Xəbər lenti


Koronavirus pandemiyasından dünyasını dəyişən şəxslər dəfn edilən zaman ailə üzvlərinə təhvil verilmir. Təhlükəsizlik baxımından vəfat edən şəxs təcili yardım maşınında və ciddi nəzarət altında birbaşa dəfn edilməsi üçün qəbiristanlığa aparılır.
Musavat.com xəbər verir ki, bu fikirləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında da təsdiq edib. Bildirilir ki, vəfat edən şəxsin ailə üzvlərinə meyitlə təmasda olmağa icazə verilmir.
Martın 12-də koronavirusdan dünyasını dəyişən qadının Lənkəran şəhərində, Boladi kəndində dəfn edilməsi haqda da məlumat vermişdik.
Mərhumun yaxınları musavat.com-a bildirmişdi ki, mərhum Bakıdakı xəstəxanadan birbaşa yaşadığı kəndə göndərilib və ailə üzvlərindən 3-4 nəfərin iştirakı ilə dəfn edilib. Onlara bunun təhlükəsizlik tədbirləri ilə əlaqədar olduğunu bildiriblər.
Onu da qeyd edək ki, Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin dəfn edilməsi üçün ayrıca qəbiristanlıq nəzərdə tutulmayıb. Bu günə qədər vəfat edən şəxslər yaşadıqları ərazi üzrə qəbiristanlıqlarda torpağa tapşırılıblar.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfni üçün lazım olan xərcləri dövlət qarşılayır.
Bildirək ki, xərclər mərhuma baş daşının qoyulması kimi xərcləri də əhatə etmir. Bu xərclərə yalnız vəfat edən şəxsin xəstəxanadan gətirilməsi, dəfn üçün yerin təşkil edilməsi və torpağa tapşırılması kimi xərclər daxildir.
Ramin Bayramlı bildirib ki, koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfn edilməsi ilə bağlı xüsusi qaydalar müəyyən edilməyib. Dəfn işləri sadəcə meyitlə ailə üzvlərinin təmasda olmaması şərti ilə həyata keçirilir.
Professor Adil Qeybulla da deyir ki, koronavirusa yoluxaraq ölən şəxsin dəfninin adi qaydada həyata keçirilməsi ciddi təhlükə deyil.
Adil Qeybulla bildirir ki, meyitin həyat fəaliyyəti olmadığından virusun sirkulasiya imkanları yoxdur, bədəndə qan da dövran etmir.
Professor yenə də dəfn mərasimlərinin təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilməsini məqsədəuyğun hesab edir.
Bu mövzuda əsas müzakirələr isə dünyasını dəyişən şəxsin dini qaydalara uyğun olaraq dəfn edilib-edilməməsi ilə bağlıdır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli də açıqlama verib.
O, “report”a bildirib ki, virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir: "Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər. Tövsiyə nədirsə, dinimiz də bu nöqteyi-nəzərdən ona əməl etməyi vacib sayır. Hər hansı bir virusun başqalarına yoluxma təhlükəsi varsa, dəfn mərasimində məhdud sayda insanlar iştirak etməlidirlər”.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər koronavirusa yoluxan şəxslərdən 13 nəfəri dünyasını dəyişib.
Çin, ABŞ, İtalya, Fransa, İspaniya və bir çox ölkələrdə koronavirus pandemiyasından dünyasını dəyişən minlərlə şəxsin dəfn edilməsi üçün xüsusi məzarlıqlar yaradılıb. Həmin ölkələrdə də meyit ailə üzvlərinə təhvil verilmədən dəfn edilir.
İlkin Muradov
Musavat.com





Ana səhifəyə qayıt        Baxış: 2 554          Tarix: 16-04-2020, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma