Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin polkovniki Bruno Kuhn beynəlxalq forumda çıxış edib. "2024 APRI Forumu"nda çıxış edərək polkovnik bunları deyib:
"Cənubi Qafqazdakı proseslərdə iştirak etmək Fransanın əsas siyasi məqsədlərindən biridir.
Fransa Ermənistana kənardan hücumu imkansız səviyyəyə qaldırmaq istəyir. Paris Azərbaycanın Ermənistan-Fransa hərbi razılaşmaları ilə bağlı “aqressiv” bəyanatlarından təəssüf və narahatlığını bildirir. Yeni Kaledoniyada etirazların başlamasına bir həftə qalmış Yeni Kaledoniyalı deputatlardan biri Bakıya səfər edib. Fransa Azərbaycanın bu iğtişaşlarda əli olduğuna inanır. Fransa hakimiyyəti bu istiqamətdə işləyir"...
Musavat.com -un şərhi: Bütün bunları hər hansı siyasətçi, yazıçı, yaxud da jurnalist söyləmir. Bunu Fransa ordusunun yüksək rütbəli zabit heyətinə aid birisi beynəlxalq forumda səsləndirir. Bu da o deməkdir ki, prezident Makronun Cənubi Qafqaza soxulması və burada əsas oyunçulardan biri olması iddiası artıq Fransa dövlətinin hərbi doktrini səviyyəsinə gəlib. Polkovnik Bruno Kuhn öz çıxışı ilə bu doktrini ifşa etmiş durumdadır. Polkovnik Bruno hərbi sirr daşıyıcısıdır və onun nitqi ciddiyə alınmalıdır.
Fransa Ermənistan vasitəsi ilə bölgəyə yerləşmək, Cənubi Qafqazdan Rusiyanı vurub çıxarmaq, Türkiyənin artan nüfuzunu neytrallaşdırmaq və bu bölgədə əsas hərbi - siyasi güc olmaq iddiasındadır. Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın bu prosesə isti yanmaması isə Fransa prezidentini və onun təmsilçiliyindəki indiki dövlət aparatını qıcıqlandırır.
Azərbaycan Qafqazdakı proseslərdə qeyri-regional güclərin iştirakını istəmir və bu güclərin qalıcı sülhə destruktiv təsirlərini açıq şəkildə ifşa edir. Rəsmi Bakı erməni revanşizmini qızışdıran, ikili standart yürüdən Fransa prezidentini və onun siyasi kursunu bölgədə bloklayır. Buna görə də Makron və onun komandası, hətta ordusunun polkovniki Azərbaycanı hədəfə alır, onu şantaj edir, geri çəkilməsini istəyir. Rəsmi Bakı isə tam əksinə, bölgəmizə və sülhümüzə soxulmaq istəyən Fransanı daha inadlı şəkildə kənara itələyir, üstəlik, assimmetrik zərbələrlə onun cavabını verir, problemlər yaradır, güc göstərir.
Adıçəkilən polkovnikin, ondan da əvvəl Fransa Daxili işlər nazirinin Yeni Kaledoniya şikayəti bu qəbildən qiymətləndirilə bilər.
Bölgəmizdə status -kvonun qurucusu Azərbaycandır və rəsmi Bakı Cənubi Qafqaz üçün qalıcı sülh proqramı ilə çıxış edir. Lakin görünən budur ki, böyük güclər Qafqazda sülh yox, gərginlik, qarşıdurma istərirlər. Bu güclərin başında isə Fransa gəlir.
Paylaş: