Futbol üzrə Çempionlar Liqasında "Qarabağ"ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb.
Azərbaycan təmsilçisi rəqiblərini yenə Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Ağdam komandası sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko" və noyabrın 22-də İngiltərənin "Çelsi" klubları ilə ev oyunlarına bu arenada çıxacaq.
Əvəzində "Atletiko" rəqiblərini yeni stadionda sınağa çəkəcək. Bu, Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının 2018-2019 mövsümündə final matçını keçirməyə namizəd kimi rəqibi olan "Estadio Metropolitano"dur. Madriddəki 70 min nəfərlik arenada ilk dəfə sentyabrın 12-də "Atletiko" ilə "Çelsi" üz-üzə gələcək. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.
Lakin "Qarabağ" azarkeş amilini nəzərə alaraq, ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə qərar versə, gələn mövsüm Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan hər 2 arena eyni qrupun oyunları üçün debüt edəcək.
Digər komandaların ev stadionları isə dəyişməyib. "Qarabağ" sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı "Stemford Bric"də "Çelsi"nin, dekabrın 5-də İtaliya paytaxtındakı "Olimpiko" stadionunda "Roma"nın qonağı olacaq.
Qeyd edək ki, "Qarabağ"ın ev oyunları Qərbi Avropa vaxtı ilə saat 18:00-da, səfər matçları isə Qərbi Avropa vaxtı ilə saat 20:45-də başlanacaq. Avropada saatların əqrəbləri oktyabrın 29-da bir saat geri çəkiləcəyindən, Azərbaycan təmsilçisi "Roma" və "Atletiko"nu saat 20:00-da, "Çelsi"ni isə saat 21:00-da qəbul edəcək. Səfərdəki oyunlara gəldikdə, "Çelsi" ilə matç saat 22:45-də, "Atletiko" və "Roma" ilə görüşlər saat 23:45-də başlanacaq. (report)
Paylaş: