
"Hindistan Ukraynada münaqişə başlayandan sonra Rusiya neftinin ölkəyə idxalı ilə bağlı Avropa İttifaqı və ABŞ-nin iradlarını əsassız və məntiqsiz sayır".
Oxu.Az "Kommersant" nəşrinə istinadla xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysvalın bəyanatında deyilir.
"Hindistan Rusiyadan neft idxal etməyə başlayıb, çünki ənənəvi tədarüklər münaqişə başlayandan sonra Avropaya yönəldilib. ABŞ həmin vaxt dünya enerji resursları bazarında sabitliyi gücləndirmək naminə bu yanaşmanı fəal şəkildə təşviq edirdi. Rusiya neftinin Hindistana idxalı "zəruri" adlandırılırdı" , - deyə bəyanatda vurğulanır.
Hindistan nazirliyi Qərb ölkələrini məntiqsizlikdə ittiham edib. Belə ki, Hindistanın bəyanatına görə, ABŞ Rusiyadan gübrələr, kimyəvi maddələr, elektrik avtomobillərinin istehsalı üçün palladium və nüvə sənayesi üçün uran heksaflorid almağa davam edir:
"Avropa Rusiyadan kimya, dəmir və polad, maşın və nəqliyyat avadanlıqları, eləcə də enerji resursları idxal edir".
Paylaş: