Ümumdünya Qızıl Şurası (World Gold Council) avqustun 1-də dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatını yeniləyib. Bu hesabatdakı reytinqdə Azərbaycan yer almayıb. Şura bunu Azərbaycanın öz qızıl ethiyatlarını 2018-ci ildən etibarən satmağa başlaması və tamamən satması ilə izah edib.
Qızıl Şurasının bu hesabatı Azərbaycanda ciddi müzakirələrə səbəb olub. Belə ki, Azərbaycanın qızıl ehtiyatları Dövlət Neft Fondunda toplanıb. Şuranın hesabatında isə onun satıldığı qeyd edilir.
Bununla bağlı Musavat.com-a Neft Fondundan verilən açıqlamaya görə, Dünya Qızıl Şurası ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir: “Bu statistika isə özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmamışdır. Bildirmək istərdik ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir”.
Paylaş: