Xəbər lenti

 

ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında "Samsung" şirkətinin smartfon, fablet və digər qurğular üçün "ağıllı" örtüyə görə patent hüququ əldə etməsi ilə bağlı müraciəti yerləşdirilib.

İdeya "ağıllı" örtük və futlyarları proqramları tez işə salmağa imkan verən düymələrlə təchiz etməkdən ibarətdir. Belə düymələr örtüyün daxili və ya üz tərəfində sensor yerlər rolunda çıxış edəcək.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, məlumata görə, smartfon və ya fablet örtüyünün əlavə düymələrlə təchiz edilməsi qurğu ekranında adətən telefon kitabçası, kamera və s. kimi tez-tez istifadə olunan əlavə və funksiya piktoqramlarının göstərilməsi üçün ayrılan yerə qənaət etməyə imkan verəcək.

Planşet və ya hibrid portativ kompüter üçün örtükdə isə düymələr qoruyucu aksesuarın üz tərəfində yerləşə bilər. Lazımi sensorlu yeri basmaqla örtüyü açan istifadəçi istədiyi proqramdan dərhal yararlana biləcək.

Bildirilir ki, Cənubi Koreya istehsalçısının patent üçün ərizə ilə bu ilin aprelində müraciət etməsinə baxmayaraq, sənəd "USPTO" saytında indi dərc olunub. Texnologiyanın kommersiya məhsullarında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 1 089          Tarix: 7-11-2017, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma