Xəbər lenti

"Azərbaycan millisinə səfərdə də qalib gəlməklə, qrupdakı bütün rəqiblərimizə ciddi mesaj göndərə bilərik".

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti "Belfast Telegraph"a açıqlamasında deyib. İngiltərə "Norviç"indən ayrıldıqdan sonra klubsuz olan 30 yaşlı hücumçu bildirib ki, Bakıda keçirəcəkləri görüş onlar üçün böyük əhəmiyyətə malikdir: "Ardıcıl qələbələrimizin davamının gələcəyinə inanıram. Düzdür, biz favorit olaraq, təzyiq altında çıxış edəcəyik. Lakin belə görüşlərdən qalib ayrılmağı bacarırdığımızı sübuta yetirmişik. Rəqiblərimizi, lazım gəlsə, pis oyunla da, gözəl tamaşa ilə də yenə bilərik. İllər öncə biz qələbələr gözləyirdik. Amma artıq San Marino, Azərbaycan və hətta Norveçlə görüşlərdə də göstərdik ki, bunun öhdəsindən gəlmək üçün imkanlara və xarakterə malikik. Azərbaycanla matç bizim üçün böyük oyundur. Qrupda yaxşı start götürmüşük və hesab edirəm ki, ardını gətirə bilərik".

Laffertinin fikrincə, Azərbaycan, San Marino və Çexiya ilə keçirəcəkləri qarşıdakı 3 oyun Şimali İrlandiya yığması üçün çox vacibdir: "Hər 3 rəqibə qalib gəlsək, "pley-off"da oynamağa imkan verən 2-ci pilləni qoruya bilərik".

Qeyd edək ki, Kayl Lafferti DÇ-2018-in seçmə qrup mərhələsində 3 qol vurub. Qollardan 1-i 2016-cı il noyabrın 11-də Belfastda Azərbaycan millisini 4:0 hesabı ilə yendikləri görüşə təsadüf edib. Lafferti komandasının 5 matçından 3-də meydana əsas heyətdə çıxıb. Azərbaycan - Şimali İrlandiya qarşılaşması iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

 




Ana səhifəyə qayıt        Baxış: 765          Tarix: 25-05-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma