Xəbər lenti

2017-ci ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) layihəsindən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Ovqat.com xəbər verir ki, layihənin operatoru olan "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, rüb ərzində AÇG-dən ümumi hasilat - Çıraq (55 000), Mərkəzi Azəri (124 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (75 000), Dərinsulu Günəşli (121 000) və Qərbi Çıraq (94 000) platformalarından birlikdə - gündə orta hesabla 581 000 barel və ya ümumilikdə 52 milyon bareldən artıq, yəni 7,1 milyon tondan artıq təşkil edib. 2016-cı ilin ilk rübündə AÇG-dən ümumi hasilat - Çıraq (46 000), Mərkəzi Azəri (155 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (69 000), Dərinsulu Günəşli (139 000) və Qərbi Çıraq (126 000) platformalarından birlikdə - gündə orta hesabla 651 000 barel və ya ümumilikdə 59 milyon bareldən artıq, yəni 8 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 107 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub. İlk üç ay ərzində AÇG-də 5 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.

Hesabat dövründə layihəyə təqribən 111 mln. dollar əməliyyat məsrəfləri və 304 mln. dollar əsaslı məsrəflər xərclənib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə əməliyyat və əsaslı məsrəflər müvafiq olaraq 137 milyon dollar və 396 milyon dollar təşkil edib.
2017-ci ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12,1 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Hesabat dövründə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Rüb ərzində terminal 69 milyon bareldən artıq neft və kondensat, o cümlədən 60,5 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac efib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 milyon standart kub metr (936 milyard standart kubfut) "Şahdəniz" qazı ixrac edilib.

AÇG-də iştirak payları: BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Limited" (2,7%).

 




Ana səhifəyə qayıt        Baxış: 1 168          Tarix: 10-05-2017, 11:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma