Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiyanın Moldovanı qazla imtahana çəkməsi beynəlxalq enerji bazarında ciddi nəticələr doğura bilər.
Musavat.com-un məlumatına görə, qış ayları yaxınlaşdıqca, Rusiyanın “Qazprom” şirkətinin post-sovet məkanlarına təzyiqləri də artır. Bundan ən çox əziyyət çəkən isə Ukrayna və Moldovadır.
Qərbə inteqrasiya xətti tutan bu iki ölkə hazırda enerji böhranı perspektivi ilə qarşı-qarşıyadır. Ukrayna “Qazprom”la bağladığı müqavilənin 2024-ci ildə başa çatmasının qismi rahatlığını yaşayır və daha 3 il müddətində Rusiyadan ucuz qaz ala biləcək. Moldova üçün isə eyni sözləri demək mümkün deyil. Kişinyovla “Qazprom” arasında bağlanmış müqavilənin müddəti bu ilin sentyabr ayında bitdiyindən yenidən uzunmüddətli müqavilə bağlamağa ehtiyac yaranıb.
Ölkənin Baş nazirinin müavini Vladislav Kulminskinin "Qazprom"la endirimli qaz almaq danışıqları isə nəticəsiz başa çatıb. Məlumata görə, Kulminski Rusiyadan əvvəlki kimi hər min kubmetr qazı 200, uzağı 300 dollara almağı təklif edib. Rusiya isə bu təkliflə razılaşmır, Moldovaya ən yaxşı halda Avropa bazarından 15-20% ucuz qiymətə qaz sata biləcəyini bildirir. Avropa bazarında min kubmetr qazın qiymətinin 1100 dolları keçdiyindən bu, hardasa 790 dollar deməkdir. Üstəlik, bu haqqı qazanmaq üçün Moldova indiyədək öz ruspərəst hakimiyyətlərinin ölkəni qəsdən “Qazprom”a borclandırdığı 709 milyon dolları əvəlcədən ödəməlidir. Moldava isə bu şərtləri yerinə yetirmək iqtidarında deyil. Moskva isə öz adəti üzrə “göz yaşlarına inanmır”. Kişinyov ya bu şərtlərlə razılaşacaq, ya da “Qazprom” noyabrın son günündə Moldovaya qaz nəqlini dayandıracaq. Bu isə o deməkdir ki, ilin ən soyuq aylarının başladığı dekabr ayından etibarən Moldova qazsız yaşamaq taleyi ilə üzləşəcək.
Kişinyov Moskvadan aldığı bu rədd cavabından sonra başının çarəsinə baxmaq və alternativ enerji mənbələri axtarmaq məcburiyyətində qalıb. Bildirildiyinə görə, Moldova ilk addım olaraq onu Rusiyaya borclu hala salan “Moldovaqaz”ı ləğv etmək barədə düşünür. Bununla da yaranmış borcu Moskvaya bağlı şirkətin məsuliyyəti kimi təqdim edərək ondan tələb olunan məbləği ödəmək məsuliyyətindən yaxa qurtarmağa çalışır. Ölkənin atdığı ikinci addım isə dövlət enerji “Energocom” vasitəsi ilə tender keçirmək olub. Tenderə qatılacaq şirkətlər siyahısına isə “Qazprom” daxil edilməyib. Moldovadan gələn xəbərlərə inansaq, keçirilən tenderdə ilkin müsbət nəticələr əldə olunub. Bildirilir ki, Moldova “Qazprom”dan kənar üç alternativ təchizatçı ilə qaz alışı məsələsində razılığa gəlib. Kişinyov sınaq dövrü üçün ilk alternativ qazı Polşadan almağa qərar verib. Bundan əlavə, Ukrayna ilə qaz tədarükü barədə müqavilə imzalayıb. Rumıniya da Moldovaya yeni qaz kəməri çəkilməsinə söz verib.
Moldovanın “Energocom” şirkəti Polşanın PGNiG şirkəti ilə sınaq dövrü üçün imzaladığı müqavilədə 1 milyon kubmetr qazın alışı nəzərdə tutulur. Satınalmanın həcmi az olsa da Sandu hakimiyyətinin imzaladığı bu müqavilənin məqsədi real təchizatdan çox, nəbz yoxlamaqdır. Başqa sözlə desək, Kişinyovda Polşadan qaz alaraq alternativ mənbələrdən idxal imkanlarını qiymətləndirmək istəyirlər. Üstəlik, təbii qaz təchizatı sistemində aşağı təzyiqi tarazlaşdırmaq üçün ölkənin bu qaza ehtiyacı var.
Moldova əsas diqqətini isə Ukrayna və Rumıniyadan alınacaq qaza yönəldib. Ukraynanın “Naftoqaz” şirkəti Moldovanın “Energocom” şirkəti ilə lazım gələrsə, 700 milyon kubmetr qaz tədarükünə dair çərçivə sazişi imzalayıb. Rumıniya isə oktyabrın 1-də istifadəyə verilən və iki ölkəni birləşdirən Unqeni-Kişinov qaz kəməri ilə Moldovaya qaz verməyə hazır olduğunu açıqlayıb. Bu kəmər gündə 6,5 milyon kubmetr qaz ötürə bilər (ayda təxminən 200 milyon kubmetr).
Ekspertlərin fikrincə, Rumıniyanın təklif etdiyi bu qaz həcmi Moldovanın ehtiyaclarını ödəməyə kifayət edəcək, lakin rus separatçılarının əlində olan Dnestryanı bölgə istisna olumaqla. Görünən budur ki, nə Moldova, nə də Rumıniya separatçı Dnestryanı bölgəni qazla təmin etmək niyyətində deyil. Əslində bu addım başa düşüləndir. Moldova ilə Moskva arasında yaranan qaz təchizatı probleminin əsas səbəblərindən biri də elə Dnestryanı bölgənin qənaətsiz istehlakıdır. Faktiki olaraq, rusların yaşadığı Dnestryanı bölgəni Kişinyovun nəzarətindən uzaqlaşdıran Rusiya həmin ərazidə özünə bağlı separatçı hərbi rejim qurub və bu rejim vasitəsilə onun ərazisi bütövlüyünü açıq şəkildə təhdid edir. Bu da azmış kimi, Moskva həmin separatçı qurumun istehlak etdiyi qazın pulunu da Moldovadan alır. Rus separatçıları isə qazdan necə gəldi istifadə edərək Kişinyovu “Qazprom”a daha çox borclandırır. Rumıniyanın “Transgaz” milli qaz ötürücü sisteminin Moldovaya təklif etdiyi qaz həcmində Dnestryanı bölgənin nəzərə alınmaması bu mənada təsadüfi sayılmaya bilər.
Kişinyovun Dinestryanı bölgəni çıxdaş etməsinin digər önəmli səbəbi Rusiyanın təyiqlərinə verdiyi cavabla əlaqədardır. Sirr deyil ki, bu zamana qədər Rusiyadan Ukrayna vasitəsilə Moldovaya nəql olunan qaz Dnestryanı bölgəsən keçərək bu ölkəyə gəlirdi. Dolayısıyla Kişinyov istəsə belə, rus separatçılarının qazını kəsə bilməzdi. İndisə qazı Rumıniyadan idxal etməyi planlaşdıran Moldova öz enerjisini “Türk axını” kəmərindən alacaq. Bu xətt üzrə qaz Türkiyədən Bolqarıstanı və Rumıniyanı keçərək Moldovaya gələcək. Dolayısıyla Dnestryanı bölgədə rus separatçılarını dondurmaq Kişinyovun öz əlindədir.
Buna baxmayaraq, “Transgaz” şirkəti Moldova istərsə, Dnestryanı bölgənin enerji ehtiyacını da qarşılaya biləcəyinə eyham vuraraq, qərar vermək haqqını Kişinyova buraxıb. "Biz tədarükçülərin Moldovaya nəql edə biləcəyimiz qazın həcmini bildirməsini gözləyirik", - deyə, “Transgaz” qaz ötürücüsünün departamentlərindən birinin direktoru Elizabet Gidiu bildirib.
Moldovadan gələn bu məlumatlarda diqqət çəkən əsas məqamlardan biri odur ki, Ukrayna və Şərqi Avropa ölkələri enerji tədarükü sahəsində fövqəladə vəziyyət elan edən Kişinyovu tək buraxmaq niyyətdə deyillər. Bu isə ilk baxışda onu göstərir ki, Şərqi Avropa dövlətləri qaz tədarükü sahəsində özlərini Rusiya asılılığından nəinki xilas etməyi bacarıblar, hətta Moldavanı enerji böhranından çıxaracaq qədər istehlakçı ölkədən tədarükçü ölkəyə çevriliblər. Əslində isə bu ilk qənaət xeyli yanıldıcı ola bilər. Məsələ burasındadır ki, Moldovanın alternativ enerji tədarükü layihələrində də dolayısıyla rus qazının alınmasından söhbət gedir. İstər Polşa, istər Ukrayna, istərsə də Rumıniya arzulasalar belə, Moldovaya rus qazından başqa heç nə verə bilməzlər. Onların təklif etdiyi daha ucuz qaz tədarükü də bu mənada uzunmüddətli ola bilməz.
Məlum olduğu kimi, Polşa və Ukraynanın Rusiya ilə bağladığı uzunmüddətli qaz tədarükü müqaviləsinin müddəti daha bitməyib. Onlar hələ də “Qazprom”dan min kubmetr qazı 200 dollar civarında alırlar. Moldovaya da təklif etdikləri qaz, böyük ehtimalla, “öz boğazlarından kəsdikləri” qənaətin hesabına başa gələcək. Müqavilənin müddəti bitəndən sonra isə onların bu xeyirxahlığı da mümkün olmayacaq. Rumıniyaya gəlincə, qaz hasilatçısı olan bu ölkənin enerji rezervləri bitmək üzrədir. Məlumata görə, Rumıniya hətta öz istehlak ehtiyaclarını ödəmək üçün Rusiyadan qaz alır. Üstəlik, hər il idxalı da artırır. Ötən il “Qazprom”dan 1 milyard kubmetrdən az qaz alan Rumıniya bu il idxal həcmini 1,1 milyard kubmetrə çatdırıb. Üstəlik, əvvəllər Rumıniya şirkətləri Rusiya qazını Ukrayna ərazisindən keçən “Trans-Balkan” qaz kəməri vasitəsilə alırdılarsa, aprelin 1-dən etibarən bütün tədarüklər yalnız Bolqarıstan ərazisindən keçən “Türk axını” vasitəsilə həyata keçirilir. Bu da istər-istəməz Rumıniyanın Rusiyadan aldığı qazın qiymətlərini bahalaşdırır. Ölkənin “Qazprom”la uzunmüddətli tədarük müqaviləsi də yoxdur. Bu isə o deməkdir ki, Moskva onun post-sovet məkanlarını qazla imtahana çəkmək planını pozan Buxaresti istədiyi an cəzalandıra – qiymətləri qaldıra biləcək. Ən əsası, Rumıniya onunla qardaş ölkə olan Moldovanı enerji böhranından çıxarmaq üçün Rusiyadan əlavə ildə 1 milyard kubmetrdən çox qaz almalıdır. Moldovanın bu vəsaiti ödəyib-ödəyə bilməməsi isə şübhəlidir.
Məhz bu səbəblərdən, ötən gün Moldovanın müxtəlif şirkətlərlə bağladığı müqavilələr Rusiyada o qədər də ciddi qarşılanmayıb. Rusiya Federasiyası Hökuməti və Milli Enerji Təhlükəsizliyi Fondu yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov hesab edir ki, Şərqi Avropa ölkələri və Moldova bu müqavilələri bağlamaqla əslində blef edirlər. Onun fikrincə, Kişinyov, çətin ki, Ukrayna və Rumıniyadan qaz alsın, bu blef sadəcə, Kişinyova Rusiyanın “Qazprom”u ilə danışıqlarda mövqeyini gücləndirmək üçün lazımdır. "Ukrayna və Rumıniya özləri enerji çatışmazlığı olan ölkələrdir, onlara qaz tapmaq və Moldovaya tədarük etmək asan olmayacaq", - ekspert vurğulayıb.
Rusiya rəsmilərinin bu inanışı istər-istəməz onları qaz ehtiyatlarından post-sovet və Avropa ölkələrinə siyasi təzyiq vasitəsi kimi faydalanmağa cəsarətləndirir. Təsadüfi deyil ki, Moskva bu niyyətini gizlətməyə belə, lüzum görmür. Hökumətyönümlü ekspert İqor Yuşkov rus mediasına verdiyi açıqlamada Moldovanın bu zamana qədər “Qazprom”dan ucuz qiymətə qaz almasının, indi isə birdən-birə 500% baha qiymətlə qarşılaşmasını ölkənin əvvəlki rəhbərliyinin Rusiyaya loyal münasibəti, Sandu hakimiyyətinin isə Avropapərəst olmasındakı fərqlə əlaqələndirib: “İndi ölkəni avropapərəst siyasətçilər idarə edir, ona görə də “Qazprom” qaz qiymətlərinin Avropa düsturunda israr edir” - deyə Yuşkov bildirib.
Rusiyanın qaz amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməsi isə Avropala ABŞ-ın geosiyasi maraqlarına daban-dabana ziddir və onların rus enerji inhisarına qarşı təcili tədbir görmələrinin önünü aça bilər. Belə ki, “Şimal axını-2” layihəsinə qarşı çıxan və Avropalı müttəfiqlərini də ondan imtinaya səsləyən ABŞ-la “Qazprom”un açıq-aşkar lobbiçiliyini edən Almaniya arasında əldə olunan razılığın əsas şərtlərindən biri Rusiyanın öz qazından siyasi təzyiq aləti kimi istifadəsinə yol verməmək idi. Almaniyanın kansleri Angela Merkelin Rusiya lideri Putinlə uzun danışıqlardan sonra ABŞ-ın yeni Prezidenti Co Baydenə verdiyi sözə görə, Moskva əgər bu yola baş vurarsa, Berlin “Şimal axını-2” layihəsini dayandırmalıdır. Məhz bu sözdən sonra ABŞ “Şimal axını-2” layihəsinə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən geri çəkilmiş, Rusiya qazının Baltik dənizi ilə Almaniyaya nəqlini nəzərdə tutan kəmərin çəkilməsi tamamlana bilmişdi. Hələ də nəql olunması üçün müstəqil operatorunu gözləyən kəmərin taleyi öz qeyri-müəyyənliyini qoruduğu bir zamanda Rusiyanın qazdan siyasi məqsədlər üçün istifadə etməsi təəccüb doğurur.
Üstəlik, məsələ bununla da bitmir. Son zamanlar təbii qazın qiymətlərinin astronomik səviyyədə bahalaşmasında da Rusiyanın insiharçı mövqeyindən pis faydalanması ehtimalı var və bu ehtimal Qərb dünyasını xeyli narahat edir. Zira son 9 ayda Rusiyanın qaz yataqlarında və ötürücü stansiyalarında ən azı 7 qəzanın baş verməsi, “Qazprom”un bu səbəbdən enerji nəqlini azaltması təsadüfi görünmür. Qərb analitiklərinin fikrincə, bütün bu “qəzalar” qiymətləri 500-600% bahalaşdırmağa xidmət edib. Bu isə Rusiyanın qazla necə təhlükəli oyun oynadığının ən bariz sübutudur.
Bəs, Qərb ölkələri Rusiyanın onlara qarşı açıq şəkildə apardığı qaz müharibəsini necə əngəlləyə bilərlər?
Qərbin bununla bağlı bir neçə layihəsi vardı. Onların demək olar ki, əksəriyyətinin qarşısı Rusiyanın hərbi müdaxiləsi və yürütdüyü bəzi siyasətləri nəticəsində alınıb. Layihələrdən biri Qətər neftinin Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Aralıq dənizi və ya Türkiyə vasitəsilə Avropaya nəqli idi ki, 2011-ci ildə Bəşər Əsəd Rusiya və İranın təzyiqi ilə bu layihədən imtina etdi. Ardınca İranla qaz müqaviləsi bağlayaraq, Bəsrə körfəzi-İraq-Suriya-Aralıq dənizi layihəsinə üstünlük verdi. Prinsipcə, Avropa üçün də faydalı olan bu layihənin önü ərəb ölkələrinin müdaxiləsi ilə kəsildi. Qətər qaz kəmərinin keçəcəyi coğrafiyada yerləşən ölkələr – Qətər, Səudiyyə Ərəbistanı və İordaniya kimi ölkələr Bəşər Əsədlə İranın bu planının qarşısını almaq üçün radikal sünnü təşkilatlarını, o cümlədən İŞİD-i dəstəkləyərək Suriyanı keçilməz marşrut halına gətirdilər. Dolayısıyla 2011-ci ildə Suriyaya sıçrayan “ərəb baharı” sünni-şiə müharibəsinə çevrildi.
Müsəlman ölkələrin qaz müharibəsinə müqəddəs don geyindirib bir-birini qırmasına ilk əvvəl həm Rusiya, həm də ABŞ laqeyd qaldı. Rusiyanın məqsədi aydın idi – Suriyanın keçilməz səddə çevrilməsi onun Avropa kimi nəhəng istehlak bazarını öz əlində saxlamasına xidmət edirdi. ABŞ-ın məqsədi isə daha mürəkkəb idi. İstər İraqı, istərsə də Suriyanı məzhəb müharibələri yerlə yeksan olmasını istəyən Vaşinqton bu yolla hər iki ölkənin şimalında məskunlaşan kürdlərin dövlətini qurmağa çalışırdı. Hər iki dövlətin qaz yataqları əsasən şimalda yerləşdiyindən İraqın şimalından başlayaraq Aralıq dənizinə uzanan yolda qaz kəmərinin keçəcəyi qədər dəhlizdə yaradılmasını planlaşdırdığı “Kürdüstan” dövlətinin təbii sərvətlərinin Avropaya nəqli qitəni Rusiya asılılığını xeyli yüngülləşdirə bilərdi. Fəqət bu planın qarşısında mühüm əngəllər dayanmışdı. Əvvəla, Suriya kürdlərinin məskunlaşdığı ərazilər Aralıq dənizinə çıxmırdı. İkincisi isə, hələ Hafiz Əsədin (Bəşər Əsədin atası) zamanında Suriyanın şimalıda aparılan etnik-populyasiya siyasəti nəticəsində əslində tarixən türkmənlərə məxsus olan ərazilər 6 kanton bölgəyə ayrılmış, bəzi kantonlarda kürdlər, bəzilərində ərəblər şahmatvari şəkildə məskunlaşdırılaraq. Dolayısıyla istər kürd populyasiyasını Aralıq dənizinə çıxarmaq, istərsə də kantonlar arasındakı rabitəni qurmaq üçün Suriyanın şimalında etnik təmizləmə aparılmalı idi. ABŞ-ın dəstəklədiyi kürd separatçılarının yürütdüyü bu siyasət məlum səbəblərdən Türkiyənin də milli maraqlarına zidd idi və Ankaranın hərbi müdaxiləsi ilə nəticələndi. Təsadüfi deyil ki, Bayden çıxışlarında açıq şəkildə Ankaranın onların planını pozduğu və ABŞ-ın maraqlarına “fövqəladə təhdid” meydana gətirdiyini bildirir, öz planlarını gizlətməyə lüzum görmür.
ABŞ-ın Suriya və İraqın məzhəb müharibələri poliqonuna çevrilməsindəki ikinci marağı onun da Avropaya ən qazanclı enerji bazarı kimi baxması idi. Məlum olduğu kimi, ABŞ özünün LNG qazını Avropa bazarına çıxarmaq üçün yollar axtarır, bu sahədə Rusiya ilə açıq rəqabətə girir. 2019-ci ildən başlayaraq, bu rəqabət özünü açıq şəkildə büruzə verir, ötən il isə son kulminasiya nöqtəsinə çatmışdı. Məlum olduğu kimi, 2020-ci ilin fevral ayında ABŞ Dövlət Departamentinin ozamankı rəhbəri Mayk Pompeo Rusiyanın təsir dairəsinə girən Belarusa səfər etmiş və ölkə rəhbəri Aleksandr Lukaşenko ilə qaz müqaviləsi bağlamışdı. Həmin səfəri zamanı Pompeo digər qonşu dövlətlərə də üzünü tutaraq onların rus təsirindən çıxmaları üçün ABŞ-ın əlindən gələni əsirgəməyəcəyini bu sözlərlə dilə gətirmişdi: “ABŞ-la Belarus arasındakı iqtisadi əlaqələri prezident Lukaşenko ilə ətraflı müzakirə etdik. Amerika istehsalçıları Belarusa lazım olan nefti 100 faiz nisbətində rəqabətçi qiymətlərlə satmağa hazırdır. Biz dünyadakı ən böyük enerji istehsalçısıyıq. Sadəcə bizə müraciət etmək yetər”.
Göründüyü kimi, Avropa bazarı ABŞ enerji şirkətləri üçün də vazkeçilməz qazanc mənbəyi olduğundan, Qətər və ya İran qazının qoca qitəyə nəql edilməməsi əslində Vaşinqtonun da maraqlarına uyğundur. Rusiya ilə təkbətək rəqabətdə belə, çətinliklər yaşayan ABŞ-ın bir də başqa rəqiblərlə üzləşmək istəməməsi başadüşüləndir. Baxmayaraq ki, Vaşinqton rəsmi söyləmlərində Avropanın enerji təchizatının şaxələnməsindən danışır və bunun Rusiyanın caynağından qurtulmağın başlıca yolu kimi təqdim edir.
Soruşa bilərsiniz ki, İraq və İran qazının Avropaya nəqlini istəməyən ABŞ hansı səbəbdən xəyali “Kürdüstan” ehtiyatlarına eyni rəqabətçi gözlə baxmır? Fikrimizcə, bunun başlıca səbəbi Şimali İraq və Şimali Suriyanın qaz ehtiyatının azlığından qaynaqlanır. Yəni bu ehtiyat heç bir zaman Avropada qaz inhisarı yarada biləcək gücdə deyil. Dünyanın ən çox təbii qaz ehtiyatına malik ölkələri arasında ilk 3 yerdən 2-sini tutan İran və Qətər isə rahatlıqla belə bir təhlükə yarada bilər. Bu zaman isə Rusiyanı ən “yağlı bazardan” uzaqlaşdırmaq istəyən ABŞ növbəti sürprizlə qarşılaşar.
Rusiyaya gəlincə, Qətər və İran qazının Avropaya nəqlini özünün qaz strategiyasına zidd olduğunu düşünən Moskva hər iki ölkənin Suriyada çarpışmasını öz mənafeyinə uyğun gördüyündən 2015-ci ilə qədər bu mübarizəni seyr etmək yolunu tutdu. Tam ərəb ölkələrinə bağlı qruplar Dəməşqi ələ keçirməyə yaxınlaşanda bu “qanlı yarış”ın Qətər qazının leyhinə bitəcəyini düşünüb Suriyaya müdaxilə etdi. Beləcə, qaz uğrunda məzhəb savaşlarının hansısa tərəfin xeyrinə bitməsinin qarşısını aldı. Dəstəklədiyi Suriya və İran qüvvələrinin İŞİD-i bitirmək həddinə gəldiyi 2017-ci ildə isə İsraillə anlaşıb onun Suriyada İranı vurmasına yaşıl işıq yandırdı. Beləcə, Suriyanı İran üçün də “keçilməz qala”ya çevirdi. Bir neçə gün bundan əvvəl Soçidə İsrail Baş naziri Naftali Bennettin Rusiya prezidenti Putinlə görüşündə də bu məsələnin gündəmə gəldiyi bildirilir. İddiaya görə, Putin Soçi görüşündə də İsrailə İranı vurmaq üçün razılıq verib.
Bütün bu hadisələrə nəzər salanda Şərqi Avropa və post-sovet ölkələrinin Rusiyanın enerji asılılığından qurtulmasının hazırda yeganə yolu qalır - ABŞ-ın LNG qazı ilə təchiz olunmaq. Qeyd edək ki, ABŞ bu istiqamətdə ötən illərdə müəyyən addımlar da atıb. Polşada Balkan və Qara dəniz ölkələrini qaz təchiz edəcək böyük saxlama məntəqələri qurub. Qara dənizə çıxışı olan Ukraynada da bənzər qaz anbarları qurmağa çalışır. Eyni şəkildə Almaniya da onun qazlaşdırmaq layihəsinə daxildir. Merkellə Bayden arasındakı “Şimal axını-2” sövdələşmələrində ABŞ-ın Almaniyaya LNG qaz anbarı yaratmaq təklifində bulunduğu qeyd olunur.
Görünür, Moldovadakı enerji böhranından sonra ABŞ təcili olaraq bu addımı atacaq. Əslində Rusiyanın öz ayağına güllə sıxmaq siyasətinə bənzəyən müxtəlif süni “qəza”larla qaz qiymətini qaldırmasına bu aspektdən baxanda məsələnin əsl mahiyyətini anlamaq mümkündür. Böyük ehtimalla, Moskva nəyin bahasına olursa olsun, Vaşinqtonun bu addımı atacağını anladığından qaz savaşına indidən start verib.
Heydər Oğuz, xüsusi olaraq Musavat.com üçün
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar