Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ını təsdiqləyib.
Strateq.az Fed.az-a istinadən xəbər verir ki, yeni qaydalarda avtomobil kreditlərinin verilməsi ilə bağlı tələblər də əksini tapıb.
Qaydalara əsasən, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur (hesablamada kredit üzrə yalnız əsas borc nəzərə alınır):
– kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
– kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
– avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
KTN əmsalı nədir? KTN – kreditin təminata olan nisbətidir. Yəni kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalı.
Yeni qaydanı misallarla izah edək.
Tutaq ki, müştəri qiyməti 60 min manat olan yeni (yəni istehsal tarixindən 1 ildən az müddət keçmiş) avtomobil alır. Qaydalara əsasən, həmin avtomobilin alınması üçün verilən kredit maşının dəyərinin 60%-dən, yəni 36 min manatdan artıq olmamalıdır.
İstehsal ili eyni olan amma qiyməti məsələn 25 min manat olan avtomobilin alınması üçün isə kreditin məbləği onun dəyərinin 50%-ni, yəni 12,5 min manatı keçməməlidir.
İstehsal tarixi köhnə olan avtotobillərdə şərtlər daha ağırdır. Yəni istehsal tarixindən bir ildən artıq vaxt keçmiş bütün avtomobillərin alınması üçün həmin avtomobilin dəyərinin yalnız 20%-i qədər kredit ayrıla bilər. Məsələn, 20 min manatlıq köhnə avtomobil alınacaqsa, onun alınması üçün maksimum 4 min manat kredit ayrıla bilər.
Paylaş: