Xəbər lenti

 

Kitab oxumaqla insanın gözü heç vaxt zəifləməz. Bu, yanlış iddia, səhv düşüncədir.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov universitetin mətbuat xidmətinə fəsil dəyişikliyi ilə əlaqədar gözdə yaranan müxtəlif problemlər barədə müsahibəsində bildirib.

-Fəsil dəyişikliyi dövründə gözlə bağlı yaranan problemlərə dair müraciətlərin sayında artım müşahidə edilibmi?

- Ümumilikdə bizim şöbə oftalmologiyanın bütün istiqamətləri üzrə fəaliyyət göstərdiyinə görə, müraciət edən xəstələrin sayı mövsümdən asılı deyil. Konkret halda infeksion, viral və yaxud da buynuz qişası xəstəlikləri, katarakta, qlaukoma kimi xəstələrin sayında xüsusi dəyişikliklər olmur. Hava dəyişikliyi zamanı isə yalnız allergiyaya meylli insanlarda gözləri ilə bağlı problem yarana bilər. Bəlli olduğu kimi bəzi xəstəliklər var ki, onlar müalicə olunmur. Bunlara şəkərli diabet, bronxial astma, allergik konyuktivit, quru göz sindromu və bu kimi bir sıra problemlər aiddir. Belə xəstələrdə həkim yalnız simptomatik müalicə yazır, yəni həmin o simptomları aradan qaldırır. Allergik konyuktiviti olan xəstənin isə gözünün allergiyası sağalmaz. Aparılan konservativ müalicələr bu kəskinləşmənin və əmələ gələ biləcək fəsadların qarşısını almaqdan ibarətdir.

-Adətən məktəbli uşaqların valideynləri övladlarının gözlərinin çox kitab oxumaqdan ağrıdığını bildirirlər. Son zamanlar eynək taxan uşaqların da sayı artır. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə uşaqların gözlərini ən çox nədən qorumaq lazımdır?

-Kitab oxumaqla insanın gözü heç vaxt zəifləməz. Bu, yanlış iddia, səhv düşüncədir. Sadəcə saatlarla ağzı üstə, arxası üstə uzanıb kitab oxumaqdan gözdə spazm əmələ gələ bilər ki, bu da zəiflik deyil. Mütaliə etməyin qaydaları var: oturduğun yerə kənardan lampa işığı düşməlidir. Kitab da gözlərdən 35-40 sm məsafədə olmalıdır. Müasir dövrdə uşaqların əksəriyyətinin gözündə zəiflik var. Bununla belə məktəb öncəsi valideynlər uşaqları mütləq müayinəyə aparmalıdırlar.

Onu da qeyd etmək istərdim ki, mən Azərbaycandan kənarda heç bir yerdə insanın eynək taxmaqdan qorxub, çəkinməsini görməmişəm. Elə valideynlər olur ki, övladının eynək taxmasını istəmir. Bu bəzi xanımlara da aiddir. Bu, insan psixologiyası ilə əlaqədardır. Şəxsən mənim tələbə qızım da eynək taxır.

-Ümumiyyətlə, göz zəifliyinin yaşla əlaqəsi varmı?

-Bu, bir qədər qarışıq məsələdir. Çünki bu, gözün növündən asılıdır. Dünyada müxtəlif göz tipləri var. Emotropik gözlər, yəni 40 yaşına qədər yaxını və uzağı tam normal görən xəstələr. Bu zaman gözə düşən paralel şüalar sınar və obyektin xəyalı düz tor qişanın üzərində alınır. Neopik gözlər - paralel şüalar tez sınır, cismin xəyalı tor qişanın önündə alınır. Hipertroplar - paralel şüalar gec sınır, xəyal tor qişanın arxasında alınır.

Bəzən deyirlər ki, astiqmatizm xəstəliyinə daha çox rast gəlinir. Mən bu iddianı qəbul etmirəm. Çünki bunların hamısı həkimə müraciət sayından asılıdır. Bizdə nəinki göz həkiminə, ümumiyyətlə istənilən profilli həkimlərə gec müraciət olunur. Həm də nəzərə almaq lazımdır ki, indiki dövrdə daha yüksək səviyyəli diaqnostik metodlar mövcuddur, hər cür problemi dəqiq bilmək mümkündür.

-Yaşlı nəsil arasında mirvari suyu xəstəliyinin geniş yayılması nə ilə əlaqədardır?

-Yaşlılarda yayılan göz xəstəliklər arasında mirvari suyu digərlərinə nisbətən daha yaxşı müalicə olunandır. Belə ki, bu zaman xəstəliyin aldığı görməni geriyə qaytarmaq mümkündür. Mirvari suyu - gözün ön və arxa kamerası arasında, bəbəyin arxasında, yəni arxa kameraya keçən, ön arxa kapsul və öz kütləsi olan şüasındırıcı bir mühitdir. Təsəvvür edin ki, siz bir gözəl pəncərədən dünyanı seyr edirsiniz və o pəncərə yavaş-yavaş bulanır. Xəstə artıq o pəncərə tam bulanmış halda həkimə müraciət edir. Həkim o gözün dibini tam görə bilmir. Ultrasəs müayinəsi aparılsa da tam görmək mümkün olmur. Bu zaman xəstə normal əməliyyat olunsa da, nəticə pis ola bilər.

Əməliyyatdan sonra görməməyin bir neçə səbəbi ola bilər. Bunlar əməliyyat zamanı həkimin buynuz qişanı zədələməsi, ekspulsiv qanaxma və ya makulada görmə sinirində baş verən dəyişikliklər ola bilər. Lakin ümumilikdə mirvari suyu əməliyyatından sonra xəstələrin görmə itiliyi 100 faiz bərpa olunur. Müxtəlif firmaların süni büllurları var ki, onların köməyi ilə buna imkan yaranır. Hətta elə büllurlar da var ki, həm uzağa, həm yaxına akkomodasiya edir.

Qurban İsmayılov həmçinin yaxın zamanlarda ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində eksimer lazer əməliyyatların keçiriləcəyini də bildirib.




Ana səhifəyə qayıt        Baxış: 908          Tarix: 30-09-2017, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma