Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Dağlıq Qarabağ danışıqlarında bir ilə yaxındır hökm sürən durğunluğu aprelin 28-də Moskvada keçirilmiş üç ölkə xarici işlər nazirlərinin görüşü də aradan qaldıra bilmədi. Həmin görüşdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin növbəti təkbətək təmasını təşkil eləmək üçün zəmin yarana biləcəyi barədə ümidlər də puça çıxdı.
Bu, o deməkdir ki, Moskva görüşündə münaqişə tərəflərinin mövqeləri dəyişməz, həmişəki və ənənəvi ziddiyyətli məqamlar isə yerində qalıb. Bu, həmçinin o anlama gəlir ki, vasitəçi dövlətlər, ələlxüsus da Rusiya konfliktin həllində hər hansı yeni təklifə, yanaşmaya, ideyaya malik deyil. Yaxud ən azından belə bir həvəsdə görünmürlər.
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı heç bir məlumat yoxdur”. Bu barədə APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib. Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin görüşü üçün nəzərdə tutulmuş hər hansı tarix barədə məlumata malik deyillər.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünə də münasibət bildirən R. Hoqland aprelin 28-də baş tutmuş görüşün Rusiya xarici işlər nazirinin təşəbbüsü ilə keçirildiyini deyib və görüşün nəticələrinə dair Rusiya XİN-in bəyanat yaydığını diqqətə çatdırıb.
Bəs bundan sonra nə gözlənilir? Sülh anlaşması yolunda təmaslar bitdimi? Diplomatları hərbçilərmi əvəzləyəcək?
“2016-ci il aprelin əvvəlində Qarabağ zonasında situasiya yerindın tərpəndi, necə deyərlər, status-kvo üzərindən plomb götürüldü. Və artıq onu geriyə döndərmək olmaz”. Musavat.com-un məlumatına görə, bu sözləri rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk vesti.az saytına müsahibəsində deyib.
Politoloqun sözlərinə görə, aprel əməliyyatları zamanı Bakı açıq-aşkar buna hesab götürmüşdü ki, öz hərbi gücünün nümayişindən sonra prosesi məhz o diktə edəcək - hansı proses ki, çox sürətlə lazımi istiqamətdə gedəcək və Bakı torpaqlarını hissə-hissə azad edəcək: “Özü də ATƏT-in Minsk Qrupu hələ də bu suala cavab verməyib ki, o vaxt hərbi əməliyyatları ilk olaraq hansı tərəf başlayıb. Ona görə də gələcək hadisələrə, o cümlədən böyük müharibəyə görə məsuliyyət Minsk Qrupunun üzərinə düşür. Ancaq indi, 2017-ci ilin mayında da heç nə baş verməyib. Yəni aprel müharibəsi zamanı Azərbaycan ordusunun əlinə dar bir torpaq zolağının keçməsini nəzərə almasaq, situasiya harada idisə, orada da qalıb. Danışıqlar prosesi aprelədək olan rejimə qayıdıb. Eyni zamanda sülh danışıqları əhəmiyyətli şəkildə öz intensivliyini itirib və daha şablon, açıq ölü formata keçib. Odur ki, Bakı üçün indi belə bir sual bütün vücudu ilə qarşıda durur: bundan sonra nə etməli?”
Analitikə görə, çox şey indi məhz bu qərardan asılıdır. “Bakı sonsuz şəkildə qeyri-müəyyən vəziyyətdə qalmağı özünə rəva bilə bilməz. Ona görə ki, o halda bu daxili duruma da təsir edə, əhalinin vətənpərvər ovqatı həmişəlik ”yana" bilər", - deyə rusiyalı politoloq əlavə edib.
Bu, əlbəttə ki, rusiyalı analitikin fikirləridir. Onun dediklərindən də bir daha aydın olur ki, 4 günlük aprel müharibəsindən sonra Qarabağ konfliktinin həllinə yönəlik diplomatik səylər nəinki artmayıb, əksinə, azalıb. Bu da yeni və irimiqyaslı hərbi toqquşma ehtimalının artması anlamına gəlir.
“Hazırda ən böyük narahatlıq doğuran məsələ təmasların qırılmasıdır”. Bu sözləri axar. az -a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, rəsmi Bakı danışıqların davamında maraqlıdır və bu, heç kimə sirr deyil: “İrəvan isə çalışır ki, siyasi nizamasalma prosesini pozsun və status-kvo olduğu kimi qalsın. Ancaq Moskva İrəvanın bu istəyini neytrallaşdırmaqla Ermənistanın danışıqlardan yayınmasının qarşısını alır”.
Politoloq bildirib ki, qarşıda prezidentlərin görüşü üçün heç bir zəmin yoxdur: “Bu zəmin ona görə formalaşmır ki, hələ danışıqların tərtib olunmuş gündəliyi mövcud deyil. Eləcə də əgər sülh prosesindən söhbət gedirsə, heç olmasa, onun hansısa bir sənədi müzakirə olunmalıdır. Yox, əgər bunların heç biri yoxdursa, deməli, danışıqlar hardasa ünvansız xarakter daşıyır. Rusiya isə bundan çəkinir. Çünki Rusiya bir tərəfdən münaqişəyə coğrafi baxımdan yaxındır, digər tərəfdən isə hər iki dövlət onun yaxın tərəfdaşıdır. Ona görə də Moskva məsuliyyəti anlayaraq bu prosesə qatılıb və təkidlə çıxış edir ki, İrəvan saymamazlığa yol verməsin. Çünki Bakı ötən ilin aprelində buna görə İrəvanın dərsini verib”.
Politoloqun müşahidəsinə görə, Rusiya Azərbaycanın yenə Ermənistana dərs verəcəyindən qorxur: “Azərbaycan öz sözünü deyib və ərazi məsələsi, ümumiyyətlə, danışıqlar predmeti ola bilməz. Bu və digər məsələlər ətrafında ola bilsin danışıqlar gedir, ancaq gündəlik formalaşmır. Ona görə də Rusiya, ABŞ və Fransa Ermənistanın ən yaxın zamanda, 2018-ci ilə qədər bu məsələyə aydınlıq gətirəcəyini gözləyir. İrəvan öz mövqeyini açıqladıqdan sonra artıq Azərbaycan lazımi tədbirləri görəcək”.
Qarabağa dair danışıqlar prosesində durğunluq fonunda isə Azərbaycan-Türkiyə taktiki təlimləri davam edir. Hərbi amilin regiondakı mövcud şərtlər daxilində günbəgün artan önəmi nəzərə alınarsa, bu kimi manevrlərin əhəmiyyəti xüsusilə qabarıq görünər. Hər necə olmasa, ötən ilin aprelindən hərbi güc faktoru Dağlıq Qarabağ məsələsində bir az da önə keçib. Bunu siyasi ekspertlər də qeyd etməkdədirlər. Azərbaycanın öz əsas və təbii müttəfiqi Türkiyə ilə hərbi əməkdaşlığını getdikcə genişləndirməsi məntiqli olmaqla yanaşı, şübhəsiz ki, həm də ən yüksək səviyyəyə çatmağa indekslənib.
“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq hər keçən gün genişlənir və bir az da yeni mahiyyət kəsb edir. İndiyə qədər Azərbaycan və Türkiyə hərbi hava qüvvələri arasında keçirilən birgə təlimlər hava qüvvələri sahəsində əməkdaşlığın bir forması idi. Ancaq bu gün Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın yeni bir sahəsinə qədəm qoyur”.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli belə hesab edir.
Onun fikrincə, bu, indiyədək Türkiyə ilə Azərbaycan arasında misli görünməmiş bir təlimdir. “Hər iki ölkənin Silahlı Qüvvələrinin bir çox növlərini əhatə edən irimiqyaslı hərbi təlimlərdə hava qüvvələrinin bir hissəsi, vertolyotlar, artilleriya qüvvələri, quru qoşunlarının digər növləri, raket, daxili qoşunlar və jandarma qoşunları iştirak edəcək. Bu təlimlər birgə əməliyyatların işlənib hazırlanması, yeri gəldikdə düşmənin hər hansı bir təcavüzünü dəf etmək üçün həm ştat qərargah təlimlərini özündə ehtiva edir, həm də konkret əsgər və döyüş texnikasının iştirakı ilə keçirilir. Bu təlimlər ətrafımızda olan müəyyən qüvvələrə yönəlmiş çox ciddi mesajdır. Birinci növbədə Ermənistana mesajdır ki, Azərbaycan tək deyil, yəni bir çox dövlətlərdən hərbi dəstək ala bilər, xüsusilə də Türkiyədən. Türkiyənin bu təlimlərin keçirilməsində böyük hüququ var. Çünki 1921-ci ilin mayında Rusiya ilə imzalanmış Qars müqaviləsinə görə, Türkiyə həm də Naxçıvanın təhlükəsizliyi üçün bir zəmanətçi rolunu oynayır. Bütün bunlar onu göstərir ki, Azərbaycanı Türkiyə ilə həm də hərbi sahədə imzalanmış müqavilələr birləşdirir”, - deyə sabiq dövlət müşaviri qeyd edib.
Politoloq onu da bildirib ki, hərbi təlimlərdən sonra Türkiyədə hazırlanmış yeni silah növlərinin baxışı da olacaq: “Azərbaycan Türkiyədən silah alır və getdikcə alınan silahların çeşidi artmaqdadır. Bir sözlə, həyata keçirilən hərbi təlimlər Azərbaycanın müdafiə qüdrətinin artırılması baxımından çox böyük əhəmiyyətə malikdir və düşməni daim qorxuda saxlayır”.
Düşməni müharibə qorxusu altında saxlamaq sözsüz ki, Azərbaycanın ən azından psixoloji üstünlüyüdür və bu, davam etməlidir. Çünki belə bir üstünlük məqbul və əlverişli şərtlər yetişən kimi ordumuzun növbəti hərbi uğuruna daha tez transfer ola bilər. Azərbaycan dinc danışıqlardan qaçmır. Ancaq belə görünür ki, hərbi güc işə düşməyincə, işğalçı tərəf konstruktiv mövqeyə gəlməyəcək.(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar