Xəbər lenti
 
Bərdədə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mahmud Musayev  60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərən bir neçə müəllim sırasına daxil olub.
Ovqat.com xəbər verir ki, A24.Az olaraq rekord nəticə əldə edən müəllimlə əlaqə saxlayıblar. 
Mahmud Musayev 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub.  1980-85-ci illərdə inşaat mühəndisliyi ixtisasına yiyələnib. Cəbrayıl rayonu ermənilər tərəfindən işğal edildikdən sonra çadır şəhərciyində məskunlaşıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat müəllimliyi fakültəsinə daxil olub və buranı müvəffəqiyyətlə bitirib. İki oğlu var. Mahmud müəllim qeyd edir ki,  oğullarından biri Bakı Dövlət,  digəri isə  İqtisadiyyat Universitetini bitirib.
Mahmud Musayev 1995-ci ildən çadır şəhərciklərində dərs deyir.  Hazırda isə Biləsuvar rayonunda qaçqınlar üçün salınmış 1 saylı qəsəbədə Cəbrayıl rayonu 8 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir.
“Yaşım çoxdur, kompüterdən xəbərim yoxdur” deməyin
Mahmud müəllim diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərməyinin səbəbini öz üzərində daha çox işləməkdə görür. O, diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərmiş müəllimlərə sadəcə olaraq öz üzərlərində çalışmağı, texnologiyanın nailiyyətlərindən istifadə etməyi məsləhət görür. “Müəllimlər öz üzərində çox işləməlidirlər. “Yaşım çoxdur, kompüterdən xəbərim yoxdur” demək onları məsuliyyətdən yayındırmır”.
Mahmud Musayev 2014-cü ildən fəal təlimlərə qoşulub. Məhdud texnoloji avadanlığın olmasına baxmayaraq o, texnologiyanın üstünlüklərindən istifadə edərək həm doğulduğu Cəbrayıl rayonunun tarixi, mədəniyyəti, milli qəhrəmanları haqqında videolar hazırlayaraq internetə yükləyib. Müəllimin “Youtube”də öz kanalı var. “Kurrikulumla əlaqəli 6 video hazırlayıb, müəllimlərə təqdim etmişəm. Minlərlə baxış əldə edilib”.
Mahmud müəllimin bir arzusu var. “Torpaqlarımız qaytarılsın, biz də yaxşı şəraitdə yaşayaq. Bütün şagirdlərə layiqli vətəndaş kimi böyüyüb, Azərbaycanı layiqincə təmsil etməyi arzulayıram”.
Vüsalə Əlövsətqızı




Ana səhifəyə qayıt        Baxış: 866          Tarix: 24-04-2017, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma