İKİ XORUZ HAQQINDA HEKAYƏ-NAĞIL
Başlığa görə təəccüblənməyin; hekayə-nağıl... Yazdığım əhvalatın adını bilərəkdən belə qoymuşam. Çünki bu yazıda hər iki janrın əlamətləri var.
... Neçə vaxt idi ki, toyuq-cücələr xoruzsuz qalmışdılar-toyuqlar bikar arvadlar kimi hay-küy salırdılar, bir-biri ilə heç nədən dalaşırdılar; yazıq cücələr də qalmışdılar arada. Kim idi onlara analıq edən, qayğı göstərən? Hər toyuq özünü anadan çox özü ilə oynayan bir “xanım” kimi aparırdı; lap televiziya kanallarından çıxmayan sırtıq müğənnilərə dönmüşdülər... Düşündüm ki, yəqin xoruzsuzluqdandır, “kişi” zəhmi olmadığlndan belə edirlər...
...Bazardan iki xoruz alıb gətirib buraxdım toyuq-cücələrin yanına... Bir-iki saata“ toyuq icması”nda hər şey dəyişdi: əvvəlki özbaşınalıqdan əsər-əlamət qalmadı; toyuqlar öz işlərində oldular-torpaqda eşələndilər, hində içinə ot döşənmiş qutularda yayxanəb yumurtladılar, bəziləri də qutuların ətrafına dolanaraq yumurtlamaq üçün növbə gözlədilər. Qəşəng, yaraşıqlı fərələr isə xoruzların yan-yörəsində gəzişdilər, onların sevgisini qazanmağa çalışdılar. Cücələr də qayğıdan kənarda qalmadılar; üşüyənlər analarının qanadlarının altına təpildilər, ərköyün olanlar isə tullanıb analarının kürəyində oturdular...
“Toyuq icması”nda dinc, sakit bir həyat bərpa olundu. Amma bu dincliyin, sakitliyin ömrü uzun sürmədi; xoruzlardan biri hikkəli çıxdı, o biri xoruzu toyuqlara qısqandı, onu amansızcasına döydü. Düşündüm ki, keçib gedər, barışarlar. Lakin hikkəli xoruz barışana oxşamırdı; günü-gündən qəddarlaşırdı.
O biri xoruz üçün əzablı günlər başladı... İş o yerə çatdı ki, hikkəli xoruz o biri xoruzun hindən çölə çıxmasına imkan vermədi. Bu azmış kimi o biri toyuqlar onun yanına gedəndə hücum edib onları qovdu.
Yazıq tək-tənha qalmışdı. Bir anda tənhalığa məhkum edilmiş günahsız bir insan gözlərimin qarşısında canlandı. İşgəncəyə məruz qalan xoruzu dərhal iddialı xoruzun zülmündən azad etdim. Necə? Deyim necə; iddialı xoruzun başını iti, çox iti bıçaqla kəsdim; üzünü nə qibləyə tərəf çevirdim, nə də “bismillah” dedim. Ölüsünü isə yolun kənarında qoyulmuş zibil qutusuna tulladım.
Və rahatca nəfəs aldım. Özümü qəhrəman kimi hiss edirdim; axı mən bir “zülmkar”ı yer üzündən yox etmişdim.
Elə o gündən-əzazil xoruz cəzasına çatdıqdan sonra “toyuq icması”nda dinc, sakit bir həyat başlandı...
14.05.2024
.
TOY SƏSİ
(HEKAYƏ)
Neçə gün idi ki, toy səsi qocanın qulağından getmirdi; bu səs bütün günü olmurdu. Səhər tezdən- yuxudan oyananda başlayırdı. Qəribə bir musiqiydi; müğənninin, tarın, kamançanın, klarnetin səsi qarışmışdı bir-birinə. Nağaranın ara verməyən guppultusu daha çox seçilirdi: sanki ürək idi aramsız döyünürdü. Ona elə gəldi ki, “Eşqin göylərində uçan bir quşam” mahnısı oxunur və çalınır ... Hara gedirdi, bu musiqiyə bənzər oxumaq və çalmaq onu izləyirdi...
Bu gün də səhər yuxudan oyananda həmin musiqi və nəğmə qulaqlarında səsləndi. Qalxıb çarpayının üstündə oturdu. Toy səsini dinlədi. Bu dəfə bu qarmaqarışıq səslər aydınlaşmağa başladı; tarın,kamançanın, klarnetin, nağaranın səsi olduğu kimi eşidildi. Müğənninin səsi onları üstələdi:- Eşqin göylərində uçan bir quşam, O şən baxışlara heyran olmuşam...
Musiqi, müğənninin səsi ona doğma, lap doğma gəldi. Bu səsləri... Xatırlamağa başladı... Qəfil səsdən diksindi:-Bəy oynasın, bəy oynasın! Bəy oynasa, ucuzluq olar!- Onu çağırırdılar; bəyi! Mağardakılar əl şalırdılar... Qoca “gəldim” dedi. Dolabdakı təzə paltarlarını tələm-tələsik əyninə təpişdirməyə başladı. Yenə bayaqkı səs onun qulağında cingildədi: -Bəy oynasın!
Qoca “gəldim” deyib özünü çölə atdı, evin qabağındakı səliqə ilə tökülmüş beton meydançada qol götürüb cavanlıq şövqüylə süzməyə başladı. Qulaqlarında səslənən mahnıya və musiqiyə o qədər aludə olmuşdu ki, qızlarının, oğlunun, kürəkənlərinin, gəlinin və nəvələrinin gəlmələrindən xəbər tutmadı. O süzməyindəydi; qol-qanadı- törəmələri ona təəccüb və heyranlıqla baxmağındaydılar. Qoca birdən onları gördü; quş kimi onlara tərəf şığıdı. -Oynayın, oynayın! Bəs niyə oynamırsız?! Toyumdu axı. -Qol-qanad, törəmələr onun sözünü sındırmadılar. Əl götürüb oynamağa başladılar. Böyük qızı anasının nə vaxtsa dediyi sözləri qəfildən xatırladı, oynamağını saxladı.- Atan ilə mənim toyum iyun ayında olub. -Ayın neçəsində olmağını xatırlaya bilmədi. Birdən yadına düşdü.- On yeddisində! On yeddisində ata ilə ananın toyu olub.-dedi. Bu sözü elə ucadan dedi ki, hamı dönüb ona baxdı. Qoca da ona baxdı və oynaya-oynaya gəlib böyük qızının alnından öpdü. -Düz deyirsən, mənim balam. Düz deyirsən.
Hamı qocaya qoşulub oynayırdı. Daha heç kəs təəccüblənmirdi. Axı bu gün iyun ayının on yeddisi idi...
“Toy” get-gedə qızışır, səngimək bilmirdi.
Oynayanların arasında təkcə “gəlin”yox idi. Bu “yoxluq” açıq-aydın hiss olunurdu...
17.06.2024.
Paylaş: