yarırsan,

Ölümlər var baha, baha.

 

Ucuz ölüm axtarırsan,

Axtar döngədə, talanda.

Axtarıb bir gün taparsan,

Ölümlər ucuz olanda!

Və Zeynalabdin Novruzoğlunun «Təkcə mərdlər satılmır» şeiri «Ucuz ölüm axtarırsan» şeiri ilə həm mənaca, həm səslənməsinə görə təzad təşkil edir. Min ildi modda olan yalanı yenə hamı danışır… Hamı – alan da, satan da… Çox yalanlar deyilsə də, yerli-yersiz «xərclənsə də» qurtarmır ki, yalan qurtarmır:

Dünyanı yesək, yenə,

Doymayacaq gözümüz.

Min yalan desək yenə,

Var deməyə sözümüz.

Şeir sox nikbin hislərlə bitir. Bunu müəllifin gəldiyi qənaətin ən uca və parlaq zirvəsi saymaq olar:

Çox yol gedir məzara,

Amma düz yol tapılmır.

Dünya dönüb bazara,

Təkcə mərdlər satılmır!

«Bu dünya bir yaşıl yarpağa dəyməz», «Sonda mat gəlir burdan», «Getməyə yol yoxdur», «Gəl dil tap beləsiylə», «İnama dönmək olar», «Çılpılmağa daş gəzirəm», «Mənim ömrüm mənə sahib çıxmadı» kimi şeirlərində Zeynalabdin Novruzoğlu həyatdakı tarazsızlığa, qayda-qanunsuzluğa, haqqın, ədalətin tapdalanmasına, dünyanın «bir yaşıl yarpağa dəyməz»liyi qənaətinə gəlir:

Yaşıl bir talada ixtiyar qoca,

Baxar zirvələrə, heç nəyi görməz.

Bir ömür yaşadı zirvədən uca,

Bu dünya bir yaşıl yarpağa dəyməz.

(«Bu dünya bir yaşıl yarpağa dəyməz»)

Təbiəti qəlbən sevən, onun rəngarəng dünyasının vurğunu olan, dağından, dərəsindən ilham alan, nanəsinin, yarpızının dadını heç nəyə dəyişməyən, əzəmətli dağlarıyla, mamırlı qayaları ilə fəxr edən şair üçün hər nemət inci qədər saf və qiymətlidir. Və elə buna görədə təbiəti tərənnüm edən şeirləri canı qədər sevən, onu poetikcəsinə tərənnüm edən Vətən oğlunun müşahidəsidir:

Dağlara dolaşan ilan köynəyi,

Bu çayın axarı xoşuma gəlir.

Nanəli, yarpızlı çoban dürməyi,

Bu çayın axarı xoşuma gəlir. 

 

…Yol gedir durmadan gecə-gündüzlü, 

Bir az pərişandı, bir az hüzünlü.

Mamırlı dağlara sürtüb üzünü,

Bu çayın axarı xoşuma gəlir. 

(«Bu çayın axarı xoşuma gəlir»)

Şair Zeynalabdin Novruzoğlunun «Dəftərə çək» şeirində bu yerlərin insana   qanad verib uçmağa səsləyən dağ havası, mavi səmanın insanı saf və təmiz qoynuna səsləməsi, baldırğanın, kəklikotunun, yalda, yamacdakı lalə, nərgizin gözəlliklərini yamyaşıl ormanda düşüncəyə dalaraq «dəftərə çək»ir: 

Burda baldırğanın yeri başqadı,

Kəklikotu mürgülüdü, daşdadı,

Lalə, nərgiz yaldadı-yamacdadı,

Orman da təklənib, şair də təkdi,

Qələm mənzərəni dəftərə çəkdi.

(«Dəftərə çəkdi») 

 

Öz elinin, obasıın vurğunu olan qələm sahibi bu misraları yaza bilər və təbii gözəlliyin tablosunu yarada bilər. 

Zeynalabdin Novruzoğlunun yaradıcılığı qeyd etdiyimiz kimi çox şaxəli və rəngarəngdir. O, yalnız lirik şeirlər yazmaqla kifayətlənmir. Çoxmənalı və düşündürücü təmsimllərin, bayatıların, ikiliklrin, kiçik həcmli məqalələrin müəlliffidir.

Təmsillər. Şair təmsillərini qısa və mənalı yazır. Atdığı oxları hədəfə dəyir. «Çaqqalın mahnısı» təmsilində deyir.

Şir qəfəsdə saxlanır,

Qurdun ağzı bağlanır,

«Dərə xəlvət tülkü bəy»

Çaqqal yeyib yallanır.

«Tülküdən» təmsili cəmi üç qısa misradan ibarət olasa da, fikir bütövlüklə tamamlanır:

Şir qorxmurdu güclüdən,

Hərdən xoflanırdı o,

Şələquyruq tülküdən

 

Hər iki təmsildə dünya şirlərin yox, yaltaq, hiyləgər, oğru, çaqqal və tülkülərin dövranı olmasına işarə vurulur.

İkiliklər. Zeynalabdin Novruzoğlunun «İkilikaləri» bir növ aforizmlər kimi səslənir və mənalanır. Həyatda duyduğu, müşahidə etdiyi hadisələrə müdrikcəsinə yanaşır, cəmi iki misra ilə oxucusuna ərmağan edir: 

Həyatın sonunu düşünməyən kəs,

Mənalı bir ömür yaşaya bilməz.

***

Bu torpaq son səngər, sonuncu qala,

Kaş ki, şəhid kimi sasrılam ona.

***    

Yerə qan düşməsə, lalə göyərməz,

Göyərməsə, torpaq dərdə dözəmməz.

 

Bu kimi ikiliklərin sayını artırmaq da olar. Ancaq yüzə qədər olan bu «İkilikləri» oxumağı, məna çıxarmağı hörmətli oxucuların öhdəsinə buraxırıq.  

Qeyd etdiyim kimi Zeynalabdin Novruzoğlunun doğulub boya-başa çatdığı, ömrünün bütövü bu kənddə yaşaması Xok kəndi öz qədimliyi iilə seçilir. Bu kənddə uzunömürlü ağsaqqallar və ağbirsçəklər yaşayır və onların hər birinin köksündə el-oba deyimləri, şifahi xalq ədəbiyyatının nümunələri ilə zəngindir. Belə bir dünyada boy atan Zeynalabdinin də xalqı söz ədəbiyyatına marağı böyü olmuş və şeir yaradıcılığında şifahi xalq ədəbiyyatının janrlarından istifadə etmişdir.

Bayatılar. Onun yazmış olduğu bayatılar öz orjinallığı ilə seçilir. Onun «dərdə»  xitabən yazdığı bayatılarda «dərdə» məhvumu bir neçə  mənada təqdim olunur:

Əzizim dərdə sarı,

Dərd çəkər dərdə sarı.

Dərdə dərman axtarma,

Dərdi kəs dərdə sarı.

 

Əksər yazarlarda olduğu kimi Zeynalabdin Novruzoğlunun da yaradıcılığında «Araz bayatıları» silsiləsində yazdığı bayatılar yer tutur. Bu bayatılar bədnam «Gülüstan» müqaviləsinin 200 illiyinə həsr edilmişdir. 

Demə, Araz yaşayır,

Qəm yuxudu daşıyır,

İki yüz ildi Araz

Yaramızı qaşıyır.

 

Vallah, onda günah yox,

Yaralıdı, dəyib ox.

Mərdi namərd təkləyib,

Aaraz təkdi, namərd çox!

Uşaq şeirləri. …Körpə gəlişi hər bir ailəyə xoşbəxtlik bəxş edir. Ürəkdə nur, dodaqlarda təbəssümə dönür körpə gülüşü. Xoş bir mahnı kimi qəlblbəri ovsunlayır körpə qığıltısı…

Günlərin birində bu körpələrin dilindən nəğmə eşidəndə, şeirlər dinləyəndə fərəhdən yerə-göyə sığmırıq. Onları bizə sevdirən həm də söylədikləri şeirlərdir. Uşaqların dilinə yatan, qəlblərinə yol tapan şeirlərin müəlliflərindən biri də Zeynalabdin Novruzoğludur. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Qənbərovanın «Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü» monoqrafiyasında Zeynalabdin Novruzoğlunun uşaqlar üçün yazdığı şeir və poemalar haqqında geniş məlumat verilir. 

«Zeynalabdin Novruzoğlu poetik dünyasında uşaqları da unutmamış, onlar üçün biri-birindən maraqlı şeirlər ərsəyə gətirmişdir. Həcmcə kiçik olan «Qoca və çörəksatan» poemasında müəllif uşaqlara yüksək əxlaqi dəyərlər aşılayır. Onları qocalara, ahıl insanlara, qayğıkeş rəftar etməyə çağırır, valideynlərinə qarşı məsuliyyətli olmaq anlayışını formalaşdırır. Poemanın ildeyası uşaqların mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşdırılmasına kökləndiyindən tədqirəlayiq hesab edirik» (G.Qənbərova: «Azərbaycan uşaq ədəbiyyastının təşkili», Bakı, 2023, səh.153-154).

Zeynalabdinin uşaq şeirlərinin əksəriyyəti həcmcə qısa, mənaca genişdir. Bu mənalı şeirlər uşaqlara maraqlı gəlir, tez və asan yolla yaddaşlarda həkk olunurlar:

Bulaq bilmədi niyə,

Bağlanıbdı torpağa.

Amma su paylayırdı,

Lalə, nərgiz, zanbağa.

(«Bulaq»)

Və ya: 

Bu gül tez üşüyəndi,

Küsəndi, büzüşəndi.

Qalıb daşın altında,

Bəlkə bəndə düşəndi.

(«Bəlkə bəndə düşəndi»)

Məqalələr. Zeynalabdin Novruzoğlunun «Məqalələr»i ilə keçən əsrin 90-cı illərindən tanışam. Artıq SSRİ-deyilən nəhəng, dövlətin bütün stunları laxlamış, ölkədə hərci-mərclik baş alıb gedirdi. Bu vəziyyət mətbuat sahəsinə də yol tapmış, bir sıra qəzetlər fəaliyyətlərini dayandırmış, bir çox qəzetlər isə yeni nəşrə başlamışdılar. Yeni nəşrə başlayan, öz dövrü ilə razılaşmayan qəzetlərdən biri də Naxçıvan şəhərində dərc olunan «Ağrıdağ» idi.  Bu qəzetin səhifələrində həcmcə kiçik, ancaq dövrünü kəskin tənqid dən məqalələrə çox yer verilirdi. Bu döyüşən yazıların müəlliflərindən biri də Zeynalabdin Novruzoğlu adlı müəllif idi. O illərdə bu mövzulu yazıları yazmaq, sonunda açıq-aydın imzanı qoymaq, yazılma tarixini göstərmək və dərc elətdirmək qələm sahibindən cəsarət tələb edirdi. 15 aprel 1992-ci il tarixli «Ağrıdağ» qəzetində dərc olunmuş «Hansısa seçim» məqaləsini gəlin birlikdə oxuyaq: Şeytan deyir, bir partiya da sən yarat, adını da qoy «Xalqım, sənə qurban olum» partiyası. Ancaq bir neçə faktor qabağımı kəsir. Əvvəla «xalqa qurban olum» – deyənlər çoxdur. Qorxuram mənə növbə çatmasın. İkinci baxıb görürəm ki, partiyalar çoxaldıqca ona tərs mütanasib olaraq azalır. Üçüncüsü də ehtiyat edirəm ki, totalitarizmə, bürokratiyaya qarşı mübarizənin şıdırğı vaxtı bir nəfər xəlvətə salıb qulağıma deyər ki, bəs filan vəzifəni götür, meydandan çəkil və mən də suyulam.

Düzdür, hər yetənə vəzifə bağışlamırlar. Gərək lap yuxarıları, lap yüksək səviyyədə ya tərif, ya da tənqid etməyi bacarasan. Birincilərə vəzifə zəhməthaqqı, ikincilərə, isə rüşvət formasında verilir. Hər iki halda uduzan olmur. İndi bimirəm bu iki taktikanın hansını seçim.»

«Azadlıq» qəzetinin 22 sentyabr 1990-cı il tarixli 13-cü sayında «Slava KPSS»?!, «Ağrıdağ» qəzetinin 6 may 1992-ci il tarixli sayında «Demokrat Dadaş», «Azərbaycan» qəzetinin 28 iyun 1991-ci il tarixli 26-cı sayında «Qızıl balıq», «Ağrıdağ» qəzetinin 1 yanvar 1992-ci il tarixli sayındakı «Köhnə parçadan təzə Kerka» və s. məqalələrində Zeynalabdin Novruzoğlu dövrün özbaşınalığını kəskin tənqid edir, yaltaqlığı, ikiüzlülüyü yumor diliylə ön plana çəkir.

Zeynalabdin Novruzoğlunu şəxsən tanımasalar da, onu şeirlərindən tanıyanlar çoxdur. Xalq şairi Bəxtiyar Vahabzadə, akademik İsa Həbibbəyli, Telli Pənahqızı, Hüseyn Razi, Hüseyn İbrahimov, Asim Yadigar, Əli bəy Xələfli, Budaq Təhməz, Məmməd Tahir və başqaları onun   yaradıcılığı haqqında yüksək fikirlər söyləmişlər. Mən də öz yaradıcılığı ilə «Zirvədən uca ömür yaşayan» şair Zeynalabdin Novruzoğluya yaradıcılıq uğurları arzulayır,  haqqında şair-publisist Məmməd Tahirin dediyi fikirlərlə öz yazımı tamamlayıram:  

«Mənim üçün doğulduğum kənd öz dağı-dərəsi, çölü-düzü ilə qiymətli olduğu qədər, doğru-dürüst insanları ilə də bir o qədər qiymətlidir. Belə insanları xatırlayanda, əlbəttə, birinci növbədə şair Zeynalabdin Novruzoğlu yada düşür. Zeynalabdin müəllim öz ədəbi yaradıcılığı ilə bu gün bütöv Azərbaycanda tanınır. Onun şeirləri bədii tutumu, poetik gücü ilə oxucusunu öz arxasınca apara bilir. Onun şeirlərində ana torpağa məhəbbət, el-obaya sevgi hissi çox güclüdü. Şair hansı mövzuya üz tutsa belə, yenə də vətən sevgisi özünü hiss etdirir. Həm ciddi, həm də satirik şeirlərində şair qarşıya qoyduğu məqsədə nail ola bilir. 

Zeynalabdin müəllimlə həm də yaradıcılıq əlaqələrimiz var. O, mənim üçün bir dost kimi də çox qiymətlidir».

İbrahim Yusifoğlu 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat 

İnstitutunun əməkdaşı, Prezident təqaüdçüsü 




Ana səhifəyə qayıt        Baxış: 4 865          Tarix: 17-04-2024, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma