Xəbər lenti

 

Son illərdə İran və Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində aktiv şəkildə əməkdaşlıq edirlər.

Bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi Trend-ə özəl açıqlamasında deyib.

M.C.Azəri Cəhrominin sözlərinə görə, İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir və bu sahədə ilkin razılaşmalar əldə olunub.

Azəri Cəhromi əlavə edib ki, iki ölkənin kosmik sahəsində agentlikləri ticarət və elmi sahədə əməkdaşlıqlarını davam etdirirlər.

Nazir İranın dost Azərbaycanla bu sahədə xüsusi işlərin görülməsinə maraq göstərdiyini qeyd edib:

“Rabitə və informasiya texnologiyaları sahəsində İran və Azərbaycan arasında lazımi platforma formalaşıb və bu platforma günü-gündən böyüməkdədir. İki ölkənin özəl sektorları bir-birlərinin mövqeyi və imkanları ilə yaxından tanış olaraq əməkdaşlıq etməlidirlər”.

İranlı nazirin sözlərinə görə, startap sahəsində İran və Azərbaycan arasında əməkdaşlıq artıq formalaşıb. Bu il 3 İran şirkəti Azərbaycanda Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçib və fəaliyyətə başlayıb.

Azəri Cəhromi deyib ki, ötən il Bakutel sərgisində iştirak edən İran şirkətlərinin sayı 12 idisə, bu il bu say 15-ə çatıb.

İran, Azərbaycan, Rusiya və Türkiyə arasında startap gəlirlərinin inkişaf etdirilməsi ilə bağlı platforma yaradılmasına diqqət çəkən nazir deyib ki, 4 ölkənin startap şirkətləri bir-birləri ilə əməkdaşlıq edəcəklər:

“Bu platforma ticarət baxımından əhəmiyyətlidir. Bununla əlaqədar Bakıda və Tehranda iclaslar keçirilib və birgə layihə üzrə razılaşma əldə olunub. Hər bir ölkə onun 500 min dollarını təmin edəcək və hazırda bu layihənin hüquqi tərəfi həyata keçirilməkdədir”.




Ana səhifəyə qayıt        Baxış: 352          Tarix: 7-12-2019, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma