ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyulun 1-dən 7-dək 12 ədəd və ya 1,28% artaraq 952-yə çatıb. Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı bir öncəki həftə 23 həftəlik ardıcıl yüksəlişin ardından 1 ədəd azalma göstərib.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 7 ədəd və yaxud 0,93% artaraq 763 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 2,71% artaraq 189 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 412 və yaxud 121,7%, qaz quyularının sayı isə 101 ədəd və ya 114,8%, ümumilikdə isə neft-qaz quyularının sayı 512 ədəd və yaxud 116,4% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,41 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,5% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayının artmasında səngiməyə gətirib çıxaracaq. Qiymətin 55 dollar/barelə yaxınlaşması isə neft quyularının aktivləşməsinə səbəb olur".
Paylaş: