''Hamı Elmar Vəliyevin əhali ilə kobud və təhqiramiz davrandığını bilir''
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə iyulun 6-da yaydığı birgə məlumatın ciddi suallar doğurduğu qənaətindədir.
Bu barədə Meydan TV-yə danışan İlham İsmayıl deyir ki, Yunis Səfərov 2016-cı ildə polisin silahını alıb, amma saxlanılmayıb.
“Axtarışda olduğu qeyd olunan Səfərov 2017-ci ildə Rusiyada pasport alıb. Yenidən axtarışda olsa da, bu ilin yanvarında gəlib Gəncəyə, polisi yaralayıb, yenə də saxlanılmayıb və ölkədən gedib”.
Onun fikrincə, bunlar düşünüləsi suallardır.
“Ya bu adamın şəxsiyyətini bilməyiblər ki, kimə qarşı olub, yaxud da baş verənlərin üstünü ört-basdır ediblər. Bütün hallarda polisə qarşı törədilən iki cinayət nəticəsiz qalıb”.
İ.İsmayıl, rəsmi açıqlamada sasxlanılan daha 3 nəfərin adının çəkilməməsini şərh etməyin çətin olduğunu söyləyib.
“Bəlkə istintaq gedir deyə gözləyirlər, müəmmaldır”.
Ekspert bildirib ki, Yunis Səfərovu Taleh Bağırzadəyə bağlamaq səhv variantdır və dindarlara “pas” vermək kimi bir şeydir ki, kimi gəldi vurun.
“Təhlükəli tendensiyadır, buna imkan vermək olmaz. Hamı Elmar Vəliyevin əhaliylə kobud və təhqiramiz davrandığını bilir. Sual yaranır, Yunis Səfərov nə üçün başqa icra başçısını yox, məhz Elmar Vəliyevi seçdi? İcra başısı Elmar Vəliyev insanları təhqir edib, istəyir dindar olsun, istəyir dinsiz. Gəncəliləri təhqir edib. Rezonans da onu göstərir. Bəli, Yunis Səfərov dindardır, ancaq onun əməlini şəriət dövləti qurmağa bağlamaq inandırıcı deyil”.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hadisəni törədən Yunis Səfərov polis tərəfindən saxlanılıb. İyulun 6-da Baş Prokurorluq, DİN və DTX digər məlumat yayaraq, hadisəni terror aktı kimi qiymətləndiriblər.
Paylaş: