Ətraf mühitin qəsdən çirkləndırılməsi “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən cinayətdir. (Maddə 248) Bu, xüsusi qanunlarla ətraf mühitə atılması qadağan edilən tullantı və ya qalıqların qəsdən ətraf mühitə (su, hava və torpaq kimi qəbuledici mühitlərə) zərər verə biləcək şəkildə atılması zamanı baş verir.
Son günlər xüsusilə işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşların ətraf mühiti qəsdən və ya ehtiyatsızlıqdan çirkləndirməsi ilə bağlı videogörüntülər paylaşılır. Bu xoşagəlməz görüntülər əlbəttə ki, vətəndaş olaraq hamımızı narahat edir. Ətraf mühiti zibilləyən bəzi mədəniyyətdənkənarlar niyə özlərinə sual vermirlər ki, bir neçə il öncə həsrətindən yanıb-tutuşduğumuz Qarabağı belə qoruyuruq? Hələ də o torpaqları görməyənlər var, həsrətlə gözləyirlər ki, gedib doğma yurd-yuvalarını görsünlər, diz çöküb torpağını öpsünlər.
Bəs Qarabağ getmək şansı olanlar niyə belə edirlər? Müqəddəs Şəhidlərimizin hər qarışı uğrunda tökdükləri mübarək qandan utanmırlarmı? Qazilərimiz o torpaqlarda yarı canlarını qoyublar, əllərini, ayaqlarını, gözlərini itiriblər, onları xatırlayıb etdiklərindən xəcalət çəkmirlərmi?
Hər iş üçün dövlət qanunlarının işə düşməsini gözləməyək, əziz vətəndaşlar. İctimai qınaq bütün dövrlərdə öz təsirini göstərmişdir. Ümid edirəm ki, indi də göstərə bilər. Bu cür neqativ hallarla qarşılaşdığımızda susmayaq. “İnsanlığa kölgə salar “sənə nə?”/ Nadanlığa işıq tutar “mənə nə?” (A.N.) Xalq Şairi Məmməd Arazın sözlərini xatırlamaq yerinə düşər:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi...
Əziz vətəndaşlar, bu Vətən hamımızındır və onu qorumaq da hamımızın borcudur. Küçə lövhələri qoyulmasına rəğmən yenə də çox yerdə, əsasən piknik məkanlarında tez-tez belə hallarla üzləşirik. Təbii ki, bu, bir tərbiyə problemidir. Özünütərbiyə ailədən başlayır, siz böyüklər bunu uşaqlarınızın gözü qarşısında edirsiniz, bu onlara çox pis nümunədir. Uşaqlara məktəbdə, bədii nümunələr üzərində bu mövzuda dərslər keçirilir, amma ailədə də, xüsusilə ailə gəzintiləri – bölgələrə səfərlərdə, evdənkənar piknik günlərində praktiki olaraq valideynlər uşaqlarına ətrafı çirkləndirməməyi təkrar-təkrar deməli və özləri nümunəvi davranış nümayiş etdirməlidirlər. Hər bir vətəndaş bilməlidir ki, ətraf mühiti çirkləndirmək yanlış davranışdır, həm ətraf mühitə zərər verirlər, həm də kiçiklərə pis nümunə olurlar. Təəssüflər olsun ki, ətrafa atılmış zibillərin arasında azyaşlı uşaqların təəccüblə baxdığı spirtli içki şüşələri də olur. Əziz vətəndaşlar, hər kəsin bu məsələdə həssas olmasını gözləyirik.
Onsuz da zəmanəmizdə müharibələr, silahlar havanı kifayət qədər çirkləndirir.
Sənaye istehsalı və istehlakı nəticəsində havamız, suyumuz, torpağımız çirklənir. Havanın, suyun və torpağın zəhərli kimyəvi tullantılarla çirklənməsi həyat və eko-həyata ölümcül mənfi təsirlər yaradır. Hətta günümüzün bəlası – xərçəng xəstəliyinin müasir sənaye həyatının mənfi təsirlərindən yarandığı da tibb professorları tərəfindən deyilir.
Şəhər yerlərində insanlar minlərlə və on minlərlə avtomobilin zəhərli tullantılarını nəfəs alaraq yaşayırlar.
Qlobal istiləşmə nəticəsində iqlim dəyişikliyi, sürətli əhali artımı, şüursuzca təbiətə atdığımız sənaye tullantıları, neft və dərman tullantıları, plastik məmulatlar, qeyri-sağlam urbanizasiya, havanın, suyun və torpağın çirklənməsinə səbəb olur, dünyanın təbii tarazlığını pozaraq bütün bəşəriyyətin və təbii həyatın gələcəyini təhdid edir. Belə olan halda bir tərəfdən də biz çirkləndirməyək, təbiəti qoruyaq, ətraf mühiti təmiz saxlayaq.
Ətraf mühitin çirklənməsinə qarşı mübarizə və təbiətlə harmoniyada yaşamaq hər bir insanın əsas vəzifələrindən olmalıdır. İnsanlar yaşadıqları ətraf mühitin qorunması, ondan şüurlu şəkildə istifadə və mühafizə siyasətini həyata keçirməli, effektiv ekoloji siyasətləri dəstəkləməli və yaymalıdırlar.
Hər bir insanın gündəlik həyatda edə biləcəyi kiçik hərəkətlərlə, tədbirlərlə ətraf mühitin çirklənməsinə qarşı mübarizəsi gələcək nəsillərə yaşana bilən, yaşıl və təmiz bir dünya buraxmaq yolunda kiçik, lakin bəlkə də ən mühüm addım olacaq. Yaşayış resurslarımızı qorumaq üçün uşaqlarımıza daha yaşana bilən bir mühit buraxmaq üçün birlikdə çalışmalıyıq. Ekoloji maarifləndirmə ilə bağlı hamımızın yadda saxlamalı olduğumuz şey odur ki, təbiətin yaşaması üçün insana ehtiyacı yoxdur, insan var olduğu müddətcə həyatlarını davam etdirmək üçün təbiətə ehtiyac duyur. Bu səbəbdən biz təbiəti, ətraf mühiti var olmamız üçün qorumalıyıq.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru,
“Kitab Evi” İctimai Birliyinin sədri
Paylaş: