
ABŞ münaqişə bitdikdən sonra Ukraynada hərbi təyyarələrini yerləşdirməyi və təhlükəsizlik zəmanəti olaraq Kiyevə kəşfiyyat məlumatı verməyi təklif edib.
Oxu.Az bildirir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti Avropa və Ukrayna məmurlarına istinadən məlumat yayıb.
Məlumata görə, avropalılarla aparılan danışıqlar nəticəsində Vaşinqton Böyük Britaniya və Fransanın başçılıq etdiyi "Könüllülər koalisiyası"nın hərbi kontingentinin yerləşdirilməsini təmin etmək üçün məlumat toplamaq, kəşfiyyat, müşahidə, komandanlıq, idarəetmə və hava hücumundan müdafiə vasitələrini təqdim etməyə hazır olduğunu bəyan edib.
Bildirilir ki, Qərb ölkələri münaqişənin nizamlanmasının qaralama variantını hazırlayıblar. Bu variant Ukrayna və Rusiya ilə razılaşdırılaraq, neytral sülhməramlı qüvvələrin patrul aparması ehtimalı ilə demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur.
Onların planına görə, bu xəttin xaricində NATO-ya üzv ölkələrin silahları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri yerləşdiriləcək, alyansın təlimatçıları da Ukrayna ərazisində olacaqlar.
Paylaş: