Gürcüstanda qış mövsümündə enerji çatışmazlığı olur. Bu çatışmazlığı biz Azərbaycan qazı hesabına ödəyirik.
Ovqat.com AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan Neft-Qaz Korporasiyanın analitiki, energetika sahəsində tanınmış ekspert Liana Çervalidze söyləyib.
Ekspert ölkəsinin Cənub Qaz Dəhlizindən gözləntilərini də dilə gətirib. O deyib ki, Cənub Qaz Dəhlizinin tezliklə işə düşməsi Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Bu, bizim təbii qaza olan tələbatımızın ödənilməsində mühüm rol oynayacaq. Ekspert bildirib ki, “Şahdəniz” konsorsiumu və Azərbaycan hökuməti tərəfindən imzalanmış sazişə əsasən Gürcüstan Azərbaycandan Cənub Qaz Dəhlizinə görə 5 faiz təbii qaz alacaq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya ildə 16 milyard kubmetr qaz nəql olunanda Gürcüstan bu daşınmalardan 800 milyon kubmetr qaz alacaq. Bu da Gürcüstanın daxili qaz bazarının əsaslı surətdə balanslaşdırılmasında mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizi genişləndikdən sonra isə bu kəmərlə ildə 30 milyard kubmetr qaz ötürüləcək. Biz isə tranzit haqqı olaraq bundan 1,5 milyon kubmetr “mavi yanacaq” alacağıq. Gürcüstan gözləyir və maraqlıdır ki, Azərbaycanda qaz hasilatı artsın. Habelə Türkmənistan və digər qaz hasilatçısı olan ölkələr bu layihəyə qoşulsun. Türkmənistanın da bu layihəyə qoşulması Gürcüstanın Avropa bazarından öz layiqli payını almasına imkan yaradacaq.
Paylaş: