Xəbər verdiyimiz kimi, Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq. "Müdafiə haqqında" qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq:
6 ay – döyüş bölməsində xidmət, 8 ay – mühafizə və ya yardımçı dəstədə xidmət, 11 ay – kiçik komandanlıq vəzifələrində və əvvəlcədən müəyyən edilmiş ixtisaslar üzrə xidmət. Eyni zamanda, çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əməkhaqqı alacaqlar və onların iş yeri saxlanılacaq.
Azərbaycanda hərbi xidmətin qısaldılması ilə bağlı fikirlər səsləndirilir. Hətta Türkiyədəki kimi bədəlli əsgərliyin formalaşdırılması istiqamətində irəli sürülən təkliflərin sayı az deyil. Qarabağ işğaldan azad olundu və ordumuz gündən-günə inkişaf edir. Lakin hərbçilər arasında intihar, xəstəlikdən ölmə, silahdan ehtiyatsız davranma halları müşahidə olunur. Bəzi ekspertlər psixologiyası hərbi xidmətə uyğun olmayan şəxslərin hərbi xidmətə çağrıldığını deyir. Ümumi problemləri nəzərə aldıqda, Azərbaycanda hərbi xidmət müddəti qısaldıla bilər?
Mövzu ilə bağlı Sonxəbər.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycanda hərbi qanunvericilik təkmilləşdirilməli və müasirləşdirilməlidir:
"Qonşu Gürcüstan ilə bağlı məsələ illər əvvəl müzakirəyə çıxarılmışdı. Amma əfsuslar olsun ki, bu vaxta qədər parlamentdə bu məsələni qaldıran olmadı. Torpaqlarımız işğaldan azad olunub. Amma alternativ xidmət haqqında qanun hələ də müzakirəyə çıxarılmır və qəbul olunmur. Sözügedən qanun ağıllı təklifdir. Biz qardaş Türkiyə modelini örnək götürürdük. Türkiyədə alternativ xidmət və xidmət müddətləri ilə bağlı maraqlı qanunvericilik var. Həmin qanunvericilik insanlara rahat şəkildə insanlara təhsil alma, müəyyən hallara görə şərait yaradır. Orada çağırışçılar özləri üçün alternativ xidmət seçə və hər hansı bir xəstəxana yaxud sosial müəssisədə 2 il xidməti vəzifələrini yerinə yetirə bilərlər. Bu da onun hərbi xidmətə bərabər sayılır. Bütün güc strukturlarının tabeliyində hərbi qulluqçular var. Burada təkcə Müdafiə Nazirliyindən söhbət getmir".
Ekspertin sözlərinə görə, ordumuzu gələcəkdə daha uğurlu və yüksək pillələrdə görmək istəyiriksə peşəkarlara üstünlük verməliyik:
"Burada sual yaranır: Çağırış sistemi necə olacaq? Çağırış sisteminin tənzimlənməsinin yolları var. Çağırış sistemi elədir ki, müəyyən müddət hazırlıq keçirsən və ehtiyatda gözləyirsən. Zamanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin o şəxsləri təlimlərə cəlb edir ki, onların vərdişləri təkmilləşsin. Mən Gürcüstanda olan bu yenilikləri alqışlayıram. Sadəcə olaraq qonşu dövlətdə ordu müasirləşmə və mobil standartlara hazırlanır. Bu gün çoxsaylı ordu saxlamağa ehtiyac yoxdur. Bu həm büdcəyə ağır yükdür, həm də hərbi xidmətə meyilli olmayan bir insanı ağır yükün altına salmaq deməkdir. Bu baxımdan müəyyən lazımsız ixtisaslar ixtisara salınmalıdır. 100 çağırışçı əvəzinə 10-20 peşəkar saxlamaq lazımdır. Büdcəyə bunun ciddi bir təsiri yaxud yükü olmaz".
Qeyd edək ki, Gürcüstanda köhnə qaydalarla hərbi xidmətə sonuncu çağırış başlayıb. Payız çağırışı avqustun 5-dən dekabrın 28-dək aparılacaq. Ümumilikdə 18 yaşından 27 yaşa qədər olan 2,9 mindən çox şəxs hərbi xidmətə çağırılacaq, onlardan yalnız 900 nəfəri müdafiə qoşunlarında xidmət edəcək. Xidmət müddəti 12 aydır. Artıq 2025-ci il yanvarın 1-dən isə çağırışçılar yalnız "Milli Hərbi Xidmət" adlandırılacaq hərbi xidmətə göndəriləcək.
Paylaş: