Xəbər lenti

2024-cü ildə Azərbaycanın Bolqarıstana təbii qaz tədarükü 2 milyard kubmetr təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli NOVA TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Azəbaycan Bolqarıstandakı enerji böhranından sonra bu ölkənin tələbi ilə "mavi yanacaq" tədarükünü artırmağa başlayıb.

"Bolqarıstana qaz tədarükünü əvvəlcə 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, daha sonra 1,5 milyard kubmetrə, ötən ilin sonunda isə 2 milyard kubmetrə çatdırdıq. Bu isə o deməkdir ki, hazırda Bolqarıstanın təbii qaza olan tələbatının böyük hissəsini ödəyirik", - deyə səfir vurğulayıb.

H.Hüseynov Azərbaycanın Avropa İttifaqının (Aİ) qazla təchizatındakı rolundan da danışıb: "Aİ bizi etibarlı tərəfdaş olaraq görür. Biz etibarlı tərəfdaş olduğumuzu təsdiqləmişik. 2022-ci ildə Azərbaycanla Aİ arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Əvvəllər Cənub Qaz Dəhlizi vasitəsilə ildə 10 milyard kubmetr qazın Avropa bazarına tədarük edilməsi nəzərdə tutulurdu, amma Avropada baş verən hadisələr nəzərə alınaraq qaz tədarüklərini artırdıq və ötən ilin sonunda 13 milyard kubmetrə çatdırdıq. Artıq 12 Avropa ölkəsinə qaz satırıq".

Diplomatın sözlərinə görə, Azərbaycan Bolqarıstanı qaz tranziti üçün çox önəmli bir ölkə kimi qəbul edir.




Ana səhifəyə qayıt        Baxış: 2 541          Tarix: 25-01-2025, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma