Xəbər lenti

  ADR Hərəkatının lideri Qubad İbadoğlu vətənpərvər ziyalı, gözəl alim və demokratik düşüncəli siyasətçi Vurğun Əyyubu 60 illik yubileyi münasibətilə təbrik edib.

Ovqat.com da bu təbrikə qoşularaq, Qubad bəyin Vurğun Əyyub haqqında qələmə aldığı fikirlərini oxuculara təqdim edir:

 

 

Adətən, insanlar doğum günlərində rəmzi olaraq güzgünün önündə dayanaraq ötən illəri ilə bağlı özlərinə hesabat verirlər. Bu gözəl gündə, Vurğun bəyin 60 illik yubileyi astanasında dostumun əvəzindən o hesabatı mən vermək qərarına gəldim və aşağıdakı gözəl mənzərə ilə qarşılaşdım.

Vurğun bəy Azərbaycanımızın 100 il əvvəlki müstəqilliyinin baniləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Nəsibbəy Yusifbəyli, Fətəlixan Xoyski və digər dəyərli Azərbaycan övladlarının mənəvi davamçısı kimi sonuncu müstəqilliyimizn qazanılmasında əvəzolunmaz xidmətlər göstərmiş vətənpərvər ziyalıdır. Ruhi baxımdan, mənəvi nöqteyi-nəzərdən Vurğun bəylə adını çəkdiyim və çəkmədiyim millət fədailəri arasında sarsılmaz bir bağ var və bu bu bağ o qədər sarsılmazdır ki, onun qırılması mümkün deyil.

Vurğun bəy korrupsiyanın, rüşvətin tüğyan elədiyi bir məmləkətdə yeganə işıqlı və təmiz nöqtənin – ali məktəblərə test üsuli ilə qəbul sisteminin yaradıcısı olmuş və bu sistemi ilk dəfə uğurla sınaqdan keçirərək, mümkünsüzü bacarmış bir mücahiddir. Bu fakt Azərbaycan üçün artıq çoxdan təhsil məsələsi olmaqdan çıxmış, siyasi iradə, bilik və idarəetmə bacarığının vəhdəti şəklində özünü təsdiq etmişdir.

Vurğun bəy situasiyadan, cəmiyyətdəki siyasi təbəddülatlardan asılı olmayaraq siyasi fəaliyyətinin bütün dövrlərində qeyri-bərabər mübarizədə dürüstlük, açıqlıq prinsiplərinə əməl etmiş siyasi xadimdir. Onu tanıdığım son 25 ildə dəfələrlə bunun şahidi olmuşam.

Vurğun bəy dəyərli ədəbiyyat adamı, peşəkar pedaqoqdur, Azərbaycanda dünya ədəbiyyatının incilərinə vaqif olan nadir ədəbiyyatçılardandır. Onun təlim üsulları nə qədər modern, özünəməxsusdursa, ədəbi təfəkkürünün imkan verdiyi hüdudsuz sərhədlər çərçivəsindəki yazıları və söhbətləri də o qədər maraqlı və yaradıcıdır.

Və nəhayət, Vurğun bəy sədaqətli dost, gözəl insandır. Əziz dostumun bütün digər müsbət keyfiyyətlərinin bünövrəsində də məhz onun insanlara deyil, prinsip və amallara sədaqəti, işıqlı varlığı durur.

Bu dünyanın saflığı, gözəlliyi üçün yalnız varlığın yetər, əziz dost!

Sənə uzun ömür, möhkəm cansağlığı, özümə isə səninlə birlikdə bu mübarizə yolunda uzun illər birlikdə, çiyin-çiyinə addımlamaq xoşbəxtliyi arzulayıram.

Qubad İbadoğlu,

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri




Ana səhifəyə qayıt        Baxış: 1 269          Tarix: 24-10-2017, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma