Xəbər lenti

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi gələn il tamamlanacaq.

Ovqat.com Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.

Qeyd edək ki, TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 78,5 faizi görülüb. Boru kəməri iki fazada inşa olunur. Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, 1 ədəd ana xətt və 1 ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi həyata keçirilir. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər isə 48 düym diametrində yerüstü boru kəməri, iki ədəd ölçmə stansiyası və 36 düym diametrindəki qoşa boru xəttindən ibarət olan Dardanel boğazından keçən sualtı hissədir. Faza-1 üzrə işlərin 44 faizi tamamlanıb. Bununla da, TANAP layihəsi çərçivəsində Faza-0 və Faza-1 üzrə bütün işlərin 69 faizi icra edilib.

TANAP-ın inşasına hazırda 10 minədək işçi cəlb olunub. Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1684 kilometr uzunluğunda xəndək qazılıb. Bu vaxtadək TANAP-ın tikintisi çərçivəsində 4 lot üzrə 1540 kilometr boru marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə 1463 kilometr uzunluğunda borunun qaynağı tamamlanıb. TANAP-ın Dardanel boğazından keçəcək 17,6 kilometrlik dəniz hissəsinin tikintisinə isə may ayının sonlarında başlanılacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.




Ana səhifəyə qayıt        Baxış: 982          Tarix: 28-04-2017, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma