Xəbər lenti
 
ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner də Senatın Kəşfiyyat komitəsində ifadə verməyə çağırılıb.
Strateq.az xəbər verir ki, o, son prezident seçkilərinə Kremlin müdaxiləsini araşdıran istintaqda Rusiyanın ABŞ-dakı səfiri Sergey Kişlyakla keçirdiyi görüşün gizlinləri barədə məlumat verməli olacaq.
Prezidentin kürəkəni Trampın sabiq milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnlə birlikdə bu görüşdə iştirak edib. Ötən ilin dekabr ayında “Trump Tower”də keçirilən görüşün dövlət orqanlarından gizli tutulması ciddi müzakirələrə səbəb olmuş və Flinnin istefaya getməsiylə nəticələnmişdi. “Toxunduğunu yandıran” rus səfirinin “növbəti qurbanı” isə ABŞ-ın Ədliyyə naziri Erik Holder olmuşdu. Holder də səfirlə görüşdüyünü gizli saxladığı üçün istefa ərizəsi yazmaq məcburiyyətində qalmışdı.
Kuşnerin Kişlyakdan başqa Ukraynaya müdaxiləsinə görə tətbiq olunan sanksiyalar çərçivəsində “qara siyahı”ya salınan “Vneşekonombank”ın sədri Sergey Garkovla da görüşdüyü, bu görüşün də daha əvvəl ictimaiyyətə açıqlanmadığı ortaya çıxmışdı.
Ağ Ev sözçülərindən Hop Hikks, Kuşnerin Senat Kəşfiyyat Komitəsinin çağırışına gedəcəyini söyləyib və Kuşnerin rus səfiriylə görüşündə qeyri-adi heç nəyin baş vermədiyini düşünür. Sözçünün fikrincə, seçki prosesi və keçid dövründə bir çox xarici diplomatlarla görüşmək prezidentliyə namizədlərin və onların nümayəndələrinin vəzifələrindən biridir.
Sözçünün necə düşünməyindən asılı olmayaraq, ABŞ dövlət orqanları rus səfiriylə görüşlərə adi baxmır, Kışlyakla təmasa keçən bütün rəsmiləri sərt cəzalandırır.
Trampın sevimli kürəkəninin də istintaqa çağırılması istər-istəməz ağıllarda bu sualı yaradır: əcəba, növbə prezidentin ailə üzvlərinəmi gəldi?
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 1 295          Tarix: 28-03-2017, 07:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma