
Rusiya və Türkiyə neft sektorunda, o cümlədən üçüncü ölkələrdə birgə layihələri təşviq etmək barədə razılığa gəliblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının Moskvada keçirilən iclasının protokolunda deyilir.
"Tərəflər neft sektorunda fəaliyyət göstərən şirkətlərinin layihələrini və əməkdaşlıq imkanlarını, o cümlədən üçüncü ölkələrdə birgə layihələri dəstəkləməyə hazır olduqlarını bəyan ediblər. Hər iki ölkədə ticarət və investisiyaların genişləndirilməsi üçün şəraitin yaxşılaşdırılmasının vacibliyi qeyd edilib", - deyə sənəddə bildirilir.
Protokolda, həmçinin vurğulanır ki, Rusiyadan Türkiyəyə neft tədarükləri stabil olaraq qalır.
Sənəddə qeyd edilir ki, Rusiya və Türkiyə qazın tədarükü və ixracı üzrə müqavilələrin qarşılıqlı faydalı şərtlərlə uzadılmasında maraqlıdırlar.
"Tərəflər "Botaş" və "Qazprom Eksport" arasında təbii qazın tədarükü və ixracı üzrə müqavilələrin hər iki şirkət üçün qarşılıqlı faydalı şərtlərlə uzadılmasında maraqlı olduqlarını vurğulayıblar", - deyə sənəddə nəzərə çatdırılıb.
Bundan əlavə, yekun protokola əsasən, Türkiyə ilə Rusiya arasında ticarət, investisiya və regional əməkdaşlıq üzrə işçi qrupunun 6-cı iclası 2026-cı ildə Rusiya Federasiyasında keçiriləcək.
Paylaş: