Xəbər lenti

 

Adətən Azərbaycanda hər hansı bir bədbəxt hadisə və ya təhlükə baş verdikdən sonra istər elektron və yazılı KİV-lər, istər müvafiq dövlət qurumları, istərsə də ölkə ictimaiyyətinin ayrı-ayrı təbəqələrindən olan nümayəndələr tərəfindən həmin hadisəylə və ya təhlükəylə bağlı müəyyən fikirlər söylənilir, yazılır və həmçinin sosial şəbəkələrdə müzakirəyə çıxarılır.
Ancaq müəyyən müddət keçdikdən sonra haqqında danışılan bədbəxt hadisə və ya təhlükə ya tamamilə, yaxud da qismən unudulur. Ölkəmizdə unudulmaqda olan, amma gündəlik həyatımızda baş verən ən dəhşətli hadisələrdən və üzləşdiyimiz ciddi problemlərdən biri də vətəndaşlarımızın liftlərdə və mənzillərdə bağlı qapılar arxasında köməksiz qalması ilə əlaqədardır. Bu səbəbdən də Azərbaycan İnformasiya Mərkəziwww.azim.az internet portalı növbəti araşdırmasını məhz sözügedən problemə həsr edib.

Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
675 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) www.fhn.gov.az saytının «Gündəlik xronika» bölməsinin məlumatları əsasında apardığımız araşdırmamıza görə, 2017-ci ilin yanvar ayının 1-dən dekabrın 1-dək Bakı şəhərində və respublikamızın digər bölgələrində 675 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar. Onlardan 4 nəfəri ofisdə köməksiz vəziyyyətə düşüb. Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda ofisdə 4 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşları bağlı qapı arxasından xilas ediblər. Mənzillərdə və evlərdə bağlı qapı arxasında köməksiz qalanlardan iki nəfəri xarici ölkə vətəndaşlarıdır. Apardığımız araşdırma nəticəsində aylar üzrə mənzillərdə bağlı qapılar axasında köməksiz qalanlarla bağlı tərtib etiyimiz statistika aşağıdakı kimidir:

Yanvar ayında - 43 nəfər
Fevral ayında - 56 nəfər
Mart ayında - 73 nəfər
Aprel ayında - 52 nəfər
May ayında - 68 nəfər
İyun ayında - 62 nəfər
İyul ayında - 63 nəfər
Avqust ayında - 63 nəfər
Sentyabr ayında - 60 nəfər
Oktbyar ayında - 55 nəfər
Noyabr ayında - 80 nəfər.


Paytaxt və bölgələr üzrə ofisdə, mənzillərdə və evlərdə bağlı qapılar arxasında köməksiz qalanların da statistikasını tərtib etmişik. Həmin statistikanı da oxucularımız təqdim edirik.

Bakı üzrə:

Xətai rayonunda - 66 nəfər
Binəqədi rayonunda - 61 nəfər
Nərimanov rayonunda - 58 nəfər
Nizami rayonunda - 57 nəfər
Nəsimi rayonunda - 55 nəfər
Yasamal rayonunda - 53 nəfər
Sabunçu rayonunda - 40 nəfər
Suraxanı rayonunda - 38 nəfər
Səbail rayonunda - 18 nəfər
Qaradağ rayonunda - 9 nəfər
Xəzər rayonunda - 6 nəfər
Pirallahı rayonunda - 4 nəfər.


Regionlar üzrə:

Sumqayıt şəhərində - 78 nəfər
Mingəçevir şəhərində - 28 nəfər
Gəncə şəhərinin Kəpəz rayonunda - 20 nəfər
Abşeron rayonunun Xırdalan şəhərində - 15 nəfər
Lənkəran şəhərində - 11 nəfər
Şirvan şəhərində - 11 nəfər
Gəncə şəhərinin Nizami rayonunda - 9 nəfər
Abşeron rayonunda - 4 nəfər
Naftalan şəhərində - 4 nəfər
Yevlax şəhərində - 3 nəfər
Bərdə şəhərində - 3 nəfər
Xaçmaz şəhərində - 3 nəfər
Gəncə şəhərində - 2 nəfər
Şəki şəhərində - 2 nəfər
Goranboy şəhərində - 2 nəfər
Tovuz şəhərində - 1 nəfər
Siyəzən şəhərində - 1 nəfər
Göygöl şəhərində - 1 nəfər
Abşeron rayonunun Masazır qəsəbəsində - 1 nəfər
Abşeron rayonunun Mehdiabad qəsəbəsində - 1 nəfər
Şamaxı şəhərində - 1 nəfər
Zaqatala şəhərində - 1 nəfər
Zaqatala rayonunda - 1 nəfər
Qazax rayonunda - 1 nəfər
Qazax rayonunun Ağköynək kəndində - 1 nəfər
Daşkəsən şəhərində - 1 nəfər
Göyçay rayonunda - 1 nəfər.


Araşdırmamız nəticəsində müəyyənləşdirmişik ki, mənzillərdə bağlı qapılar arxasında köməksiz qalan və xilas edilən vətəndaşlardan 16 nəfəri huşsuz və halsız vəziyyətdə olub. Belə faktlardan 1-i yanvar ayında, 2-si avqust ayında, 5-i sentyabr ayında, 8-i isə noyabr ayında qeydə alınıb.

Mənzillərdə bağlı qapı arxasında köməksiz qalan azyaşlıların sayı 260 nəfərdir
Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
Mənzillərdə bağlı qapı arxasında köməksiz qalan azyaşlıların sayı isə 260 nəfərdir. Sözügedən uşaqların sayı ilə bağlı aylar üzrə tərtib etdiimiz statistika belədir:

Yanvar ayında - 20 nəfər
Fevral ayında - 17 nəfər
Mart ayında - 34 nəfər
Aprel ayında - 18 nəfər
May ayında - 33 nəfər
İyun ayında - 31 nəfər
İyul ayında - 18 nəfər
Avqust ayında - 19 nəfər
Sentyabr ayında 20 nəfər
Oktbyar ayında - 24 nəfər
Noyabr ayında - 26 nəfər.


Paytaxt və bölgələr üzrə də azyaşlı uşaqların mənzillərdə və evlərdə bağlı qapılar arxasında qalmaları ilə bağlı faktları araşdırmışıq. Həmin faktları da təqdim edirik.

Bakı üzrə:

Xətai rayonunda - 30 nəfər
Binəqədi rayonunda - 25 nəfər
Sabunçu rayonunda - 22 nəfər
Nizami rayonunda - 21 nəfər
Yasamal rayonunda - 18 nəfər
Suraxanı rayonunda - 17 nəfər
Nərimanov rayonunda - 12 nəfər
Nəsimi rayonunda - 9 nəfər
Qaradağ rayonunda - 5 nəfər
Xəzər rayonunda - 4 nəfər
Səbail rayonunda - 3 nəfər.


Regionlar üzrə:


Sumqayıt şəhərində - 43 nəfər
Mingəçevir şəhərində - 14 nəfər
Gəncə şəhərinin Kəpəz rayonunda - 10 nəfər
Abşeron rayonunun Xırdalan şəhərində - 9 nəfər
Şirvan şəhərində - 4 nəfər
Gəncə şəhərinin Nizami rayonunda - 5 nəfər
Abşeron rayonunda - 1 nəfər
Naftalan şəhərində - 3 nəfər
Yevlax şəhərində - 3 nəfər
Bərdə şəhərində - 1 nəfər
Xaçmaz şəhərində - 2 nəfər
Gəncə şəhərində - 1 nəfər
Şəki şəhərində - 2 nəfər
Goranboy şəhərində - 1 nəfər
Göygöl şəhərində - 1 nəfər
Abşeron rayonunun Mehdiabad qəsəbəsində - 1 nəfər
Şamaxı şəhərində - 1 nəfər
Zaqatala şəhərində - 1 nəfər
Qazax rayonunda - 1 nəfər
Göyçay rayonunda - 1 nəfər.


Araşdırmamız nəticəsində öyrənmişik ki, insanların, xüsusilə də azyaşlıların mənzillərdə bağlı qapı arxasında qalmalarının səbəbləri arasında qapının təsadüfən kilidlənməsi, giriş qapısının kilidində yaranmış nasazlıq, kilidin sınması faktları da var. Həmin faktlar üzrə tərtib etdiyimiz statistika aşağıdakı kimidir.

Aylar üzrə qapının təsadüfən kilidlənməsi və giriş qapının kilidində yaranmış nasazlıq faktları:

Sentyabr ayında - 2 fakt
Oktyabr ayında - 12 fakt
Noyabr ayında - 15 fakt.


Kilidin sınması faktları:

Noyabrda - 3 fakt.

Mənzillərdə nəzarətsiz buraxılan azyaşlıların əlləri ətçəkən maşınlarda qalıb
Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
Hətta bu ilin sentyabr ayının 30-da FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı zirzəmidə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açıb və uşağı aidiyyəti üzrə təhvil veriblər.
Araşdırmamız nəticəsində məlum olub ki, xilasedicilər hadisə yerlərinə cəlb olunaraq mənzillərin qapılarını açdıqdan sonra bəzi azyaşlılara müvafiq köməklik göstəriblər. Mənzillərdə bağlı qapı arxasında qalan bəzi azyaşlılara isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. Bütün hallarda isə azyaşlılar valideynlərinə təhvil verilib. Bu da o deməkdir ki, əksər valideynlər öz övladlarını mənzillərdə və evlərdə təkbaşına qoyaraq harasa gedirlər. Məhz bu cür laqeydliyin və məsuliyyətsizliyin nəticəsidir ki, azyaşlılar ciddi təhlükələrlə üzləşirlər. Məsələn, araşdırmamız nəticəsində müəyyənləşdirmişik ki, bəzi azyaşlılar tək-tənha oludqları zamanlarda, yaxud, valideynlərin nəzarətindən kənarda qaldıqları vaxtlarda ətçəkən maşınlarla oynamaq istəyirlər. Bunun nəticəsidir ki, bu günədək bir neçə azyaşlının əli ətçəkən maşında qalıb. Məsələn, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatlara görə, bu ilin mayın 16-da Bakının Xətai rayonunda 1 nəfər, sentyabr ayının 28-də Şəki rayonunda 1 nəfər, oktyabrın 12-də və noyabrın 27-də 2 nəfər azyaşlı uşağın əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb. Xətai rayonunda və oktyabrın 12-də Sumqayıtda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, noyabrın 27-də Sumqayıtda Sumqayıt Regional Mərkəzinin xilasediciləri, Şəki rayonunda isə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında ətçəkən maşını kəsərək hissələrə ayırıb və azyaşlıların əllərini çıxarıblar. Xilasedicilər və yanğınsöndürən-xilasedicilər uşaqlara lazımi köməklik göstəriblər və onları aidiyyəti üzrə təhvil veriblər.


TƏKLİFİMİZ: «Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ciddi tədbirlər görməlidir»
Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
Xatırlatmaq istərdik ki, bir neçə gün əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, 2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib: “Uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər”.
P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə 100 manatadək məbləğdə cərimə edilirlər.
Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb: “Uşaqların baxımsızlığı ilə bağlı vəziyyətə baxdıqda görmək olar ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə cəlb edilib”.

Azərbaycan İnformasiya Mərkəzi isə problemin həlli üçün təklif hazırlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) rəhbərliyinin diqqətinə çatdırmaq istərdik ki, araşdırmamızda sadaladığımız faktlar bir daha sübut edir ki, əksər valideynlər məsuliyyətsizlik və səhlənkarlıq edərək öz övladlarının gələcək taleləri barədə düşünmürlər. Söhbət isə mənzillərdə və evlərdə bağlı qapılar arxasında qalan uşaqların keçirtdikləri psixoloji sarsıntıların və gərginliklərin bu uşaqların gələcək həyatlarında nə qədər ciddi problemlər yaradacağı barədə valideynlərin xəbərsiz olmasından gedir. Ona görə də adıçəkilən komitə bu istiqamətdə maarifləndirmə işlərinə başlamalı, valideynlərə onların övladlarının mənzillərdə və evlərdə bağlı qapılar arxasında qalmalarının gələcəkdə yarada biləcək ciddi fəsadları barədə məlumat verilməli, məsuliyyətsiz və səhlənkar valideynlər isə cəzalandırılmalıdır. Övladlarının gələcəyinə biganə yanaşan valideynlərin üzə çıxarılması üçün sözügedən komitə mütləq Fövqəladə Hallar Nazirliyi ilə koordinasiyalı bir formada iş aparmalı, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mənzillərdə və evlərdə bağlı qapılar arxasında uşaqların qalması ilə bağlı məlumatlar daxil olarkən AQUPDK-in əməkdaşları da FHN-in xilasediciləri və ya yanğınsöndürən-xilasediciləri ilə bərabər hadisə yerinə getməli, həm azyaşlılara psixoloji dəstəyin göstərilməsini, həm valideynlərin maarifləndirilməsini, həm də hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsini gerçəkləşdirməlidir.

Şamama Ağamuradova: «Uşaqlar evdə tək qaldıqları vaxt qorxur və psixoloji travmalar alır»

Bəs mənzillərdə və evlərdə bağlı qapılar arxasında qalan azyaşlılar hansı psixoloji durumla üzləşirlər? Keçirtdikləri psixoloji gərginliklər onların gələcək həyatlarında hansı mənfi fəsadlarla yadda qalar bilər?
Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
Neyro Lingvistik Proqramlaşdırma üzrə beynəlxalq dərəcəli master və təlimçi, müəllim-psixoloq Şamama Ağamuradova Azərbaycan İnformasiya Mərkəzinin və www.azim.az internet portalının sorğusuna cavab olaraq bildirir ki, azyaşlı uşaqları evdə tək qoymaq olmaz. Uşaqlar evdə tək qaldıqları vaxt qorxar və bu, onlarda psixoloji travmalara səbəb ola bilər. Onun dediyinə görə, sözügedən psixoloji travmalar onlarda gələcəkdə baş verə biləcək stresslərlə yanaşı orqanizmlərində fizioloji dəyişikliklərə səbəb ola bilər: «Belə ki, uşaq qorxduğu zaman stress keçirir və düşdüyü bu stressli vəziyyətdə qanında güclü adrenalin ifraz olunur. Bu hormon simpatik sinir sistemini stimullaşdırır. Nəticədə ixtiyarsız olaraq nəfəs tezləşir, ürəyin döyünmə sürəti artır, əzələ və digər orqanlarda damarlar sıxılır və qan təzyiqi artır. Bu dəyişikliklər uşaqda klaustrafobiyanın fizioloji əlamətlərinin inkişafına gətirib çıxarır. Klaustrofobiya isə məntiqi izahı olmayan qapalı yerlərdə qalmaq qorxusudur. Klaustrofobiyanın tez tez rast gəlinən səbəbləri kimi qapalı otaqda qalmaqdan yaranan psixoloji travmaları və genetik uyğunluğu, beyin funksiyasının xüsusiliyini göstərmək olar. Klaustrofobiyanın səbəbləri araşdırmaların məşhur predmetidir və bunun ətrafında qızğın mübahisələr indi də davam etməkdədir. Bu pozğunluğunun baş verməsini izah edən bir neçə nəzəriyyə var: təkamül nəzəriyyəsi, beynin disfunksiyası nəzəriyyəsi, tərbiyə nəticəsində dəyişiklik və kəşf üçün səylər. Gələcəkdə inkişaf edə biləcək klaustrofobiya özünü aşılmaz qorxu, sürətli ürək döyüntüsü, tərləmə, nəfəs darlığı hissi ilə biruzə verir. Klaustrofobiyanın şiddətli forması zamanı panik hücumlar və ürək getmə hallarının olması mümkündür».
Mütəxəssisin fikrincə, ən qorxulu hal budur ki, gələcəkdə uşaqlarda müəyyən şəraitlərdə bu əlamətlər daha da çoxalacaq. Belə ki, balaca, dar, alçaq tavanlı, pəncərəsiz otaqlarda, kabinələrdə, liftlərdə, alış-veriş yerlərində, ictimai nəqliyyatda və sıxlıq olan yerlərdə bu narahatlıq daha çox özünü büruzə verəcək: «Ona görə də bu cür uşaqlar çalışmaqdan, hər hansı bir fəaliyyətlə məşğul olmaqdan çəkinəcəklər. Nəticədə, bu fobiya uşağın davranışını və vərdişlərini dəyişəcək və ümumiyyətlə son nəticədə, bu cür uşaqlar evdən çıxmaqdan imtina edə bilərlər. Qeyd edim ki, klaustrofobiya həm də ən çox rast gəlinən ruhi xəstəliklərdən biridir. Onun ağır patologiyasından əhalinin 3-6 faizi əziyyət çəkir, insanların təxminən 15 faizi isə adam çox olan otaqlarda olarkən narahatçılıq hissi yaşayırlar. Qadınlar klaustrofobiya xəstəliyindən 2 dəfə çox əziyyət çəkirlər. 25-45 yaşlarında bu xəstəlik daha çox müşahidə olunur. Klaustrofobiya uşaqlarda da inkişaf edə bilər. Uşaqlıq dövründə klaustrofobiya çətin keçirilir, 50 yaşdan yuxarı olan insanlarda isə klaustrofobiyanın simptomları zəifləyir. Klaustrofobiyadan əziyyət çəkən uşaq kiçik bağlı otaqda, pəncərəsiz olan otaqda, liftdə, duş kabinəsində, təyyarədə, metroda, qatarda, uşaqlarla dolu olan bir otaqda, zirzəmidə, bərbər stolunda, növbədə olarkən narahatlıq və həyəcan yaşayırlar. Bir dəfə qapalı məkana düşən bir uşaq yeni bir panik hücumun olmasından, azadlığın məhdudlaşdırılmasından, hava çatımamazlığından və boğulmadan qorxur. Klaustrofobiyanın müalicəsi ilə psixoloqlar və psixoterapevtlər məşğul olurlar. Bu narahatlıqdan xilas olmaq üçün bir çox metodlar hazırlanmışdır: öz-özünə hipnoz, hipnoz, NLP. Təcrübəli psixoterapevtlər tərəfindən bu xəstəlik 5-7 saat ərzində müalicə oluna bilər».


«Müalicə olmadan klaustrofobiya əlamətləri ağırlaşır və xəstəlik xroniki hal alır»
Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
Psixoloq vurğulayır ki, uşağın keçirdiyi ilk həyəcan bir qayda olaraq gözlənilmədən olar və uzun müddət yaddaşda qalır. Daha sonra uşaq bənzər vəziyyətlərə düşəndə, xoşagəlməz duyğuların təkrarlanmasından qorxur, o, qapalı məkandan deyil, bu otaqda nə baş verə biləcəyindən qorxur.
Klaustrofobiyaların fizioloji təzahürləri orqanizmin vegetativ reaksiyası ilə əlaqələndirilir: «Simpatik sinir sisteminin stimullaşdırılır, ürək döyüntüsü artır, qan damarlarında pulsasiya edir, ürək çarpıntıları, sinədə sıxılma, nəfəs çatışmamazlığı, nəfəs daralması, boğaz ağrısı, öskürmə, istilik gəlmə, üz və boynunda yanma hissi, ürəkbulanma, qusma, soyuqluq hissləri, həddindən artıq nəfəs alması səbəbindən şüurun itirilməsi kimi hallar yaranır. Uşaqlarınızda bu cür psixoloji və ya fizioloji əlamətlər gördükdə psixoloq və ya psixoterapevtlə məsləhətləşin. Müalicə olmadan klaustrofobiya əlamətləri ağırlaşır və xəstəlik xroniki hal alır. Xəstə təhlükəli vəziyyətdə olduqda, bu vəziyyətdən qaçmaq üçün davranışını dəyişir. Bu halda onun dost çevrəsi azalır, uzunmüddətli depressiya inkişaf edir, laqeyd və qərəzsiz olur.
Bu cür hallarda uşaqlarla başqa mövzuda söhbətlər edin, onun fikrini yayındırın. Onu tərbiyə edərkən qorxutmayın və cəzalandırmaq üçün heç vaxt qaranlıq otaqda tək saxlamayın. Uşaqlarınızı sevin. Əmin olun ki, bu gün uşağınızın uğurlu olması onun məktəbdə əlaçı olması ilə bağlı deyil. Siz övladınızın dünyagörüşünü artırın».


«Böyüklər uşaqların maraq dairələrinə nəzarət etməlidirlər»
Bağlı qapı arxasında qalanlar... 1481 nəfər, 260 azyaşlı, 68 cəsəd və… Həyəcan təbili çalınmalıdır - ARAŞDIRMA (I YAZI)
Şamama Ağamuradova əlavə edir ki, bu gün istənilən uşağın hər dəqiqəsi valideynlər tərəfindən planlı şəkildə hansısa bir fəaliyyətlə məşğul olması üçün hesablanıb. Bu cür uşaqlar böyüdükdə də valideynin fikrindən asılı qalır və özləri sərbəst qərar qəbul edə bilmirlər: «Hər bir uşağın gündəlik olaraq həftə içi ən azı 2 saat, həftə sonları isə 4-5 saat vaxtı olmalıdır. Uşaqlar öz vaxtlarından səmərəli istifadə etməyi, düşünməyi, xəyal qurmağı və ya kitab oxumağa xərcləyə bilərlər. Müasir texnologiyadan istifadəyə gəldikdə isə buna uşaqlar olduqca az vaxt sərf etməli və böyüklər uşaqların maraq dairələrinə nəzarət etməlidirlər. Bunun üçün müasir proqramlar vasitəsi ilə müəyyən mövzulu saytlara girişi azaltmalı və qadağan edilməlidir. Uşaq kompüter oyunlarına ona ayrılmış həftə sonlarında vaxt ayırmalıdır. Uşağın normal fiziki və psixiki inkişafı üçün onun gündəlik rejimi də olmalıdır. Belə ki, uşağın sağlam böyüməsi və psixoloji problemlərinin olmaması üçün saat 9-da uşağınız yatmalıdır. Heç bir film və ya veriliş uşağın yuxusundan önəmli ola bilməz».

(Davamı var)

Təbriz VƏFALI




Ana səhifəyə qayıt        Baxış: 3 344          Tarix: 15-12-2017, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma