Parisdə güləş üzrə dünya çempionatı davam edir.
İkinci yarış günündə 59, 66, 80 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, 80 kiloqram çəkidə mübarizə aparan Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. Səkkizdəbir finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub. Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da sonuncu xalı qazandığından qələbə rəqibə verilib.
Bürünc medal uğrunda görüşdə Bolqarıstan idmançısına qalib gələn güləşçimiz E.Mürsəliyev yarışda üçüncü pillədə qərarlaşıb.
Digər təmsilçilərimizdən 59 kiloqramda Taleh Məmmədov dörddəbir finalda Qırğızıstan güləşçisinə, Kamran Məmmədov (66 kq) Koreyalı rəqibinə, Sabah Şəriəti (130 kq) isə Ukrayna idmançısına məğlub olaraq mübarizəni dayandırıblar.
Paylaş: