Xəbər lenti
Dünən, 22:38
Dünən, 18:13
Dünən, 18:00
Dünən, 09:14
5-11-2024, 23:53
5-11-2024, 22:51
5-11-2024, 21:54
5-11-2024, 21:00
5-11-2024, 19:30
5-11-2024, 18:30
5-11-2024, 17:13
5-11-2024, 16:35
5-11-2024, 15:55
5-11-2024, 13:31
5-11-2024, 12:36
44-Günlük Müharibə nəticəsində Ermənistan yalnız hərbi və siyasi sahədə deyil, eyni zamanda iqtisadi baxımdan da böyük zərərlərlə qarşılaşmış oldu. Müharibə nəticəsində Ermənistanın ordusu demək olar ki, özünün döyüş qabiliyyətini tam itirdi. Ordunun bərpası üçün isə Ermənistana hələ uzun illər və böyük maliyyə vəsaitləri lazım olacaqdır. Siyasi baxımdan isə ölkə xaosa sürükləndi və parlament seçkilərindən sonra müəyyən sabitlik yaransa da ümumilikdə siyasi vəziyyət qeyri-stabil olaraq qalmaqda davam edir. Bunlarla yanaşı Ermənistanın böyük maliyyə zərərləri ilə qarşılaşması onun dövlət borcunun artımını daha da sürətləndirdi və ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlı təhdidlər artmış oldu. Lakin, Ermənistanın iqtisadi zərərləri bununla bitmədi. Əvvəl işğalda olan ərazilər həm də Ermənistan hökuməti üçün böyük resurs mənbəyi rolu oynayırdı. İstər kənd təsərrüfatı, istərsə enerji, istərsə də mədən sənayesi sahəsində illər boyu qanunsuz olaraq istismar edilən ehtiyatlar Ermənistanın əlindən çıxdı və bu onlar üçün həm böyük maliyyə itkisi, həm ixrac imkanlarının azalması, həm də qida təhlükəsizliyi ilə bağlı problemlərin yaranması deməkdir.
Qeyd edilən iqtisadi zərərlər içərisində mədən sənayesinin qarşılaşdığı zərərlər xüsusi yerə malikdir. Qarabağda yerləşən dağ-mədən sənayesinə aid müxtəlif yataqlar işğal dövründə qanunsuz olaraq istismar edilirdi və orada olan ehtiyatların əksər hissəsi Ermənistana göndərilərək oradan xarici ölkələrə ixrac edilirdi. Qarabağda bu mədənlərdə işləyən şirkətlərin ödədiyi vergilər orada olan qondarma rejimin büdcə gəlirlərini formalaşdıran əsas mənbələrdən biri idi. Ermənistanın öz ərazində də dağ-mədən sənayesinə aid olan müxtəlif yataqlar mövcuddur və bu yataqların istismarı və ixracı Ermənistan iqtisadiyyatının inkişafında böyük rol oynayır. Qarabağda olan ehtiyatlar isə Ermənistan üçün əlavə gəlir və ehtiyat mənbəyi formalaşdırırdı. Ən vacib məqamlardan biri isə ondan ibarət idi ki, Qarabağdakı dağ-mədən sənayesi həm də qondarma rejimin ayaqda qalmasını təmin edirdi. Ermənistanın bu yataqların istismarına böyük diqqət göstərməsi həm də bununla bağlı idi. Ermənistanın özünün iqtisadi vəziyyətinin pis olması ona Qarabağda yaşayan erməni əhalini tam olaraq dəstəkləməyə imkan vermirdi. Bu baxımdan da Qarabağda olan yataqların istismarı Ermənistan üçün əhəmiyyətli idi. Bu yataqlar eyni zamanda Qarabağda yaşayan erməni əhalinin məşğulluğunda da böyük paya sahib idi (ümumi işçi qüvvəsinin 7%-i).
Azərbaycanın öz torpaqlarını azad etməsi nəticəsində isə bu yataqların əksər hissəsi və ən vacib olanları Ermənistanın nəzarətindən çıxmışdır və uzun illər davam edən qanunsuz istismara son qoyulmuşdur. Bununla da həmin yataqların Ermənistan üçün yaratdığı yuxarıda qeyd etdiyimiz iqtisadi faydalar əldən çıxmışdır və bu da istər Ermənistan iqtisadiyyatına, istərsə də Qarabağda hələ də yaşayan erməni əhalinin sosial-iqtisadi vəziyyətinə əsaslı şəkildə təsir edir. Müstəqillik əldə etdikdən sonra Ermənistanın ixracında dağ-mədən sənayesi məhsullarının payının çox olması onu deməyə əsas verir ki, burada işğalda olan torpaqlardan cəlb edilmiş filiz və qiymətli metalların əhəmiyyətli payı olmuşdur və Ermənistanın maliyyə gəlirlərinin formalaşmasına təsir etmişdir. Bu məhsulların böyük hissəsi Ermənistandan əsasən Avropa ölkələrinə ixrac edilir və orada saflaşdırma mərhələsini keçdikdən sonra xammal kimi bu məhsulların emalı və onlardan müxtəlif məhsulların hazırlanması ilə məşğul olan şirkətlər tərəfindən alınırdı. İşğal edilmiş ərazilərdə olan qiymətli metal və digər filiz yataqlarının Ermənistanın əlindən çıxması onun iqtisadiyyatına əsaslı şəkildə təsir etdiyindən bu təsirin hansı səviyyədə olmasını müəyyən etmək faydalıdır. Bu arayışın əsas məqsədi də bunu müəyyənləşdirməkdir.
Dağ-mədən sənayesinin Ermənistan iqtisadiyyatında rolu
Qarabağda olan mədən sənayesi resurslarının əldən çıxmasının Ermənistan üçün zərərlərini müəyyən etmək üçün ilk olaraq Ermənistanın iqtisadiyyatında mədən sənayesi məhsullarının rolunu müəyyən etməyə ehtiyac vardır. Bunun üçün Ermənistanın ixracının strukturunu nəzərdən keçirək. Ermənistanın ixracında ən böyük paya malik olan məhsul növü mis filizləridir. Mis filizlərinin ixracı 2019- cu ildə 627 milyon ABŞ dolları (bundan sonra dollar) həcmində olmuş və 2020-ci ildə 618 milyon dollara qədər (2%) azalmışdır (Qrafik 1). Bununla yanaşı ixracın strukturunda böyük paya sahib olan digər filiz və qiymətli metal növlərinə aid məhsullar da vardır. Bura qızıl, molibden filizləri, alüminium aiddir. Qızıl ixracda ikinci ən böyük paya malik olan məhsuldur və onun ixrac həcmi 2019-cu ildə 224 milyon dollar olduğu halda, 2020-ci ildə 13% artaraq 255 milyon dollara çatmışdır. Bu artımın əsas səbəbi 2020-ci ildə qızılın qiymətinin artması olmuşdur. Kütlə baxımından qızılın ixracı 2020-ci ildə əvvəlki il ilə müqayisədə 153 kq daha az olmuşdur. İxrac edilmiş molibden və alüminium məhsullarının həcmində də isə 2019-cu il ilə müqayisədə 2020-ci ildə müvafiq olaraq 28% və 6% azalma müşahidə edilmişdir (Qrafik 1).
Göründüyü kimi, Ermənistanın ixracında mədən sənayesi böyük paya sahibdir və ümumilikdə 2019-cu ildə bu sektor üzrə ixrac edilən əsas məhsulların həcmi 1.09 milyard dollar olmuş və 2020-ci ildə 1.07 milyard dollara qədər azalmışdır. Qızılın ixracının həcm baxımından azalmasını da nəzərə alsaq ümumilikdə bu sektor üzrə ixrac həcminin azaldığını görürük.
Qrafik 1. Ermənistanın ixracının məhsullar üzrə həcmi (milyon ABŞ dolları)
Mənbə: Finport, Trendeconomy, Ameriaadvisory, WITS
Ermənistanın ixracında mədən sənayesi məhsulların hansı rola malik olduğunu başa düşmək üçün bu məhsulların ixracda payının hansı səviyyədə olduğunu nəzərdən keçirməkdə də fayda vardır. Qeyd etdiyimiz kimi Ermənistanın ixracında ən böyük paya sahib olan məhsul mis filizləridir ki, onun ümumi ixracda payı 2019-cu ildə 23.7%, 2020-ci ildə isə 24% səviyyəsində olmuşdur (Qrafik 2). Qızılın da Ermənistanın ixracında payı kifayət qədər böyükdür. Belə ki, qızılın ixracda payı 2019-cu ildə 8.5%, 2020- ci ildə isə 10.1% olmuşdur. Digər məhsullara gəldikdə isə molibden filizlərinin ixracda payı 2019 və 2020- ci illərdə müvafiq olaraq 5% və 4.1%, alüminium məhsullarının payı isə hər iki ildə 3.8% səviyyəsində olmuşdur. Qeyd etdiyimiz rəqəmləri ümumiləşdirsək, əsas mədən sənayesi məhsullarının Ermənistanın ixracında ümumi payı 2019-cu ildə 41%, 2020-ci ildə isə 42% təşkil etmişdir. Əgər biz bütün qiymətli və yarı-qiymətli metalları, o cümlədən bütün filiz məhsullarını nəzərə alsaq o zaman 2020-ci ildə mədən sənayesi məhsullarının Ermənistanın ixracında payının 52% olduğunu görərik. Bu rəqəmlər bir daha onu göstərir ki, mədən sənayesi məhsulları Ermənistanın ixracının əsasını təşkil edir və bu məhsullar Ermənistanda maliyyə gəlirlərinin formalaşmasında və iqtisadiyyatın inkişafında böyük rola malikdir.
Qrafik 2. Ermənistanın ixracının məhsullar üzrə strukturu (faizlə)
Mənbə: Finport, Trendeconomy, Ameriaadvisory, WITS
Görünən ümumi mənzərə ondan ibarətdir ki, mədən sənayesi məhsullarının ixracda payı kifayət qədər böyükdür və ümumilikdə 2020-ci ildə bu sahə üzrə ixrac həcmləri azalmışdır. Bu azalmaya pandemiya ilə yanaşı ixracın ümumi həcminin azalması və 2020-ci ilin son rübündə əvvəl işğalda olan ərazilərdən Ermənistana ixrac edilən mədən sənayesinin məhsullarının azalması səbəb ola bilər. İxracda bu məhsulların payının əsaslı şəkildə dəyişməməsi isə onunla əlaqədardır ki, ixracın ümumi həcmi azalmışdır. Bu rəqəmlər həm də onu deməyə əsas verir ki, Qarabağdan ixrac idxal edilən mədən sənayesi ehtiyatları da Ermənistanın özünün sahib olduğu ehtiyatlar ilə bərabər Ermənistanın iqtisadi inkişafında böyük rola malik olmuşdur.
Ixracın ölkələr baxımından strukturuna nəzər saldıqda isə görə bilərik ki, ixracda ən çox paya sahib olan ilk dörd ölkə Rusiya, İsveçrə, Çin və İraq olmuşdur. Baxılan dövrdə Rusiyaya ixracın ümumi həcmi 654 milyon dollar olmuşdur ki, bu da ümumi ixracın 25%-ni təşkil etmişdir (Qrafik 3). İkinci ən çox ixracın həyata keçirildiyi İsveçrə isə 467 milyon dollar ilə ixracın 18.5%-ni özündə cəmləmişdir. Çin və İraqın Ermənistanın ixracında payı isə müvafiq olaraq 11.5% (289 milyon dollar) və 6.5% (163 milyon dollar)
olmuşdur. Göründüyü kimi Ermənistanın ixracı əmtəələr baxımından çoxşaxəli olmadığı kimi ölkələrin iştirakı baxımından da çoxşaxəli deyildir. İxracda ən böyük paya sahib olan ilk dörd ölkə ümumi ixracın 61%-dən çoxunu özündə cəmləmişdir. Hər iki istiqamət üzrə ixracın çoxşaxəli olmaması onu deməyə əsas verir ki, ixracda ən çox paya sahib olan məhsulların (mədən sənayesi) böyük hissəsi məhz ixracda payı ən çox olan ölkələrə ixrac edilmişdir. Bu isə öz növbəsində onu göstərir ki, Qarabağın mədən sənayesi məhsullarının ixrac edildiyi ölkələr də məhz ixracda payı çox olan ölkələrdir. Bu mənada Rusiya və İsveçrəni xüsusi qeyd etmək olar.
Qrafik 3. 2020-ci ildə Ermənistanın ixracında əsas paya sahib olan ölkələr
Mənbə: Trendeconomy
Qarabağda olan mədən sənayesi ehtiyatları
Qarabağda olan mədən sənayesi məhsullarının Ermənistan iqtisadiyyatında rolunu müəyyən etmək üçün Qarabağda mövcud olan və Ermənistanın məhrum olduğu ehtiyatları və yataqları nəzərdən keçirək. Ümumilikdə, 2019-cu ildə qondarma rejimin ixracının həcmi 283 milyon dollar olmuşdur ki, bunun da 60%-dən çoxu Ermənistana, 30%-dən çoxu isə Rusiyaya ixrac edilmişdir1. İxracatda əsas yeri mineral-faydalı qazıntılar və qiymətli metallar tutmuşdur. İxrac edilən məhsulların böyük əksəriyyəti isə Ermənistanda “Ermənistanda Düzəldilmiş” (Made in Armenia) kimi etiketlənərək yenidən başqa ölkələr ixrac edilirdi.
Qarabağda olan ən gəlirli yataqlardan biri Kəlbəcərdəki Söyüdlü qızıl yatağıdır (Ermənilər Sotk adlandırırdı). İşğal dövründə bu yataq Kiprdə qeydiyyatda olan “GeoProMining Investment” şirkətinin tam sahibi olduğu GPM Gold tərəfindən istismar edilirdi. 2020-ci ildə məşhur Rusiyalı maqnat Roman Trotsenko GPM Goldun nəzarət səhm paketini əldə etmişdir. Bundan əvvəl də şirkətin sahibi rusiyalı biznesmen olmuşdur. Bu yataqda 1654 nəfər çalışırdı və GPM Gold tərəfindən Ermənistan büdcəsinə ödənilən vergilərin həcmi 2020-ci ildə 58 milyon dollar səviyyəsində olmuşdur. 2019-cu ildə Söyüdlü yatağından əldə edilən ümumi gəlirlər isə 126 milyon dollar səviyyəsində olmuşdur ki, bu da GPM Gold- un ən çox gəlir əldə etdiyi il olmuşdur. Şirkətin məlumatlarına görə, 2018-ci ildə Söyüdlü yatağından 3.7 ton qızıl (130 min unsiya) əldə edilmişdir və yatağın daha 18 il istismar müddəti vardır. 44-Günlük Müharibədən sonra isə yatağın fəaliyyəti dayanmışdır. Ona görə ki, yatağın ərazisinin 70%-dən çoxu Azərbaycanın nəzarətinə keçmişdir.
Qarabağda işğal dövründə istismar edilən ən gəlirli yataqlardan biri də Zəngilanda yerləşən və 6.5 ton qızıl ehtiyatına malik olan Vecnəli qızıl yatağıdır. Bu yataq “Gold Star” şirkəti tərəfindən istismar edilirdi hansı ki, 2019-cu ildə işğal edilmiş ərazilərdə olan qondarma rejimin 4-cü ən böyük vergi ödəyicisi olmuşdu. Bu şirkətin sahibi isə erməni əsilli İsveçrəli biznesmen Vartan Simrakesdir və o, Frank Muller saat şirkətinin yaradıcılarından biridir. Müharibə dövründə Azərbaycan bu yatağa da nəzarəti ələ keçirmişdir. Təsadüfi deyildir ki, qızılın qiymətinin əsasən artdığı 2020-ci ili şirkət 2 milyon dollar zərərlə başa vurmuşdur.
Qarabağda mövcud olmuş qondarma rejimin ən böyük vergi ödəyicisi olan “Base Metals” şirkəti isə Bərdə rayonunda yerləşən Dəmirli mis və molibden yatağını və keçmiş Ağdərədə rayonunun ərazisində yerləşən Qızılbulaq mis və qızıl yatağını istismar edirdi. Bu şirkətin qondarma rejimin iqtisadiyyatının formalaşmasında böyük rola malik idi. Təkcə, 2019-cu ildə şirkət 38.5 milyon dollar vergi ödəmişdi. Qızılbulaq yatağının istismar müddəti demək olar ki, bitmək üzərədir və 2009-2017-ci illər ərzində Ermənilərin bu yataqdan qanunsuz olaraq əldə etdiyi gəlirlərin həcmi 178 milyon dollar olmuşdur. Dəmirli yatağında isə 100 milyon ton molibdenin olduğu proqnozlaşdırılmışdır. Base Metals- ın aid olduğu “Valleks Qrupu”-nun (Vallex Group) məlumatlarına əsasən, şirkət Dəmirli yatağına 250 milyon dollar həcmində investisiya yatırmışdır və yataqda 1500 işçi işləmişdir. Müharibə nəticəsində hər iki yatağın fəaliyyəti dayanmışdır.
Qeyd etdiyimiz yataqlar Qarabağda mövcud olan və gəlirlilik səviyyəsi yüksək olan əsas yataqlardır. Ona görə də bu yataqların işğal dövründə istismarı ilə bağlı məlumatlar tapmaq mümkündür. Digər daha kiçik yataqlar haqqında isə məlumatlar daha azdır, həm də bu yataqlar daha az dəyəri olan digər ehtiyatlara malikdir. Məsələn, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan Narzanlı, Çilgəzçay və Sarıbulaq adlı civə yataqları, ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı yataqları, ehtiyatları 2533 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı yataqları, mişar daşı istehsalına yararlı 2 tuf, 2 əlvan bəzək daşı, vulkan külü və digər yataqlar mövcuddur. Göründüyü kimi Qarabağ filiz faydalı qazıntı yataqları ilə yanaşı tikinti üçün yararlı ola biləcək digər ehtiyatlarla da zəngindir. İşğal dövründə bu ehtiyatların istismarı ilə bağlı əlimizdə dəqiq məlumatlar olmasa da bu yataqlarda olan ehtiyatların Qarabağda aparılan qanunsuz məskunlaşma prosesi çərçivəsində tikinti işlərinə cəlb edilməsi ehtimalları böyükdür. Ümumilikdə, Qarabağda işğal nəticəsində Ermənistanın əlinə keçmiş əsas 15 yataqdan 13-ü Azərbaycanın nəzarətinə qayıtmışdır. Ermənilərin nəzarətində qalan 2 yatağın isə su təchizatı kəsilmişdir. Ona görə ki, bu yataqları su ilə təchiz edən mənbələr də Azərbaycanın nəzarətinə keçmişdir. Beləliklə, Ermənistan Qarabağda olan mədən sənayesi ehtiyatlarına çıxışı tamamilə aradan qaldırılmışdır. Qarabağdakı ermənilərin nəzarətində olan qeyd etdiyimiz mədənlərinin su təchizatı başqa mənbələr hesabına bərpa edilsə belə bu yataqlar elə də gəlirli yataqlar deyildir və bu Ermənistan üçün böyük əhəmiyyət daşımır.
Apardığımız təhlillər onu göstərir ki, Ermənistanın iqtisadi inkişafında mədən sənayesi ehtiyatlarının rolu böyükdür. Bunu həmin məhsulların ixracda payının yükəsk olması sübut edir. Eyni zamanda, işğal dövründə Qarabağdakı mədən sənayesi ehtiyatlarının sistematik şəkildə qanunsuz istismarı və onların əsasən Ermənistan üzərindən digər ölkələrə ixracı onu deməyə imkan verir ki, Qarabağdakı ehtiyatların qanunsuz istismarı Ermənistanda mədən sənayesi məhsullarının ixracının daha da artmasına imkan vermiş və iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynamışdır. Lakin, bu ehtiyatların istismarı və satışı qanunsuz olduğundan onlar əsasən Ermənistana gətirilərək Ermənistan brendi kimi digər ölkələrə ixrac edilirdi. Ona görə də Qarabağdan işğal dövründə Ermənistana gətirilən mədən sənayesi məhsullarının həcmi haqqında dəqiq məlumatlar tapmaq çətindir. Buna baxmayaraq, Ermənistanın ixracı və Qarabağda olan yataqların istismarı ilə bağlı əlimizdə olan məlumatlar və rəqəmlər bu ehtiyatların əhəmiyətli hissəsinin Ermənistana ixrac edildiyini deməyə imkan verir.
İlk olaraq onu qeyd etmək lazımdır ki, Qarabağın özündə işğal dövründə yaşayan əhalinin sayı çox deyildi (real olaraq 60-70 min) və emal sənayesi (hansı ki, mədən sənayesi ehtiyatlarından xammal kimi istifadə edir) də inkişaf etməmişdi. Belə olan halda Qarabağda əldə edilən küllü miqdarda emal sənayesinə aid xammal aydındır ki, Ermənistana və Ermənistan vasitəsilə digər ölkələrə ixrac edilirdi.
Digər tərəfdən Qarabağda olan yataqların sahiblərinin fəaliyyət göstərdiyi ölkələrin Ermənistanın ixracında əsas paya sahib olması da təsadüfi deyildi. Qarabağda olan ən böyük yataqları istismar edən şirkətlərin sahibləri Rusiya və İsveçrədə fəaliyyət göstərən sahibkarlar idi və bu ölkələr həm də Ermənistanın ixracında ən çox paya sahib olan ölkələrdir. Aydındır ki, Ermənistan Rusiyaya digər məhsulların ixracını da həyata keçirir. Lakin, ixracın böyük hissəsinin mədən sənayesi məhsulları olması və Rusiyanın ixracda ən böyük paya sahib ölkə olması onu deməyə əsas verir ki, bu məhsulların böyük hissəsi Rusiyaya ixrac edilirdi. Təsadüfi deyildir ki, Qarabağda olan ən böyük yataqlardan birini istismar edən GPM Gold şirkətinin sahibləri rus biznesmenləri olmuşdur.
İsveçrənin ixracda böyük paya sahib olması isə birbaşa mədən sənayesi məhsullarının bu ölkəyə ixracı ilə bağlıdır. Əvvəl də qeyd etdiyimiz kimi Zəngilanda yerləşən Vecnəli qızıl yatağını istismar edən şirkət İsveçrədə yaşayan və bahalı saat istehsalı ilə məşğul olan erməni əsilli biznesmenə məxsusdur. Ermənistanın digər məhsullarının böyük hissəsinin İsveçrə bazarı üçün tələb edilən məhsullar olmaması da bu ölkəyə əsasən qızıl və misin ixrac edildiyini deməyə imkan verir. Bu faktlar bir daha sübut edir ki, Qarabağda istismar edilən mədən sənayesi ehtiyatlarının əhəmiyyətli hissəsi Ermənistan vasitəsilə xarici ölkələrə ixrac edilmişdir və Ermənistan buna görə gəlirlər əldə etmişdir.
Digər tərəfdən isə Qarabağda mədən sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər həm Ermənistanın, həm də işğal edilmiş ərazilərdə əvvəl mövcud olan qondarma rejimin əsas vergi ödəyiciləri olmaqla da Ermənistanın iqtisadi inkişafına dəstək vermiş olurdu. Ən əsası, əvvəl də qeyd etdiyimiz kimi mədən sənayesi ehtiyatlarının qanunsuz istismarı Ermənistana Qarabağı iqtisadi resurslarla təmin etmək imkan yaradırdı. Yəni Ermənistan bu ehtiyatlar hesabına həm öz işğalını davam etdirə bilir (bunun üçün zəruri maliyyə mənbəyi kimi çıxış etməklə), həm də Ermənistanın özünün əlavə maliyyə gəlirləri əldə etməsinə imkan yaradırdı. Ona görə də müharibə nəticəsində Azərbaycanın öz torpaqlarını qaytararaq Qarabağda olan mədən sənayesi ehtiyatlarının qanunsuz istismarına son qoyması yaxın gələcəkdə Ermənistan iqtisadiyyatına, xüsusilə də mədən sənayesi məhsullarının ixracına əsaslı şəkildə təsir edərək maliyyə gəlirlərinin azalmasına səbəb olacaqdır. Bu həm də Ermənistanın xarici iqtisadi əlaqələrinin də zəifləyəcəyi anlamına gəlir.
Orxan Bağırov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar