Xəbər lenti

“Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün sərəncam imzaladı. Bu, böyük qayğı idi. Müharibə aparan dövlət bu insanların hüquqlarını qorumalıdır. Amma bir qrup insan var ki, bu hüquqdan yararlana bilmir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, həmin insanların bir qismi “Azərsığorta”ya müraciət edərkən mənfi cavab alırlar: “Həmin insanlara bildirirlər ki, onlar pulu 90-cı illərdə alıblar. Amma onlar vəsaiti almadıqlarını deyirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də bunu vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Həmin insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər, nazirlik də bildirir ki, adınız “Azərsığorta”nın təqdim etdiyi siyahıda yoxdur. Bu da yanlış bir yanaşmadır. Dövlət qurumları öz funksiyalarını yerinə yetirmirlər, vətəndaşı Milli Məclisə yönləndirirlər. Parlament öhdəsinə düşəni edib, qərar qəbul edib, ölkə Prezidenti də bu istiqamətdə addım atıb. Hansısa işinin öhdəsindən gələ bilmirsə, bunun yolunu tapmaq lazımdır”.

Deputat bu prosesin sənədləşməsinin elektron qaydada aparılmasını təklif edib.

Deputat Zahid Oruc da bu məsələni qaldırıb. O deyib ki, 4800-dən artıq şəhid ailəsi müavinət ala bilməyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdən çox narahatdır. Məsələnin həll edilməsinə çalışırlar”.

Digər deputatlar Aqil Abbas, Qənirə Paşayeva da bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 16-10-2018, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma