Nazilə Nəriman
Bakı Slavyan Universitetində baş verən məlum rəzillik barədə öncə sosial şəbəkələrdə fikrimi bildirdim. Amma sonra anladım ki, bu biabırçı olayla bağlı düşüncələrimi geniş şəkildə çatdırmalıyam.
Sözün açığı , sözügedən tədris ocağında tələbələr arasında Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinin keçirilməsini eşidəndə əvvəl inanmadım, şaiyə zənn etdim. Kiminsə buna cəsarət edəcəyinə, əlləri 20 Yanvar şəhidllərinin qanına batmış imperiya qatillərindən birinə - Yevgeni Primakova yubiley tədbiri, sərgi təşkil edəcəyinə, tələbələr arasında bu cəllad haqqında esse müsabiqəsi keçirəcəyinə inanmaq çətindi. Amma sonra məlum oldu ki, şaiyə filan deyilmiş, həqiqətən bu alçaqcasına addım atılıb. Belə ki, axmaq qalmaqalları ilə günaşırı olaraq gündəmə gələn, rüşvətxorluğu ilə gəldiyi gündən nifrət qazanan 73 yaşlı rektor Nurlana Əliyeva canına susayıb belə bir qələtə yol verib. Onu da öyrəndim ki, Rusiyanın ölkəmizdəki səfiri Primakovun 90 illiyi ilə bağlı tədbirlər paketi ilə digər təhsil müəəsissələrinə, o cümlədən ADU-ya müraciət yollasa da, sözügedən universtet yetkililəri səfirin bu təklifini məlum səbəbdən rədd ediblər. Amma yaşlı rektor xanım rus səfirin təklifini can-başla qəbul etməsi bir tərəfə qalsın, Milli Məclisin 3 deputatını da sözügedən tədbirlərə dəvət edərək bu cinayətinə rəsmi bəraət də qazandırmağa çalışıb. Digər tərəfdən, bu rəzil hərəkətə haqq qazandırmaq üçün universtetin mətbuat xidmətinin yaydığı bəyanat adamda həm gülüş, həm də qəzəb doğurur.
Müsabiqəylə bağlı BSU-nun rektoru Nurlana Əliyevanın haqqında səslənən iddialara cavab belə olub: “Nurlana Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edən bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır”. Burda deyiblər ki, üzrü gunahından betər. Xalqın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli olan biri günahsız insanların məhv edilməsinin əsas günahkarlarından biri olan cəllada qarşı, yumşaq desək, bu qədər lütfükar davranardımı? Milli maraqları öndə tutan yüksək vəzifə sahibi bu qədər antimilli bir addım atardımı?
Ən nərahedici məqam isə nə rektorun, nə də bu rəzilliyə adı qarışan millət vəkillərinin istefa vermək istəməməsi, həmçinin rəsmi şəkildə rektor haqqında ciddi ölçü götürülməməsidir. Məncə, bu məsələnin üstünə getməmək və onu yarımçıq saxlamaq özü cinayətdir. Rektorun və 3 deputatın istefa verməsinə qədər mübarizəyə və etirazlara davam!!!
Paylaş: