Ölkədə lizinq bazarının canlandırılması məqsədi ilə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında üçtərəfli görüş keçirilib.
Bu barədə “Report”a ALŞA-nın sədri Elçin Əhmədov məlumat verib.
Onun sözlərinə görə, görüşün məqsədi lizinq bazarındakı vəziyyəti, mövcud problemləri müzakirə etmək, lizinqin təşviq edilməsi yollarını müzakirə etmək olub: “Söhbət MBNP-nın bu bazara nəzarət etməsindən, lizinq fəaliyyətinin lisenziyalaşdırılmasından getmir. Sadəcə, dövlət qurumunun lizinqin təşviq edilməsində gələcək rolu barədə müzakirələr aparılıb”.
E.Əhmədov onu da deyib ki, hazırda lizinq şirkətləri demək olar, ancaq yığımla məşğuldur: “Lizinq bazarındakı vəziyyət bank sektorundakı vəziyyətlə əlaqəlidir. Təbii ki, banklar kreditləşdirməni məhdudlaşdırdığı kimi, lizinq şirkətləri də maliyyələşməni məhdudlaşdırıb. Həm müştəri azdır, həm də şirkətlər yeni risklərə getmək istəmir, odur ki, hələ yığımla məşğuldurlar. Lakin istənilən halda onların bazarı tərk etməməsi müsbət haldır”.