Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir.
Agentlikdən “APA-Economics”ə verilən xəbərə görə, bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcək.
“Cari il iyulun 1-dən öz səlahiyyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, “Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır,” – deyə məlumatda qeyd olunub.
Agentlikdən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırıb, istehsal etdikləri qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu nəzərə çatdırıb: “Eyni zamanda, qarşımızdakı bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk”.
Paylaş: