Xəbər lenti

Orxan Mikayıllı

 Biznes və sahibkarlıq sahəsində bəlkə də ən az diqqət edilən məsələ iqtisadi təhlükəsizlikdir. Bu sahədəki boşluqlar zaman-zaman həm ölkəmizdə, həm də dünyada irili xırdalı biznes subyektlərinin işinə mənfi təsir edir.

İqtisadi təhlükəsizliyin başında maliyyə təhlükəsizliyi dayanır. Bunun başlıca meyarı isə yetəri qədər maliyyə ehtiyatına və onu idarə edəcək ağıla sahib olmaqdır. Yəni müəyyən sahəyə yatırım edib işə başlayan sahibkarın əlində yatıracağı məbləğdən əlavə kassa ehtiyatı olmalıdır. Çünki ilk addım və ilk vaxtlar gözlənilən səmərəlilik əldə olunmaya bilər və bu da əlavə kapital hesabına kompensasiya edilir.

Digər mühim amillər isə qlobal, regional sferada müşahidə olunan iqtisadi yeniliklər, tendensiyalardır. Bu da öz növbəsində ölkədaxili iqtisadi vəziyyətə və qanunlara təsir edir. Neft qiymətlərinin azalmasından sonra yerli valyutadakı dəyər itkisini iqtisadi təhlükə olaraq qiymətləndirə bilərik. Ayrıca vergi sistemindəki qeyri-sabitlik, tariflərin vaxtaşırı surpriz dəyişiklikləri, xarici investisiyanın ölkədəki çəkisi, inhisar qabiliyyətli iri şirkətlərin məhsul növləri istehsalı və yeni bazarlara meylinin elastikliyi, əhalinin orta aylıq gəliri və alıcılıq qabiliyyəti də təhlükəsizlik məsələləri baxımından ələ alınmalı, bütün bu faktorların tendensiyası davamlı olaraq müşahidə olunmalıdır.

Lakin etiraf edək ki, xüsusən kiçik və orta sahibkarlıq subyektlərinin rəhbərləri daha çox ənənəvi üsullarla və ənənəvi sektorlarda fəaliyyətə üstünlük verdiyindən bu kimi şeylərə elə də diqqət yetirmirlər. Bu hal əsasən tənzimlənən iqtisadiyyata malik ölkələrin sahibkarları üçün spesifikdir. Belə desək bu tip mühitlərdə sahibkarların əlində nadir hallarda iqtisadi jurnallar, kitablar, məlumat mənbələri, saytlar və s. görə bilərsiz. Təhlükədən qorunmağın ən başlıca addımı təhlükənin yaranma mənbələrini tanımaqdır. Ən azından birjaları yaxından izləmək, dövlətin iqtisadi yenilikləri ilə maraqlanmaq,  öz mühasibləri və maliyyəçiləri ilə bu barədə geniş söhbətlər aparmaq (təkcə rübü, ili bağlamaq barədə yox təbii ki), biznesyönümlü keyfiyyətli təlimlərdə iştirak - təhsil və dünya görüşə yatırım özü iqtisadi təhlükəsizlik və yarana biləcək krizləri qabaqlamaq cəhətdən xeyli faydalı ola bilər.

 

İri biznes subyektlərində (şirkətlər, holdinqlər, korporasiyalar və s.) isə iqtisadi təhlükəsizlik anlayışı daha geniş məfhumdur, təkcə məzənnə, vergi və s. ilə məhdudlaşmır. Bu tip subyektlər daha geniş əlaqələrə, daha güclü və acımasız rəqiblərə, daha böyük işçi heyətinə, daha ciddi partnyorlara sahib olduqları üçün məsuliyyətləri və bu məsuliyyətlərə müvafiq potensial təhlükələri də böyükdür. İri biznes subyektlərində iqtisadi təhlükəsizlik bunlarla birbaşa əlaqəlidir:

 

İnsan resurslarının keyfiyyətli təmini, təşkili;

PR və marketinq şöbələrinin işinin keyfiyyəti;

Sənaye cəsusluğuna qarşı alınan önləmlər;

Çevik və reaktiv maliyyə ehtiyyatlarına və mütəxəssislərinə malik olmaq;

Şəbəkə və informasiya təhlükəsizliyi;

Doğru ortaqların, partnyorların seçilməsi;

Məhsul və ya xidmətin keyfiyyət göstəriciləri, istifadə olunan texnologiyanın göstəriciləri;

Binaların və əməkdaşların iş zamanı fiziki təhlükəsizliyi və mühafizəsi;

Fəaliyyət sektorunun və ya dövrün tələblərinə cavab verən menecment (idarəetmə) üsulu;

Gördüyünüz bu siyahıdakı amillərdən biri və ya hamısı qeyri-aktiv olarsa, şirkət ciddi itkilər, zərərlər, cərimələr və məsuliyyətsizliklərlə üzləşər. Bu amillər bir-birlərindən tamam fərqli və bəzən əlaqəsiz görünsələr də, nəticə etibari ilə hamısının fəaliyyəti şirkətin sağlam çalışa bilməsinə hesablanıb. Bizneslə məşğul olan istənilən subyektin yeganə məqsədi maddi mənfəət əldə etməkdir. Arzu olunan maddi mənfəət özü elə iqtisadi təhlükəsizlik deməkdir.

Ölkə miqyasında iqtisadi təhlükəsizlik isə müəyyən elementlərlə iri biznes subyektlərininkinə bənzəsə də fərqlər var. Məsələn, qonşularla olan problemlər, hansı ölkələrlə, necə siyasət yürüdən dövlətlərlə müttəfiqlik və strateji əməkdaşlıqların həyata keçirilməsi, büdcə xərclərinin daha çox hansı istiqamətlərə yönləndirilməsi, vergilərdən yayınma və qaçaqmalçılığın həddi, daxili siyasi sabitliyin kövrək yaxud möhkəm olması, ölkənin idarəetmə üsulunun forması, ÜDM-ni formalaşdıran əsas strateji sahələrin gələcək perspektivi və qlobal əhəmiyyəti, xarici investisiyanın meylinin dərəcəsi, milli valyutanın möhkəmliyi, idxal-ixrac saldosu və s.




Ana səhifəyə qayıt        Baxış: 1 337          Tarix: 21-05-2017, 08:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma