Xəbər lenti


Bu gün Milli Mətbuat günüdür. Bu münasibətlə bir çox jirnalist, qələm adamı dövlətimiz tərəfindən müxtəlif fəxri adlara layiq görülüb. Onlardan biri də Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərovdur. Ovqat.com olaraq biz də "Tərəqqi" medalına layiq görülən, 70 yaşını bu gün tamam edən dostumuzu təbrik edir, onun həyat və yaradıcılığından bəhs edən aşağıdakı yazını siz oxucularımıza təqdim edirik.

-Naxçıvan mətbuatında fəliyyətim. İlk qələm təcrübələri,çətinliklər

   Hələ uşaqlıq illərində gələcəkdə diplomat olmağı, xarici ölkələrdə yaşayıb fəaliyyət göstərməyi arzulayırdım. Lakin elə həmin illərdə baxdığım “Fantomas” filmi bütün planlarımı alt-üst elədi. 

 Kənd klubunda nümayiş etdirilən filmdən sonra hərə bir maska taxıb Fantomas olmuşdu. Təkcə məndən başqa. Çünki mən jurnalist Fandoru bəyənmişdim. Film boyu macəra, sərgüzəşt, sevgi, məhəbbət dolu jurnalist həyatı, qəzetlər, redaksiyalar. Bu aləmin sehrinə düşərək gələcəkdə jurnalist olmağa qərar verdim. Bu illərdə Cəlil Məmmədquluzadə yaradıcılığına maraq, xüsusən “ Molla Nəsrəddin” jurnalından seçmələrlə tanışlıq qərarımı daha da qüvvətləndirdi.

Arzularıma qovuşmaq üçün “İşıqlı yol” qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur qönçələri” ədəbi birliyinə ayaq açdım. Orada da say-seçmə qələm əhli, müxbirlər, şairlər...

“Nəticə çıxaracaqlarmı?” adlı ilk yazım “Şərq qapısı”qəzetinin 1971-ci il 27 fevral tarixli nömrəsində dərc olunanda inanılmaz bir hadisə baş verdi. Mənim-əl boyda bir uşağın yazısına görə kəndimizdəki Kalinin adına kolxozun dağ boyda sədrinə töhmət elan olundu. O yazıdan sonra kəndin kinomexaniki məndən kino pulu almağa cəsarət eləmədi. 

Beləliklə, jurnalistikanın bir addımlığında idim. Təki yazasan, həm də faktlara əsaslanıb yazasan. Başladım kəndimizdən. Atam kolxozda hesabdar işlədiyindən statistika əlimin altında idi. Bir qalırdı ki, onları yazdığın xəbərdə əridəsən. Redaksiya işçilərinin köməyi ilə bu rəqəmlər qəzetdə “əriməyə” başladı və mən də beləcə, mətbuata qədəm qoydum, bir neçə yazım qəzetdə dərc olundu. Bu, mənim üçün zəruri idi, çünki o zaman jurnalistika fakültəsinə sənəd verəndə qəzetdə çap olunmuş yazılar da istəyirdilər.

Orta məktəbi bitirdiyim il ADU-nun jurnalistika fakültəsinə daxil oldum. Universiteti bitirdikdən sonra “Kirpi” jurnalında işə dəvət olunsam da  təyinatımı  “Şərq qapısı” qəzetinə aldım. 

Qəzetdə ən aşağı işlə əmək fəaliyyətinə başlayanacan aylar keçdi. Ali təhsilini əla qiymətlərlə başa vurub təyinat yerinə gələn gənc kadr üçün qəzetdə yer yox idi. Vilayət partiya komitəsinə dəfələrlə ayaq döyəndən sonra nəhayət korrekturada oxucu ştatına götürdülər. Aldığım əmək haqqı tələbə təqaüdümdən də az idi. Nə arzularla gəlmişdim, nələrə düçar oldum? İlk növbədə yerli fantomasların dədəsinə od vuracaqdım, rüşvətxorluğa, korrupsiyaya qarşı Fandor nümunəsi göstərəcəkdim. Yazmaq, yaratmaq, nəzəri biliklərimi reallığa çevirmək istəyirdim. Amma bürokratiyanın zirehli divarları arzularımı çilik-çilik elədi, maddi ehtiyaclar hələlik Fantoması bir yana qoyub, bərbərdən, suvaqçıdan, suçudan yazıb qonorar almağı tələb edirdi. Müqəddəs qonorar! Onun xətrinə nələr yazmadım? Daha çox sadə əmək adamları-pambıqçı, tütünçü, sağıcı, heyvandar, malabaxan, bənna, dülgər, elektrik və digər sənət sahibləri ilə goruşüb, onların həyat və fəaliyyətini işıqlandırdım. 

“Fandor”un yazdıqlarına baxın: “Briqadalar irəlidə gedirlər”, “Artıqlaması ilə”, “Peşəsinin ustası”, “Beşilliyi üç ildə”, ”Təcrübəli tütünçü”... Şəhərdə haqqında yazmadığım dəllək qalmamışdı. Birini belə tərif eləmişdim: “Ziya dəf oğlandır”. Rubrika yerinə baş barmaq işarəsi qoyulmuşdu. “Dəmir atın belində”... Bu, traktorçu haqqında yazımın sərlövhəsiydi. Yazılarda maşınımız asfalt yolla şütüməli, taxıl zəmiləri külək əsdikcə dəniz kimi dalğalanmalıydı. Qələmə aldığım qəhrəmanların həyatda ən xoş günləri oktyabryat nişanı taxdığı, pioner qalstuku asdığı, komsomol bileti aldığı günlər idi. Bu adamlar mütləq qurultayın qərarlarından Burada gənc kadr kimi üzləşdiyim çətinliklər idarəetmə siteminə qarşı qəlbimdəki nifrət hissini alovlandırdı.  “Heraklın on üçüncü qoçaqlığı” adlı ilk felyetonum həmin nifrətin əyani ifadəsi idi. Məzmun belə idi: Dövrümüzə- Naxçıvana gəlib çıxan Herakl arayış almaq üçün onlarla sənəd toplamalı olur. Hər halı ilə xəstəhal, sinəsi bəlğəmdən xışıldayan göyöskürəkli müdir təkidlə ondan sağlamlıq haqqında kağız istəyir. 

Bu mövzu digər yazılarımda da tez-tez öz əksini tapırdı. “İşıqlı yol” qəzetində çap olunmuş “Get sabah gəl” adlı felyetonda (31.12.78) rəis müavini şikayətçini əmin edir ki, beton çiçək açanda gəlib lahiyəni apara bilər. Müavindən daha bürokrat olan rəis onu danlayır ki, nahaq belə vaxt qoydun. Həmin beton bizim idarənin məhsuludur, keyfiyyətinə təminat yoxdur, bir də gördün ki, yazda ot-ələf dəlmə-deşiklərdən baş qaldırıb, hələ desən, çiçək də açıb. Onlar da buyurub gələcəklər lahiyənin dalınca. Haradan tapıb verəcəyik, hə? Odur ki, deyərdin ki, get sabah gəl! Çünki nə qədər ki, dünya var, bir o qədər də sabah var.

“Əzrail və bürokrat” səhnəciyində rəis onun canını almağa gələn Əzraildən sənəd, yaşayış yerindən arayış istəyir. İnanmır ki, belə məsul vəzifədə çalışan mələk cır-cındır geyinə:

Bürokrat – Heç bu üst-başınan Əzrail olar? Gündə minlərlə can alır, geyim-keçiminə bax. Aldığı canlardan çox demirəm, bir-ikisinin cibinə əl gəzdirsə, padşahlar kimi geyinib-keçinər, qalstuk taxar, sinəsinə nişan vurar. 

Əzrail – Səhv edirsiniz. Mən heç vaxt vəzifəmdən sui-istifadə edib ölü soymamışam. Vicdanlı olduğum üçün belə lütəm. 

Bürokrat – Cənab lüt! Barı dokumentin-zadın var? Göndəriş vərəqən?

Əzrail- ( Üst-başını axtarır) – Budur ey, bu da knişkam: Verilir Əzrailə, ondan ötrü ki... Kərəminə qurban olduğum verib ey, şəxsən.

Bürokrat - Yaxşı oxunmur, dərkənar da yoxdur. Təliqə?

Əzrail- O hardan çıxdı?

      Bürokrat – Yaxşı, onsuz da ötüşərik, biz bürokrat deyilik ki, amma iş yerindən arayış hökmən lazımdır.

Əzrail- Varımdı, budu ey, verilir Əzrailə, ondan ötəri ki, o, həqiqətən nə yerdə yaşayır, nə də göydə...

Bürokrat – Balam, sən də gənc kadr deyilsən ki, məskənin olmaya, vallah, deməli sözdü ey, nə yerdə yaşayır, nə göydə? Belə arayışmı olar?

 Xülasə, Bürokrat sənədlərini qaydaya salıncaya qədər bu tərəflərə üzükməyəcəyi barədə Əzrailə imza atdırır. O, gedəndən sonra katibə daxil olur:

Katibə- Yoldaş müdir, yeni il - 1988-ci il qəbulunuza düşmək istəyir.

Bürokrat - ( həyəcan içində)- Ay qız, qapıları bağla, pəncərələri də bərkit, buraxma gəlsin. (“İşıqlı yol”, yanvar 1988 ) 

 Ciddi yazılar, araşdırmalar üçün gənc kadrlara o qədər də etibar edilmirdi. Bir dəfə pamflet yazdım, dərc olunmaması bir tərəfə, adıma “pamflet” ayaması yapışdırdılar. 

Xülasə, bu minvalla qəzetdə bir il “çtes” işlədim, dedilər ki, perspektivin var, özünü belə aparsan, üstəlik alman dilini də öyrənsən, on ildən sonra müxbir ştatına verərik. Hələ də anlaya bilmirəm ki, alman dilini niyə öyrənməliydim. Gördüm bu minvalla otuz-qırx il də işləməliyəm ki, nəhayət müxbir ştatına keçəm. Təcrübəli əməkdaşlardan birinin tövsiyəsi ilə vilayət partiya komitəsinə şikayət ərizəsi yazdım. Qeyd elədim ki, yaxşı toxum münbit torpaqda göyərər. Bir şərtnən ki, vaxtlı-vaxtında suvarasan, becərmə işlərini aqrotexniki qaydalara uyğun aparasan. Gənc kadr da elədir, gərək ona lazımi qayğı göstərəsən ki, bəhrəsini də görəsən.

Məktubda daha sonra gənc kadr kimi mənə qayğı göstərilmədiyindən şikayət yazmışdım. 

İki ay sonra Naxçıvan toxumçuluq birliyindən məktub gəldi. Yüksək reproduksiyalı toxumun əhəmiyyəti barədə rəyimi nəzərə alaraq gələcəkdə praktikada tətbiq edəcəklərini yazmışdılar.

Görünür, yuxarı təşkilatda ərizənin yalnız birinci cümləsini oxuyaraq onun toxumçuluq təsərrüfatına aid olduğunu düşünüblər və icra üçün ora göndəriblər.

Uzun çək-çevirdən sonra teleradio verilişləri komitəsinə gəldim, orada da ən aşağı iş və yenə görünməyən perspektiv.

Nə etməli, yenidən Bakıya dönümmü? Yox, artıq gec idi, ailə həyatı qurduqdan sonra Bakı əlçatmaz idi. Əlimi yerdən-göydən üzüb talenin hökmünə boyun əyməli oldum.

 

          “Şərq qapısı” nın  inkişaf mərhələləri

Sonralar həyat yolum müxtəlif ünvanlardan keçsə də, ilk əmək fəaliyyətinə başladığım “Şərq qapısı” mənim üçün həmişə əziz və doğma olub. Azərbaycan mətbuatı tarixində “Şərq qapısı” qəzetinin mühüm rolu və böyük xidmətləri vardır. Məsuliyyətli və şərəfli yol keçmiş “Şərq qapısı” qəzeti Azərbaycanın ayrılmaz hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikasında çap olunan və ölkə miqyasında qəbul edilən önəmli mətbuat orqanıdır. 

Qəzetlə əməkdaşlığım  XX əsrin yetmişinci illərindən  başladığından onun sonrakı inkişaf mərhələlərinin şahidiyəm.  Məhz həmin illərdən “Şərq qapısı” qəzetinin həyatında yeni tarixi dövr başlanmışdır. Görkəmli dövlət və siyasət xadimi, ümummilli lider Heydər Əliyevin qısa müddətdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları səviyyəsinə çatdırması və milli-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirməsi mətbuatda gedən milliləşmə prosesinə də öz təsirini göstərmişdir. Bu dövrdə, bütövlükdə, Azərbaycan mətbuatında, o cümlədən də “Şərq qapısı” qəzetində Azərbaycan tarixi, Naxçıvanın keçmişi, çoxəsrlik ənənələrin və milli mədəniyyətin təbliği ilə əlaqədar məsələlərin işıqlandırılması zamanın əsas sifarişinə çevrilmişdir. 

       Muxtar Respublikanın mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin adı və mövqeyi regional funksiyaları deyil, böyük strateji mənaları ifadə etdiyi üçün sovet dövlətinin ən yüksək dairələrini düşündürməli olmuşdur. Ona görə də sovet hökumətinin bəhanə xarakterli qərarına əsasən “Şərq qapısı” qəzeti 30 oktyabr 1979-cu ildən “Sovet Naxçıvanı” adı ilə hər iki dildə nəşrini davam etdirməli olmuşdur. Adının dəyişməsinə baxmayaraq, qəzetin yaradıcı kollektivi “Şərq qapısı”nın ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişdir. Rus dilində çıxan “Sovetskaya Naxiçevan” qəzetindən isə yalnız ideoloji tribuna kimi yox, həm də Muxtar Respublikanın daha geniş miqyasda tanıdılması üçün istifadə edilmişdir. Yerli ziyalıların səyləri ilə nəhayət 1989-cu ildə “Şərq qapısı” adı yenidən bərpa olunmuşdur. “Şərq qapısı” qəzetinin nəşri tarixində 1990-cı ildə daha bir tarixi addım atılmışdır. Yaxın tariximizdən məlum olduğu kimi, 19 yanvar 1990- cu ildə SSRİ dövlətinin dəstəyi ilə Ermənistan SSR Naxçıvan muxtar Respublikasını işğal etmək məqsədilə Muxtar respublikanın ərazilərinə genişmiqyaslı hərbi hücumlar təşkil etmişdir. Sovet dövlətinin rəhbərliyindən heç bir dəstək ala bilməyən yerli əhalinin tələbi ilə 20 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti həm də Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nın tərkibindən çıxması haqqında qərar qəbul etmişdir. “Şərq qapısı” qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikanın mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar--fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışı ilə çap olunmuşdur. Bu, təkcə “Şərq qapısı” qəzetinin yox, sovet mətbuatının tarixində nadir hadisədir. 

     Belə hesab edirəm ki, “Şərq qapısı” qəzeti bu gün də Naxçıvan Muxtar Respublikasının canlı sözüdür. “Şərq qapısı”nın sətirlərində Naxçıvan diyarının ritmi döyünür. “Şərq qapısı”nda durmadan inkişaf edən, yeniləşən, müasirləşən günəşli Naxçıvan diyarının bu günü və daha parlaq sabahı aydın şəkildə ifadə olunur. “Şərq qapısı” ideyası və cəlbedici yazıları ilə Naxçıvanın mətbuat səmasında günəş kimi doğan qəzetdir. Bu qəzet onun hər sayını həyəcanla gözləyən insanları ifadə etdiyi mətləblərlə, canlı, təsirli sözü ilə işığa doğru aparır. Naxçıvan diyarının inkişafının bütün mərhələlərini öyrənmək baxımından “Şərq qapısı”ndan mötəbər mənbə tapmaq çətindir. “Şərq qapısı”nın çoxcildlik külliyyatlarında Naxçıvanın taleyini, müqəddəratını, həyat ahəngini, çətinliklərini və uğurlarını yaşadıb nəsildən-nəslə çatdıran sanballı salnamələr yaşayır. “Şərq qapısı” - oxucuları üçün həm də böyük və etibarlı bələdçidir. 

Dünənlə bu günün müqayisəsi, əsas fərqlər

Azərbaycan mətbuatının “Şərq qapısı” jurnalistika məktəbi danılmaz faktdır. Qəzetin müxtəlif dövrlərində fəaliyyəti klassik və müasirliyin vəhdətində əsasında davam etdirilib. Ayrı-ayrı illərdə dərc olunan   klassik mətbuat nümunələri “Şərq qapısı” jurnalistika məktəbinin özünəməxsusluğunu müəyyən edib. Müxtəlif nəsillərdən olan qəzetçilərin birgə işləməsi ilə bərabər, gəncliyin üstünlük qazanması “Şərq qapısı” jurnalistika məktəbinin simasını əks etdirir. Fotoya yaradıcı münasibət, illüstrasiyalarda zamanın gedişatını əks etdirmək marağı da “Şərq qapısı”nda sənətkarlıq səviyyəsindədir. Arabir karikaturalar çap etməsi də “Şərq qapısı”na rəngarənglik gətirib Xüsusən ötən əsrin doxsanıncı illərində dərc edilən tənqidi yazılar öz əhəmiyyətinə görə qiymətləndirilib.

 Həmin illərdə Naxçıvanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə araşdırma aparmışdım. Məlum olmuşdu ki, bu təşkilatlardan bir neçəsi xarici qrantlar hesabına fəaliyyət göstərir və onların sifarişlərini yerinə yetirirlər. Mövzu ilə bağlı qələmə aldığım “Kapitan Qrantın uşaqları” adlı yazım mərkəzi mətbuatda elan olunmuş yaradıcılıq müsabiqəsində min manat mükafata layiq görüləndə öz-özümə pıçıldadım:

Sağ ol, kapitan Qrant! 

Yazıdan sonra həmin təşkilatların fəaliyyətinə xitam verildi. Bu mövzuda yazdığım “Femidanın Naxçıvan mələkləri” adlı məqalə vaxtında çalınan həyəcan zəngi kimi qiymətləndirildi.

       Əsrimizin ilk onilliklərində yeni nəsil jurnalist kadrların yetişməsi “Şərq qapısı”nın möhkəm təməllər üzərində fəaliyyətinə inam yaradırdı. Bu illərdə qəzetin indiki baş redaktoru Sara Əzimovanın kəskin tənqidi yazılarına elə bilirəm ki, bu gün də kəskin ehtiyac var.

      Bəlkə jurnalistlərimizə elə gəlir ki, müasir dövrümüzdə daha nöqsanlar yoxdur, ya məsələn, bürokratiya, süründürməçilik kimi hallara son qoyulub? Xeyr və yenə də xeyir! Bürokratiya sadəcə libasını dəyişib.

           Bu yaxınlarda evimin kanalizasiya problemi yaranmışdı, səki qazılmalı və xətt üç addımlıqdakı kanalizasiya quyusuna birləşdirilməli  idi. Müvafiq idarələrə müracətim heç bir fayda vermədi. Üz tutduğum məmurlar problemi voleybol topu kimi bir-birini üstünə atmaqdan sanki həzz alırdılar. Məsələ bilirsiniz necə həll olundu? Avtotəmir sexində üstü-başı mazutlu bir fəhlə günorta gəlib o xətti kanalizasiyaya qoşdu, nə ərizəyə ehtiyac oldu, nə də dərkənara. Nə katibəyə, nə də qəbul günlərinə. Halbuki yerli təşkilatlar məsələnin həlli üçün mənə Bakıya getməyi, orada müəyyən idarələrə müraciət etməyi məsləhət görürdülər.

 

                                        5-ci və 6-cı  suallara cavab

Mənə hərdən ”yaxşı jurnalist kimdir?”-deyə suallar verirlər. Mənim qənaətimə görə, yaxşı jurnalist ona tapşırılan cari işləri uğurla icra etməklə bərabər, cəmiyyətin inkişafina mane olan neqativ hallara, süründürməçilik və bürokratiyaya qarşı vətəndaş mövqeyi ilə yanaşanlar, eybəcərlikləri ifşa edəndir. Xorda hamı oxuya bilər, solo isə yalnız istedad tələb edir.

 Jurnalistika vətəndaş cəmiyyətinin vacib elementlərindən biridir. Jurnalistika eyni zamanda cəmiyyəti neqativlərdən təmizləyən, eyni zamanda zərərvericiləri sıradan çıxaran, cəmiyyətin sanitarları, istiqamətverici, hərəkətverici insanlar olmalıdırlar.Vicdandan kənar hissləri daşıyan insanın jurnalistikadada yeri yoxdur. Yekəxanalıq, ədəbazlıq, müştəbehlik. Bu cür adamlar da jurnalist deyil. 

Mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi, ən əsası vətənpərvərlik və milli şüuru əsas tutanlar əsil qələm sahibidirlər. Hesab edirəm ki, mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini, cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirdiyini nəzərə alsaq, gənc jurnalistlər müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu işə öz töhfələrini verə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən” Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Naxçıvanda keçirilən “MEDİAFEST-2025-də  də bu məsələlərdən geniş bəhs olundu. Çıxış edənlər jurnalilistika sahəsindəki nəzəri və praktik təcrübələrini bölüşdülər.Müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırdılar. 

                                                   Sonuncu sual

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısi olmaqla cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai-siyasi  və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib. ”Əkinçi” milli ictimai şüurun yuxuya verilmiş xam torpaqlarını şumlayıb, oraya milli varlığımızın münbit toxumlarını səpib. Bu toxumlar cücərib sonrakı onilliklərdə yeni-yeni dövri nəşrlərin yaranmasına, milli demokratik mətbuatın inkişafına güclü təkan olub. “Əkinçi”dən estafeti alan “Kəşkül” jurnalı ilk dəfə olaraq milləti öz adı ilə çağırmağa başlayıb. Sonra isə yüzlərlə qəzet-jurnal “Əkinçi”nin çırağını məşələ çevirib.

Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi sərəncam ölkəmizdə Azərbaycan mediasına verilən yüksək dəyərin və jurnalistika sahəsində çalışanlara göstərilən hörmətin açıq təzahürüdür. Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Azərbaycan Respublikasının Prezidentii cənab İlham Əliyevin mətbuatın inkişafı, jurnalistlərin rifahı naminə atdığı addımlar, kütləvi informasiya vasitələrinə dəstək, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata qayğının bariz nümunəsidir.

Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Müstəqil, milli dövlətimizin quruculuğunda demokratik dəyərlərin inkişafında, cəmiyyətin elmi, siyasi-ideoloji,  intellektinin   və dünyagörüşünün, vətəndaşlıq qürurunun, dövlət sevgisi hissinin, vətənpərvərlik ruhunun yüksəlməsində Azərbaycan mətbuatının əvəzsiz rolu, mətbuat işçilərinin böyük zəhməti vardır. Bütün mətbuat işçilərini peşı bayramı münasibətilə ürəkdən təbrik edir,  Azərbaycan xalqının və dövlətimizin inkişafı və qüdrətlənməsində göstərdiyi xidmətlərdə uğurlar arzulayıram.




Ana səhifəyə qayıt        Baxış: 57          Tarix: Bu gün, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma