Xəbər lenti

Prosineçki: "San Marino ilə matçda hədəf üç xaldır"Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San Marino yığmasına qarşı keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçından bir gün əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.

"Report" xəbər verir ki, 48 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə sentyabrın 4-də "Bakcell Arena"da baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb.

- Üç gündə iki oyun keçirəcəyik. Norveçdən dünən gəlmişik. San Marino ilə matçda hədəf üç xaldır. Vaxt az idi. Rəqibi analiz etmişik.

AFFA-nın "Facebook" səhifəsində San Marino ilə oyunun start heyəti ilə bağlı səsvermə keçirilir. Əksəriyyət Ramil Şeydayevlə Ruslan Abışovu "11-lik"də görmək istəyir. Onların istəyin yerinə yetirəcəkinizmi?

- Bu xoş haldır. Hər kəsin öz fikri var. Bunun mənim düşüncəmə təsir edib-etməyəcəyini sabah görəcəksiniz.

Norveçlə oyunda komandada ruh düşkünlüyü hiss olunurdu. Kollektivi psixoloji baxımdan San Marino ilə matça hazırlaya bilmisiniz?

- Deməzdim ki, Norveçlə oyunda əzmkar oynamadıq. Sadəcə olaraq, rəqib bizdən güclü idi. Sabahkı oyuna motivasiyamız yaxşıdır. Qalib gəlib, ilk dəfə 10 xal toplamış olacağıq. Bunu bacaracağımıza inanıram.

Həddindən artıq qələbə gözləntisi komandanın oyununa mənfi təsir göstərməyəcək ki?

- Hamımız bilirik ki, San Marino xal qazanmayıb, cəmi bir qol vurub. Azarkeşlərin bizdən yalnız qələbə gözləməsi normaldır. Hədəf odur ki, tez qol vuraq, ardı gələcək.

Prosineçkinin özünün motivasiyasının olmaması ilə bağlı fikir formalaşıb. Bu, doğrudan belədir, yoxsa biz yanılırıq?

- Sizdə niyə belə fikir yarandığını bilmirəm. Futbol dünyanın ən gözəl peşəsidir. Motivasiyam olmasa, işləməzdim, gedərdim. Bu baxımdan heç bir problem yoxdur. Sadəcə olaraq, Norveçlə matç ağır alındı, səhvlərimiz oldu.

Adətən mətbuat konfransına gətirdiyiniz futbolçulara start heyətdə yer verirsiniz. Ramil Şeydayev və Tərlan Quliyev də "11-lik"də olacaq?

- Konfransa gələn oyunçuları buna görə seçmirik. Hər dəfə fərqli oyunçularla gəlmək istəyirik. Bu, sadəcə təsadüfdür. Hər bir rəqibə hörmətlə yanaşıram. Heç kimin xətrinə dəymək istəmirəm. Amma sabahkı oyunda hücum futbolu oynayacağıq. Norveçlə müqayisədə bu görüşdə 7 mövqedə dəyişiklik edəcəyəm. Biz San Marino ilə səfər matçında da favorit idik.

Hücum xəttindəki problemlər Renat Dadaşovun debüt etməsinə şərait yaradacaq?

- Ümid edirəm ki, oyunun gedişi buna imkan verəcək. Ona bir neçə dəqiqə oynamağa imkan yaradacağıq.

Azərbaycan futbolu o vəziyyətdədir ki, biz 10 xalı bayram etməliyik?

- Razıyam, biz bundan daha yaxşı oynaya bilərik. Oyun baxımından son aylarda komandanın oyununda irəliləyiş var. Seçmə mərhələyə başlamazdan əvvəl 2-ci yer tutmağa ümid edirdik. Alınmadı. Lakin gələcək üçün çalışmalyıq. Baş məşqçi postunda mənim qalıb-qalmayacağımdan asılı olmayaraq bu istiqamətdə fəaliyyət göstərməliyik.

San Marino ilə matçın start heyəti necə olacaq?

- Üç mövqedə məcburi dəyişiklik etməliyəm. Qapıda Səlahət Ağayev olacaq. Məhəmməd Mirzəbəyəov, Rəşad Sadıqov, Tərlan Quliyev və Təmkin Xəlilzadə müdafiədə yer alacaq. Orta xətdə Rahid Əmirquliyev, Cavid Hüseynov və Riçard Almeyda olacaq. Öndə isə Əfran İsmayılov, Araz Abdullayev və Ramil Şeydayev çıxış edəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 4-09-2017, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma