Xəbər lenti

Tahir Cəfərli:”Azərbaycan körpələrinə mərmi sıxanlar Qərbin tapşırığını yerinə yetirir...”
Tanınmış siyasi analitik, BDU-nun müəllimi Tahir Cəfərli ilə Rusiya və ABŞ liderlərinin son görüşündən və həmin görüş fonunda Qarabağ ətrafında gözlənilən proseslərdən bəhs etdik.
-Tahir müəllim, hazırda beynəlxalq baxımdan ən maraqlı məsələlərdən biri dünyanın iki güclü dövlət liderləri - V.Putin və D.Trampın dünənki görüşü və orada müzakirə olunan məsələlərdir. Azərbaycan  üçün isə ən aktual problem Qarabağın 26 illik işğalı faktı, eləcə də davam edən insan və ən dəhşətlisi, körpə itkiləridir...
 
 
“Trampın xanımı Putinlə danışıqların uzanmasının əleyhinə olub...”
-Putinlə Trampın görüşü dünyanın yenidən iki əks düşərgəyə bölünməsinin göstəricisidir. Onların dostluğu haqqında danışılanlar isə mifdir. Çünki öncəki söhbətlərimizdə də söylədiyimiz kimi, ABŞ-ın 45-ci Prezidenti proteksionistdir. Fikir verin, 20-lər görüşündə Avropa liderləri əsas məsələ kimi proteksionizmi ortaya atdılar. Sanki Rusiya yaddan çıxmışdı...Putin Yaponiya Baş nazirinə  Trampla görüşü haqqında dedi ki, onlar beynəlxalq terrorçuluq, Suriya, Yaxın Şərq və başqa məsələlərdən danışmışlar... Amma iki prezidentin 2 saatlıq danışıqlarının konkret bir nəticəsi yoxdur. Vahid bir məxrəcə gəlsəydilər, jurnalistlərin qarşısında çıxış edərdilər. Maraqlı bir fakt da odur ki, ABŞ-ın birinci xanımı Meliana Tramp bu danışıqların uzanmasına mane olmaq istəyib. Bunu ABŞ-n dövlət katibi bəyan etdi...
Bir sözlə, Avropa liderlərini 20-lərin görüşündə yalnız ABŞ proteksionizmi  narahat edirdi. Bu saat geosiyasətdə bu, ən aktual məsələdir. Avropa və digər ölkələrin çoxu ABŞ-ın diktəsi ilə yaşamaq xəttini tutur. Odur ki, D.Trampla V.Putinin görüşü iki düşərgə arasındakı uçurumun dərinləşəcəyindən xəbər verir...
“ABŞ-ın Qafqazda möhkəmlənməsi üçün ən işlək mexanizm Qarabağ problemidir...”
 
 
-Putin-Tramp görüşü fonunda Qarabağ məsələsinə nəzər yetirsək, nə görərik?
- Allah rəhmət eləsin balaca Zəhra qızımıza və cəmi digər şəhidlərimizə...  Öncə Ağ Evin bu məsələdə aktiv rol oynamaq istəməsi haqda bəyanatlarına baxsaq, görərik ki, ABŞ-ın Qafqaza burun soxması və burada möhkəmlənməsi üçün ən lazımlı və işlək mexanizm Qarabağdır. Məqsəd Rusiyanı hərbi-siyasi güc olaraq Ermənistandan çıxartmaq üçün Qarabağ məsələsini həll etməkdir. İnanmıram ki, problemin Vaşinqtonun diqtəsi ilə həlli Azərbaycanın xeyrinə olsun...  
“İşğal altındakı torpaqlarımız iki super gücün növbəti qarşıdurma poliqonuna çevrilə bilər...”
 
-Hansı əsasla belə düşünürsüz?
-Çünki Azərbaycanın dinc əhalisinə, körpələrimizə mərmi sıxanlar Qərbin tapşırığını yerinə yetirirlər ki, müharibə alovlansın. Azərbaycan ordusu erməni ordusunu qovmağa başlasın. Nəticədə Ermənistanın Qərbmeyilli qüvvələrinin çağırışı ilə NATO bu ölkəyə yardım üçün öz qoşunlarını buraya yeritsin. Bu isə yenə də Qarabağ probleminin uzanması və Azərbaycanın işğal altındakı torpaqlarının iki super gücün növbəti hərbi-siyasi qarşıdurma poliqonuna çevrilməsi ilə nəticələnə bilər...   
“Rusiya iki xalqı toqquşduranları cəzalandırmalıdır...”
 
 
-Bəs Rusiya necə həll etmək istəyir Qarabağ problemini? Məgər bu məsələni başladan elə Kreml deyil?
- Hazırkı Rusiya  hakimiyyəti Cənubi Qafqazda öz geostrateji maraqlarını tam təmin etmək üçün Qarabağ problemini beynəlxalq hüquq normaları, sərhədlərin dəyişdirilməməsi prinsipi əsasında həll edəcək. Başqa cür ola bilməz. Rusiyanın belində Qarabağ bir çibandır və o, bu çibanı sıxmalıdır. Onun yeganə yolu iki xalqı barışdırması, iki xalqı toqquşduranları cəzalandırmasıdır. Bu müharibəyə qarşı olan həm də İrandır. Qarabağ məsələsində Rusiya və İran eyni mövqedən çıxış edəcəklər. 
“Azərbaycan Qarabağla bağlı ciddi seçim qarşısındadır...”
 
- O halda son günlər Rusiya XİN-in Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarının ölkəmizə gəlməsinə maneə törətməməsi ilə bağlı tam aqressiv tələblərinə necə qiymət verirsiz?
-Buna sadəcə, bir siyasi təzyiq forması  kimi baxıram. Çünki  Rusiya ehtiyat edir ki, Azərbaycan Qərbin təzyiqi ilə müharibəyə gedə bilər. Aydındır ki, bütün bunlar  həm  Vaşinqton, həm də Moskvanın Azərbaycanı öz düşərgəsində görmək istəyindən qaynaqlanır. Azərbaycan ciddi seçim qarşısındadır... 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 056          Tarix: 8-07-2017, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma