Xəbər lenti

Tekstil sənayesinin inkişafına dair bəyanatlar bəyanat olaraq qaldı...

Cari ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 mln. dollar) birinci olub.

Bu siyahıda meşə fındığı ixracı (38,3 milyn dollar, ötən il 40,3 milyon dollar) ikinci, ilkin formalı polipropilen (36 milyon dollar, ötən il 31,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin birinci rübündə ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmində azalma baş verib. Belə ki, qeyd olunan dövrdə 31,3 milyon dollarlıq (ötən il 72,8 milyon dollar) pambıq mahlıcı, 10,9 milyon dollarlıq pambıq ipliyi (ötən il 13,3 milyon dollar), 31,2 milyon dollarlıq (ötən il 38,8 milyon dollar) pomidor, 14,7 milyon dollarlıq xurma (ötən il 29,5 milyon dollar), 114,9 milyon dollarlıq meyvə-tərəvəz (ötən il 124,9 milyon dollar) ixrac edilib. Bundan əlavə, fındıq ixracında da azalma var: ötənilki 40,3 milyon dollardan bu il 38,3 milyon dollara düşüb.

Rəsmi statistikadan aydın olur ki, 2020-ci ildə Azərbaycandan xaricə 133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə isə 174,5 milyon dollar dəyərində 77,6 min ton pambıq lifi ixrac olunub. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton 2022-ci ildə isə 33,1 milyon dollar dəyərlə 8,6 min ton təşkil edib. Göründüyü kimi, pambıq lifi ixracında bir ildə azalma həcm ifadəsində 39 faiz, dəyər ifadəsində isə 17,3 faiz, pambıq iplik ixracında isə müvafiq olaraq 54 faiz və 43 faiz olub.

Qeyd edək ki, Azərbaycanda pambıq istehsalına diqqət 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsi nəticəsində gəlirlərin azalmasından sonra yetirilməyə başlanıb. 2016-cı ildən etibarən toplanan pambığa görə dövlət tərəfindən dəstək ödənişi təyin edilib. Bundan sonra rayonlarda torpaq sahiblərinin bir çox hallarda məcburi qaydada sahələrini pambığa ayırmaları prosesi başlayıb. Bir çox hallarda buğda və balıqçılıq üçün ayrılan sahələrdə də pambıq əkini həyata keçirilib. Nəticədə 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona  çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci il ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb. Göründüyü kimi, məhsuldarlığın artırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş vardı: 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min ha azalsa da, istehsal həcmində 72 faizə yaxın artıma nail olunmuşdu.

2017-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 6.3-cü bəndində sənədin icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənirdi. Lakin 2021-ci ildə istehsal 287 min 41 tona, məhsuldarlıq isə 28,5 sentnerə düşüb. Rəsmilər istehsaldakı azalmanın iqlim şərtlərindən qaynaqlandığını bildiriblər. Belə ki, 2021-ci ildə ölkədə quraqlıq və yağıntıların qeyri-bərabər paylanması nəticəsində pambıq sahələrinin vaxtında suvarılmasını təmin etmək mümkün olmayıb. Xüsusilə pambıq istehsalında öndə gedən rayonlarda suvarmanın müasir metodlarından istifadə olunmaması, sentyabrda - yığım ərəfəsində güclü yağışların yağması məhsuldarlığı kəskin azağı salıb.

Pambıq yığımına dair - OPERATİV MƏLUMAT - FED.az

Azərbaycanda 2022-ci ildə pambıq əkinləri artırılaraq 104,3 min hektara çatdırılıb. Dövlətin hər 1 ton məhsula görə verdiyi subsidiya 100 manatdan 170 manata qaldırılıb. Eyni zamanda ötən il yığım ərəfəsində xam pambığın alış qiyməti iki dəfə 50 manat, ümumulikdə 100 manat artırılıb. Nəticədə emal müəssisələri istehsalçılara xam pambığın birinci növü üçün 1 tona 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat ödəyiblər. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən, xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması 2022-ci ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manata yaxın əlavə gəlir əldə etməsinə imkan verəcəkdi. Bu isə o deməkdir ki, ötən il pambıq istehsalı həcminə dair gözləntilər 300 min ton civarında idi. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə faktiki istehsal 321,8 min ton (2021-ci ildəkindən 12,1 faiz çox) təşkil edib.

Qeyd edək ki, Azərbaycanda pambıqdan son məhsulun əldə edilməsi zənciri qurulmayıb. Ölkədə 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların da illik istehsal gücü  465 min tondur. Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Mingəçevirdə 2 iplik istehsalı zavodu fəaliyyət göstərir, lakin mütəxəssislərə görə, bu sahədə də əlavə güclərin yaradılmasına ehtiyac var. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı çox məhduddur.

2015-2017-ci illərdə bu zəncirin qurulması ilə bağlı iddialı planlar qurulmasına rəğmən, proses iplik istehsalından dərinə getmədi. Halbuki Mingəçevir Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz yerli pambığa əsaslanan tekstil sənayesinin inkişafını təmin etmək idi. Bu parka indiyədək 159 milyon manatlıq investisiya qoyulduğu bildirilir. Bu ilin yanvarında verilən məlumata görə, son 6 ildə parkda 80 milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 67 milyon manatlığı xaricə ixrac edilib. 2017-ci ildə dəfələrlə yüksək səviyyədə tekstil sənayesinin inkişafına dair xüsusi proqramın hazırlanmasına başlandığı, bu sahəyə investisiya cəlb etmək üçün dövlət tərəfindən güzəştlərin təqdim ediləcəyinə dair məlumatlar açıqlansa da, real addımlar atılmadı. Nəticədə Azərbaycanda pambıqdan yarımfabrikat iplik istehsalından irəli gedilməsi mümkün olmadı.

Rəsmi statistikaya əsasən, 2022-ci ildə toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatların, ayaqqabıların istehsalı sahələrində 572,1 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki illə müqayisədə dəri və dəri məmulatların, ayaqqabıların istehsalında 93,9 faiz, geyim istehsalında 46,2 faiz, toxuculuq sənayesində isə 1,3 faiz artım müşahidə olunub. Ötən il ərzində pambıq lifi istehsalı 1,4 faiz azalmaqla 91184,1 ton, pambıq iplik istehsalı 37,2 faiz azalmaqla 14130,5 ton təşkil edib. Hazır pambıq parça istehsalı 33,5 faiz, pambıq yataq ağları istehsalı 87 faiz azalıb.

Pambıq iplik və ondan əldə edilən məhsulların istehsalındakı bu azalmanın 2021-ci ildə pambıq istehsalındakı azalmadan irəli gəldiyini söyləmək mümkün deyil. Çünki azalma cari ildə də davam edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 3 ayında pambıq lifi istehsalı 5,6 faiz azalmaqla 34 110,9 ton, pambıq iplik istehsalı 29,6 faiz azalmaqla 3 392,8 ton təşkil edib. İlk rübdə pambıq parça istehsalı 19,9 faiz, pambıq yataq ağları istehsalı isə 2,6 dəfə artıb.

Yerli tekstil sənayesini necə inkişaf etdirməli? | Hafta.az

Göründüyü kimi, pambıq mahlıcı, pambıq ipliyi istehsalında və ixracında 2021-ci ildən başlayan azalma dayanmayıb. Bu azalmada dünya bazarı konyukturu ilə bağlı amilin müəyyən qədər rolu var: ticarət marşrutlarındakı dəyişikliklər, daşıma zəncirindəki qırılmalar ixracın həcm baxımından azalmasına gətirib çıxara bilər. Lakin qiymət şərtləri 2021-ci ildəkindən daha əlverişlidir və ixracın dəyər ifadəsində artdığını rəsmi rəqəmlər də göstərir.

Təəssüflər olsun ki, ölkənin pambıq mahlıcı istehsalında hökmran mövqeyə sahib müəssisələrdən pambıq mahlıcı istehsalındakı azalmanın səbəblərini öyrənə bilmədik. Pambıq ipliyi ilə bağlı da eyni vəziyyətlə üzləşdik: ən böyük istehsalçı müəssisələr mətbuata tam qapalıdır...

Mütəxəssislərə görə, Azərbaycanda istehsal olunan pambıq keyfiyyət göstəricilərinə görə üst geyim məhsulları istehsalı üçün yaramır. Yerli pambıq yalnız bez, yataq ağları və sair məhsulların istehsalında istifadə oluna bilər. Bu məhsulların yüksək keyfiyyətlə istehsalına isə hələlik nail olunmayıb. Yerli istehsal məhsulu olan yataq ağlarının keyfiyyət baxımından çox böyük problemləri var və istehlakçı olaraq bu problemləri hər bir vətəndaş görə bilir: hazırda keyfiyyətli yataq ağı dedikdə heç kim yerli məhsul barədə düşünmür...

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 955          Tarix: 17-05-2023, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma