İkinci hissə
Tarix yazmaq tarix yaratmaq
qədər önəmlidir.
M.K. Atatük
Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə
keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə
keçmişlə birlikdə qayıtmaq lazımdır.
Əbu Turxan
Kəbə Muxtar
Üç gündə min illik bir tarix yazan,
Vətən sevgisiydi Kəbə Muxtarın.
Düşmənin o tülkü hiyləsin pozan,
Bozqurd həmləsiydi Kəbə Muxtarın.
Gör necə sarsıldı Nijde sərsəri,
Asi Tayqulağın əsdi dizləri.
Düşmənə atılan güllə səsləri,
Döyüş nəğməsiydi Kəbə Muxtarın.
Bir əlində tüfəng, birində Quran,
Döyüş meydanında mərdanə duran,
O qansız düşmənə qanlar udduran,
Qanlı nərəsiydi Kəbə Muxtarın.
Ruhunu oxşayan əzan səsiydi,
Müqəddəs bildiyi yurd, qibləsiydi.
O, Qoca Nehrəmin pərvanəsiydi,
Nehrəm, Kəbəsiydi Kəbə Muxtarın.
Müəllif
* * *
Toplar Qaxır təpələrindən durmadan atəş açır, pulemyotlar nəfəs dərmədən od-alov püskürür, tüfəng lülələri nifrətə bürünmüş ölüm saçırdı. Yayın bu qızmar günündə Nehrəmin üstünə güllə leysan kimi yağırdı. Ölüm kəndin başı üstə fırfıra kimi fır-fır fırlanırdı. Sayıqlığını itirən hər bir kəsin həmən canını alırdı. Nehrəm-lilər ölümün gözünə dik baxa-baxa, düşmənə meydan oxuya-oxuya vuruşurdular. Andranikin Nehrəmə hücum xəbəri Naxçıvan şəhərinə çatanda M.B. Əliyev gündəliyində yazır: “Bu gün sübh tezdən Andranikin dəstəsinin Nehrəm üstə hü-cum edib Nehrəm əhalisini top və pulemyota tutması xəbəri çatdı”.Nehrəm tərəfdən döyüşü Kərbəlayı Muxtar və Hacı Mehdi idarə edirdi.Kərbəlayı Muxtar Nehrəmin kəndxudası, Hacı Mehdi isə dini rəhbər idi. “Qanlı günlərimiz”də M.B. Əliyev Kərbəlayı Muxtarı bu cür təqdim edir:”Nehrəm qlavası, sahibi nüfuz, sərt və mücahidi-həqiqi Kərbəlayı Muxtar”. Bütün Naxçıvan onu həqiqi bir mücahid kimi tanıyırdı.
Qum və Nəcəf şəhərlərində dini-elmi mərkəzlərdə17 il təhsil alan, hərtərəfli bili-yə malik olan Hacı Mehdi müctəhid olmasa da müctəhid səviyyəsində din xadimiidi. Hacı Mehdi həmin gün əyninə kəfən geyib, fətva verib Nehrəm camaatını cihada çağırır. Özü isə həm döyüşür, həm də Kərbəlayı Muxtarla birlikdə döyüşü idarə edirdi.
Nehrəm tərəfdən döyüşün Kərbəlayı Muxtarın idarə etməsi haqqında məlumata qırmızı partizan Heydərqulu Həsənovun da xatirələrində rast gəlirik:"Andranikin qoşunları ilə əsas döyüş İmamzadə tərəfdə gedirdi. Andranik cəhd edirdi ki, Neh-rəm kəndinin kənarından keçib Təzəkənddə toplaşan 300 nəfərlik daşnak silahlı dəstəsi ilə birləşsin. Lakin nehrəmlilər buna imkan vermirdi. Yaxşı silahlanmış dəstələrimizin tabor komandanı Kərbəlayı Muxtar əlində mauzer, kəhər atın belin-də məhəllələri gəzir, əhalini döyüşə qaldırır, atəş nöqtələrinə patron, çörək, su çatdırırdı."
***
Nehrəm mühasirədə idi və bütün istiqamətlərdə şiddətli döyüşlər gedirdi. Düşmən silah-sursat bolluğundan istifadə edib hər tərəfdən od püskürürdü. Nehrəmlilərin müqavimət göstərməsi və silahsız dinc əhalini öldürə-öldürə özünü qəhrəman zənn edən bu quldur sürüsünə dov gəlməsi, bu yaramaz məxluqları insanlıqdan tamam uzaqlaşdırmışdı. Bu səbəbdən də daşnaklar gülləyə, mərmiyə qənaət eləmədən, kəndi, aramsız atəşə tuturdu.
***
Andranikin qoşununda 6 ədəd top,10 ədəd pulemyot vardı. Nə qədər güllə olduğunu bilmək təbii ki, mümkün deyil, amma Yaycıda dörd milyondan çox gülləni qənimət olaraq ələ keçirmişdilər. (Bəzi mənbələrdə olan məlumatları tam dəqiqləşdirə bilmədiyim üçün həmin silahların sayını bura əlavə etmədim.)
Onu da nəzərə alaq ki, hər bir eməni o dövrün müasir silahları ilə silahlanmışdı. Andranikin qoşunu onlara qoşulan culalarla, qaxtağanlarla, Van erməniləri (1918-ci ilin iyun ayının 25-də) və Güznüt erməniləri ilə birlikdə ən azı üç min beş yüz əsgərdən ibarət idi.( İyun ayının 16-da, yəni daşnakların Nehrəmə hücumundan18 gün əvvəl Milli komitəyə Cəfərqulu xan tərəfindən Andranikin 4000-lik qoşunla Naxçıvana hərəkət etməsi xəbəri daxil olur. Bundan əlavə erməni mənbələrinə görə 1918-ci ilin sentyabr ayının birində bir çox dəstələr Andranikin qoşununu tərk edir və 4000-lik ordudan 1300 nəfər qalır. Bu faktlara əsaslanıb demək olar ki, Andranik Nehrəmə hücum edəndə qoşununda üç minlə dörd min arasında əsgər olub.)300 daşnak əsgəri də Nehrəmin qərbində, yəni Nehrəmlə Araz çayı arasında yerləşən Təzəkənddə fürsət gözləyirdi.
Erməni qoşununun bir hissəsi Qaxır təpələrində mövqe tutmuşdu. Qaxır təpələrindən baxanda Nehrəmin bir çox yerləri əlin içi kimi görünür. Müharibədə yüksəkliyə sahib olmağın nə olduğunu hərbiçilər çox gözəl bilir. Ermənilərin bu qədər üstünlüklərinə rəğmən nehrəmlilər daşnak ordusunun qabağından qaçmağı ağıllarına belə gətirmədilər.
***
Təbii olaraq belə bir sual yaranır görəsən həmin dövrdə Nehrəmdə nə qədər əhali yaşayırdı. Nehrəmdə əhalinin sayı ilə bağlı bildiyim məlumat xıx əsrin sonuna aiddir. 1893-cü ilin məlumatına görə Hehrəm kəndində 343 ev vardı və əhalinin sayı 2519 nəfər idi. Bu 2519 nəfərin 1338 nəfərini kişilər təşkil edirdi. Bu 1338 nəfərdən qocaları, uşaqları və xəstələri çıxsaq döyüş qabilyyəti olanların sayı bir o qədər də olmaz. Silah baxımından da vəziyyətin ürək açan olmadığını nəzədə alsaq, Nehrəmin halı müşküldən də müşkül görünür. Amma nehrəmlilərin erməni ordusunun qabağına çıxması, döyüşməsi və onları darmadağın etməsi, qeyri-adi bir qəhrəmanlıqdır.
***
Burada bir çox səbəblər var. Əsas səbəblərdən biri də ağsaqqalların dərhal biraraya gəlməsi, onların müdrikliyi və hərbi taktikanı bilməsi idi. Ağsaqqalların bir araya gəlməsi Kərbəlayı Muxtarın, Hacı Mehdinin və Nağdalı oğlu Kazımın bir araya gəlməsi demək idi. Bu da güclə fərasətin, imanla səbrin, sərvətlə səxavətin bir yerdə olması anlamına gəlirdi. Bu həm də o demək idi ki, bütün tayfalar düşmənə qarşı birlikdə, çiyin-çiyinə vuruşacaqlar. Abbas Tufarqanlının dediyi kimi:
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
Həmin dövrdə Nehrəmdə bir neçə böyük tayfa vardı, onlardan biri Qaraköyxanlılar, biri də Adıgözəllər idi. Kərbəlayı Muxtar Adıgözəllər tayfasının ağsaqqalı, Nağdalı oğlu Kazım Qaraköyxanlılar tayfasının ağsaqqalıydı. Kəndxuda sekçilərində bu iki tayfa arasında rəqabət bəzən ədavət və düşmənçiliyə qədər gedib çıxırdı. Müharibə ərəfəsində bu iki tayfa arasında münasibət çox soyuq idi.Yaşca Kərbəlayı Muxtardan böyük olsa da, ermənilərin Nehrəmə hücum edəcəyi xəbərini alan kimi, Nağdalı oğlu Kazım üz tutub gedir Kərbəlayı Muxtargilə.Bunu görən bir nəfər özünü tələm-tələsik Kərbəlayı Muxtara yetirib:”Kərbəlayı, yəqin ki, Nağdalı oğlu Kazımın quyruğu qapı arasında qalıb, sənin ayağına gəlir”,- deyib “müjdə” verir. Ermənilərin hucum edəcəyindən xəbərdar olan Kərbəlayı Muxtar xəbər gətirənə qəzəblənir və Nağdalı oğlu Kazımın qabağına gedib onu hörmətlə qarşılayıb evinə dəvət edir.
Burada bir haşiyə çıxım. Kərbəlayı Muxtarın Nağdalı oğlu Kazımla münasibətinin sərin olduğunu ətraf kəndlərdə və Naxçıvan şəhərində də bilirdilər. Bir gün bir qeyri nehrəmli Kərbəlayı Muxtara xoş gəlmək üçün Naxçıvanda, çayxanada Nağdalı oğlu Kazıma qarşı hörmətsizlik edir. Kərbəlayı Muxtar bu hadisədən xəbər tutan kimi, atına minib düz Naxçıvana gedir. Həmin adama bir neçə şallaq vurub deyir:
-Sən kimsən ki, mənim ağsaqqalıma hörmətsizlik edirsən?!
-Kərbəlayı, siz onunla düşmən deyilsinizmi?
-Biz Nehrəmdə düşmənik, Nehrəmdən kənarda o mənim ağsaqqalımdır. Bizim düşmənçiliyimizin bizdən başqa kimsəyə dəxli yoxdur. Bir də bu işlərə burnunu soxarsan başın əldən gedər.
Həmin adam peşman olub Nağdalı oğlu Kazımdan üzr istəyir
***
Nehrəmlilərin azlıqda ola-ola daşnak ordusunun qabağından qaçmamağının bir səbəbi də o insanların fitrəti ilə bağlıdır. Bir azərbaycanlı üçün, bir Azərbaycan türkü üçün və ən ümdəsi bir nehrəmli üçün ermənidən qorxmaq çox ayıb bir şey olardı. Adətən Nehrəmdə bir adam bir şeydən qorxanda deyərlər ki, ədə qoyma, erməni qan gördü. Yəni nehrəmli təfəkküründə erməni qorxaqlıq simvoludur. Təbii ki, burada söhbət təpədən dırnağa silahlanmış və eyni zamanda ana bətnindəki körpələri belə süngülərlə deşik-deşik edən vəhşiləşmiş bir qoşundan gedir. Amma, hər şeyə rəğmən nehrəmlilər quduz itə dönmüş ermənilərin qabağından qaçmadılar.
Nehrəmlilərin döyüş meydanını boş qoymamalarının bir səbəbini də aydınlaşdırmaq üçün gərək indiki tarixdən, yəni 1918-ci ildən 20-25 il əvvələ, Hacı Qənbərin kəndxuda olduğu dövrə qayıdaq. Əvvəlcə onu deyim ki, Hacı Qənbərin atası Nağdalı kişi çox varlı adam olub. O qədər varlı olub ki, onun var-dövlətindən təsirlənib belə bir bayatıfason şeir də yazıblar:
Əzizim Nağdalıya,
Nağd verib Nağdalıya,
Fələyin bir kisə pulu varıydı,
Onu da verib Nağdalıya.
Nağdalı kişidən övladlarına – Hacı Qənbərə, Kazıma (Nağdalı oğlu Kazım kimi tanınır) çoxlu var-dövlət qalıb. Gözü-könlü tox və təfəkkürlü adam olan Hacı Qənbər həm də xeyriyyəçiliklə məşğul olurdu. O, insanların mariflənməsini istədiyi üçün təhsilə daha çox pul xərcləyərmiş. Məşhur bir sözü də var idi: “Məndən övladlarınızı oxutmaq üçün pul istəyin, lazımsız şeylər üçün yox”. Sözümün canını deyim, qayıdaq mətləb üstünə.Cəlaləddin Ruminin “Məsnəvi”sini əzbər bilən Hacı Qənbər kəndxuda olmaqla bərabər həm də bir təriqət başçısıydı və kənddə onun müridləri var idi. Onlar Hacı Qənbərin təsiri ilə müəyyən bir mənəvi təkamülə nail olmuşdular.
Adətən təriqət əhlinin özünə məxsus düşüncəsi, təfəkkürü olur. Onlar nə dünya malına aldanar, nə də ölümdən qorxar. Ölümdən qorxmayan insan üçün düşmən bir olmasın lap belə min olsun. Hacı Qənbərin təlim-tərbiyəsi ilə formalaşan müridləri və onların övladları təbii ki, Andranik və Nijde kimi mənəviyyatsız quldurların qabağından qaçmağı düşünməzdilər.
***
Kərbəlayı Muxtar usanmaq bilmədən kəndin yaşlı, cavan bütün döyüşçülərini həvəsləndirir, ümidləndirir, onlara təlimat verir və güllə ilə təmin olunmasına nəzarət edirdi. Əli iş tutan, qorxu bilməyən zirəng qadınlar da döyüş meydanında həyat yoldaşlarına, qardaşlarına, övladlarına güllə, çörək, su daşıyır, yaralıların yarasını sarıyırdılar. Deyirlər ki, hər bir millətin gerçək kimliyi müharibə zamanı üzə çıxır. Nehrəmlilər kişili, qadınlı döyüş meydanındaydı. Bu, Nehrəmin gerçək varlığı, dəyişməz kimliyi, həqiqi siması idi. Bu xarakter, bu mənəviyyat o dövrün dəyərli insanlarının sayəsində formalaşmışdı.
Nehrəm tərəfdən həm Kərbəlayı Muxtarın, həm də Hacı Mehdinin döyüşə başçılıq etməsi haqqında məlumata Tağı Nağdalıyevin Tiflis sosial-demokrat bolşeviklər partiyasının orqanı olan “Borba” (“Mübarizə”) qəzetində çap olunan məktubunda da rast gəlirik: “Andranikin qoşunu Çeşməbasar kəndindən Naxçıvan qəzasının ən çox əhaliyə malik olan Nehrəm kəndini mühasirəyə alır. Lakin neh-rəmlilər Hacı Mehdi və Kərbəlayı Muxtar Cəfərzadənin başçılığı ilə qanlı döyüşə girərək erməni qoşunlarını kəndə buraxmamış, 3-günlük döyüşdən sonra Andrani-kin qoşunu xeyli tələfat verərək geri çəkilmiş və Naxçıvan şəhərinin şimalında hərbi düşərgə qurmuşdur”. Müharibənin böyüyü, kiçiyi olmur, müharibə elə bütün eybəcərlikləri ilə, bütün fəlakətləri ilə müharibədir. Bu səbəbdən də bu müharibəni “Nehrəm döyüşü” adandırmaq daha doğru olardı. Nehrəm döyüşünün bir gün və üç gün davam etdiyini deyənlər var. Amma bu məktuba əsaslanıb demək olar ki, Nehrəm döyüşü üç gün davam edib, yəni Nehrəm üç gün mahasirədə qalıb. Çünki Nehrəm sakini olan Tağı Nağdalıyev öz adamları ilə hadisələri izləyir və mühüm xəbərləri Naxçıvan Milli komitəsinə çatdırırdı. Bu səbəbdən də onun verdiyi məlumatlar daha düzgün, daha dəqiqdir. Kərbəlayı Muxtarın və Hacı Mehdinin komandanlığı altında kənd camaatı bütün döyüş xətti boyunca düşmənə göz açdırmır. İmamzadə tərəfdə isə düşmən əsgərlərinin leşi leş üstə qalanır. Tağı Nağdalıyevin Tiflisdə “Borba” (Mübarizə) qəzetində çap olunan məqaləsinin sonuncu cümləsindəki “Andranikin qoşunu xeyli tələfat verərək geri çəkilmişdir” ifadəsi çox mətləbdən xəbər verir. Dörd minlik bir qoşun xeyli tələfat veribsə burada söhbət beş-on nəfərdən yox, yüzlərlə əsgərdən gedir. Bəlkə də Andranik bu döyüşdə mindən çox əsgərini itirib. Əks təqdirdə ermənilərin gözündə yenilməz sərkərdə olan Andranik ən azından öz nüfuzuna görə geri çəkilməzdi. Buradan belə qənaətə gəlmək olar ki, döyüşü davam etdirmək daha acı nəticələrə səbəb ola bilərdi. Buna görə də “yenilməz sərkərdə” döyüş meydanından qaçaraq rüsvay olmağı, qoşunu güdaza verib rüsvay olmaqdan üstün tutur. Erməni mənbələrində Nehrəm döyüşü haqqında bir kəlmə belə tapmaq mümçün deyil. Elə bil ki, Andranikin belə bir rüsvayçı məğlubiyyəti olmayıb. Faktları incələdikcə kənd camaatının cəsarəti, döyüş qabiliyyəti adamı heyrətləndirir. Bu arada mən sizə döyüş meydanlarının aslanı Müslümün qəhrəmanlığından, hələlik, balaca bir epizod danışım.
Xəndək döyüşündə Əmr ibn Əbduvəd, meydanda at oynada-oynada, üzünü mübarək Peyğəmbərimizə(s) tutub deyir: “Mənimlə döyüşmək üçün aranızda bir kişi yoxdur, ey Məhəmməd?”
Əbdüvəd ərəblərin seçilən pəhləvanı və böyük təcrübəyə malik döyüşçü idi. Peyğənbərimiz:
-Aranızda bu kafirin səsini susduracaq bir şəxs varmı?-deyə sual edir.
Həzrət Əli (ə) döyüşmək üçün Rəsuli-Əkrəmdən(s) icazə istəyir. Peyğənbərimiz(s) icazə vermir. Əmr ibn Əbduvəd təkrar səslənir:”Mənim əqidəm sizin imanınızdan daha güclüdür. Ey Məhəmməd, deyirlər Sən Mədinə qadınları ilə bizim görüşümüzə gəlmisən.Görəsən aranızda bir kişi var, ya yox?”
Peyğənbərimiz:
-Aranızda bu kafirin səsini susduracaq bir şəxs varmı?-deyə yenə sual edir.
Həzrət Əlidən(ə) başqa yenə heç kimin səsi çıxmır. Nəhayət üçüncü dəfə Peyğənbərimiz Həzrət Əliyə(ə) döyüşməyə icazə verir. Döyüş başlayır və Həzrət Əli(ə) Əmr ibn Əbduvədi cəhənnəmə göndərir.
Nehrəm müharibəsində də buna oxşar bir hadisə baş verir. Güznüt daşnaklarından olan, əxlaqsızlığı sərhəd tanımayan bir erməni dığası ardı-arası kəsilmədən nehrəmlilərin ünvanına ədəbsiz söyüşlər yağdırır və bu yolla kənd camaatına psixoloji təsir göstərib, ruh düşgünlüyü yaratmaq istəyir. Doğrudan da döyüş meydanını söyüş medanına çevirmək gədələrin, şarlatanların peşəsidir. Kərbəlayı Muxtar Müslümə :”O əxlaqsız dığa bir güllə atır min bir söyüş söyür, adamların əsəblərini korlayır. Onu susdura bilərsənmi?- deyə soruşur. Müslüm:” Siz darıxmayın, onu elə susduracağam ki, heç cəhənnəmdə də dili söz tutmayacaq”,-deyə cavab verir.
Erməni əsgəri növbəti söyüşü söymək istəyəndə Müslüm o yaramazın düz ağzının içindən vurur. Bu sərrast atəşdən söyüş söyən erməni cəhənnəmə vasil olur, döyüş yoldaşları qorxuya düşür. Bir müddət başlarını səngərdən qaldırmağa və atəş açmağa belə cəsarət eləmirlər.
Kərbəlayı Muxtar əlini Müslümün kürəyininə vurub: “nə qədər ki, sənin kimi oğullar var Nehrəmin kürəyi yerə gəlməz”,- deyir.
(Ardı var)
Paylaş:



























