İranda koronavirusun yayılması qonşu Azərbaycan vətəndaşlarının bu ölkəyə gediş-gəlişinin azalmasına səbəb olub.
Ovqat.com xəbər verir ki, məlumatı İranın rəsmi informasiya agentliyi İRNA yayıb.
Məlumata görə, Astara sərhəd-keçid məntəqəsindən İrana hər gün azərbaycanlılar da daxil olmaqla, təxminən 3 min turist keçirdi. Xüsusilə Azərbaycandan gələnlər buradan ilkin tələbat malları alaraq, gedir qayıdırlar.
Astara (İran) şəhər administrasiyasının rəhbəri Həsən Rüstəmzadın sözlərinə görə, qonaqlar arasında İrana tibbi müayinə və müalicə məqsədilə gələnlər də var. “Azərbaycan vətəndaşlarının İrana səfər etməsi üçün viza tələb olunmur. Bundan başqa, Azərbaycan manatı İran rialına nisbətən bahadır və bu, onun alıcılıq qabiliyyətini artırır. Nəticədə azərbaycanlılar Astara bazarının daimi müştəriləridir. Onların gəlişi rayon iqtisadiyyatına öz müsbət təsirini göstərir”, - deyə o, bildirib.
Lakin son günlər səyahətçilər, turistlər və valyuta mübadiləçilərilə dolu olan Astara sərhəddində insanlar xeyli seyrəlib. Astaralı sahibkarlar da azərbaycanlı müştərilərin azaldığını bildirir. Məsələn, Astara bazarında geyim satışı ilə məşğul olan Əkbər Məhəmmədi deyir: “Azərbaycan vətəndaşları hər gün bazara gəlir, alış-veriş etdikdən sonra vətənlərinə qayıdırdılar. Son günlər onların sayı kəskin azalıb”.
Daha bir sahibkar Sirus Şiarkar da eyni fikirdədir: “Bir çox Azərbaycan vətəndaşı tibbi müayinə və müalicə məqsədilə də buraya gəlirdi. Koronavirus qorxusu onların sayını xeyli azaldıb”.
“Azərbaycanlılar bizim şəhərlərimizə ziyarətə gələrkən yaxşı pul ödəyirlər. Ümid edirdik ki, bayram ərəfəsində mənim və digər sürücülərin qazancı daha da artar. Koronavirus qorxusu işimizə ciddi xələl gətirib”,-bunu isə taksi sürücülərindən biri deyir.
Gediş-gəlişin azalmasına baxmayaraq, Astara sərhədində ticarət və mal ixracı davam edir. Astara (İran) Gömrük İdarəsinin rəisi Rəsul Umidi deyir ki, Astara gömrüyü və sərhəd-keçid məntəqəsi ölkəmizin fəal və açıq sərhəd-keçid məntəqələrindəndir: “Bu ilin fevralında mal ixracı, nəqli və tranziti iki dəfədən çox artıb. Bunun səbəblərindən biri Polşadan Rusiyaya idxalın dayandırılmasıdır. Təəssüf ki, son günlər həm İran, həm də Azərbaycan tərəfdə korona virusunun yayılmasının qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlər üzündən, Astara sərhəd-keçid məntəqəsindən gediş-gəliş azalıb. Bu, Astara iqtisadiyyatına və bazarına təsirsiz ötüşməyib”.
İlin son ayları (İran təqvimi ilə) iqtisadiyyata və bazara böyük təsir göstərir. Bu günlərdə, o cümlədən Novruz bayramı ərəfəsində turizm sektorunda canlanma olur. Bu üzdən bir çox insan, xüsusən astaralılar bu günləri səbirsizliklə gözləyir.
91 min əhalisi olan Astara (İran) Gilan vilayətinin qərbində yerləşir. Onu Azərbaycan Respublikası ilə quru, dəniz və dəmir yolu əlaqəsi birləşdirir.
Paylaş: