Xəbər lenti

"Atletiko" ilə Çempionlar Liqasında keçirəcəyi növbəti oyunlar ərəfəsində "Qarabağ"ın ispaniyalı legionerləri Miçel və Dani Kintana AS nəşrinin suallarını cavablandırıblar. "Report" həmin müsahibəni təqdim edir...

- "Atletiko" ilə oyunun xüsusi əhəmiyyət kəsb etdiyi fikri ilə razısınız?

Miçel: Bəli, bu, bizim üçün xüsusi oyun, bir mükafatdır. Hamı mümkün qədər çox həzz almağa çalışacaq. Təsəvvür edin, öz ölkənizdə oynayırsınız və böyük tarixə, böyük oyunçulara malik "Atletiko" ilə qarşılaşırsınız. Belə bir oyuna çıxacağımız üçün şadıq və görüşü səbirsizliklə gözləyirik.

Kintana: Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək hamımız üçün böyük mükafat idi. Belə matçlarda oynamaq stimul deməkdir. "Atletiko" dünyanın ən yaxşı komandalarından biridir. Karyeramda Çempionlar Liqası kimi turnirdə oynamaq hissi yaşamamışam.

- Əvvəllər Avropa Liqasında oynamısınız. İndi isə Çempionlar Liqasında mübarizə aparacaq ilk Azərbaycan klubusunuz...

Kintana: Düzdür, Avroliqada oynamışıq. Amma İspaniyanın heç bir komandası ilə qarşılaşmamışıq. Bu, hamımızın istədiyi görüş olacaq. Bilirik ki, indi çoxlarının diqqəti "Qarabağ"la qarşılaşacaq "Atletiko"ya yönəlib. Bundan başqa ailəm də Madridə gedəcək və biz orada da oynayacağıq. Məqsədimiz "Atletiko"kimi komanda ilə də qarşılaşa bildiyimizi bütün ölkəyə nümayiş etdirməkdir.

- Tez-tez təkrarlanan suallardan biri budur ki, hava şəraiti oyuna necə təsir edə bilər?

Miçel: Dekabrda daha soyuq və hətta qar da yağa bilər. Amma indi belə deyil. Hazırda Bakıda küləkli hava olsa da, bu, stadionda elə də hiss olunmur. Hazırda havanın temperaturu yaxşıdır. Bu baxımdan, "Atletiko" üçün də problem olmayacaq.

- Çempionlar Liqasında vacib oyunun olacağı və İspaniyanın ən böyük komandalarından biri ilə görüşə yollanacağınız hiss olunur?

Kintana: Bəli. Ab-havadan hiss olunur ki, Çempionlar Liqası matçına çıxacağıq. Ola bilsin, stadion tam dolsun. Fanatlarımız maksimumuzu ortaya qoyduğumuzu və önəmli komandalarla çətin işin öhdəsindən gəldiyimizi gördükdə məmnun olurlar. İlk dəfə Azərbaycan komandası Çempionlar Liqasında yarışır və stadionda insanlar xeyli həyəcanlanırlar.

Miçel: Bu, Azərbaycan xalqı üçün çox xoş əhval-ruhiyyəli oyundur. Stadiona xeyli tamaşaçı gələcək. Yeni stadionda oynayacağıq. AFFA bizə burada oynamaq imkanı yaradıb. 70 min tamaşaçı tutumuna malik stadionda oynamaq "Atletiko"nun da xoşuna gələcək.

- "Atletiko"nun xallara çox ehtiyacı var. Bu, "Qarabağ" üçün müsbət, yoxsa mənfi məqamdır?

Kintana: Bizə qarşı oynayan istənilən komanda 3 xala ümid edə bilər. Düşünmürəm ki, bu, "Atletiko"nun xala ehtiyacının olmasından da önəmli vəzifə olsun. Artıq sizin xalınız var.

Miçel: Düşünmürəm ki, "Atletiko" xalın vacibliyi barədə narahatlıq keçirsin. Bu komanda istənilən meydanda qələbəyə adət edib. Rəqib bura qələbə qazanmağa gəlir. Hətta bu, çətin olsa belə. 

- "Roma" Bakıda 3 xal qazanmaqda çətinlik çəkdi. Bu matç "Atletiko" ilə qarşılaşma üçün etalon ola bilər? 

Kintana: "Roma" üçün Bakıda çətin oldu, 90-cı dəqiqəyə qədər mübarizə apardıq. "Atletiko"ya qarşı da buna bənzər olacaq. Asan olmayacağını bilirik. Çünki madridlilər də rəqabətə davamlı komandadır. "Atletiko" üçün 3 xal qazanmaq vacibidir. Bəlkə bu narahatlıqdan yararlana bilərik. Nəyə görə "Atletiko"ya qarşı öz oyunumuzu sərgiləməyək? "Atletiko" aşkar favoritdir. Lakin biz də müsbət nəticə əldə etmək arzusundayıq.

Miçel: "Atletiko"nun çox aqressiv və çətin oyun tərzi var. "Roma" ilə oyunda rəqibə çətinlik yaratmağa çalışdıq və nəticə əldə etməyə yaxın idik. Lakin alınmadı.

- "Atletiko" son illər beynəlxalq səviyyədə böyük yol qət edib və yaxşı tanınır? Azərbaycanda Madrid komandası barədə çox şey bilirlər?

Kintana: "Atletiko" aparıcı komandalardan biridir və Azərbaycanda yaxşı tanınır. Onların matçlarına televiziya vasitəsi ilə çox baxmışıq. "Atleiko" barədə hər şeyi bilirik. Azarkeşlər də bilirlər ki, onların qarşısıalınmaz futbolçuları var. Çünki çox istedadlıdırlar. Onlar üstün səviyyədədirlər, lakin bizdə də oyundan-oyuna ruh yüksəkliyi artır. "Atletiko" iki dəfə Çempionlar Liqasının finalında oynayıb və bütün dünyada tanınır. Püşkdən sonra qrupda favoritim "Atletiko" idi. "Çelsi"yə uduzsa da, qrupun ən güclüsüdür. 

Miçel: Azərbaycan "Atletiko"ya sponsorluq edib. Bu, hamıya bəllidir. Həmçinin, burada İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqasını izləyə bilərsiniz. Hər kəs oyunlara televiziya vasitəsi ilə baxır. Ona görə də Avropanın böyük komandaları ilə tanış olmamaq mümkünsüzdür. "Atletiko" isə böyüklərdən biridir.




Ana səhifəyə qayıt        Baxış: 976          Tarix: 16-10-2017, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma