Xəbər lenti
Fövqəladə Hallar Nazirliyi Bakının  Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında dünən gecə saatlarında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda deyilir ki, yanğın barədə “112” qaynar xəttinə məlumat mayın 11-də axşam saat 22.51-də daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.

Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.
Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.
“EuroHome” tikinti materialları bazarı son beş ayda ikinci dəfədir ki, yanır və xəbər verildiyi kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerində jurnalistlər açıqlamasında ticarət mərkəzinin sahibinin birinci yanğından sonra da yanın təhlükəsizliyi tədbirlərinə əməl etmədiyini deyib.

"Bir müddət əvvəl burada yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burada sahibkarların fəaliyyətinə şərait yaradılıb",-nazir bildirib.
“EuroHome” tikinti materialları satışı mərkəzinin sahibi iş adamı Azay Möhnətovdur. O, həmçinin, “AF Holdinq” Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir. Azay Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur “AF Mall” və “AF Hotel & Aqua Park” var.
Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki,  R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib.

“EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib.
Xəbər verilir ki, ticarət mərkəzi yansa da Möhnətovu hadisə yerində görən olmayıb. Birinci yanğından sonra bazarda malları yanan və külli miqdarda ziyana düşən ticarətçilər etirazlar təşkil edərək onlara kompensasiya verilməsini tələb edirdilər. Möhnətov isə demişdi ki, mağazaların əksəriyyəti sığortalıdır və ticarətçilər sığorta haqlarını alacaqlar.
Virtualaz.org



Ana səhifəyə qayıt        Baxış: 2 530          Tarix: 12-05-2020, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma