Xəbər lenti

 Səbail Rayon Məhkəməsi Müşfiq Mədətov və Səbail rayon polis rəisinin müavini Orxan Axundzadəni yaralamaqda təqsirli bilinən Kazım Tapdıq oğlu Abbasov (1992-cı il təvəllüdlür), Məhəmməd Həsən oğlu İsmayılov (1982) və Emin Vaqif oğlu Həsənov (1976) barədə həbs qərarı verib.

Axar.az “Haqqin.az”a istinadən xəbər verir ki, hər üç şəxs haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan dərhal sonra hər üç şəxs Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 nömrəli istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Belə ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90 LT 997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.




Ana səhifəyə qayıt        Baxış: 1 253          Tarix: 16-10-2017, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma