Xəbər lenti

 

“Əli hər yerdən üzülən Aslan İsmayılov indi də Azərbaycan Daxili İşlər naziri cənab Ramil Usubovdan mədəd umur. Onun bir neçə gün əvvəl öz məşhur facebook səhifəsində qələmə aldığı müraciəti bu cür düşünməyə əsas verir”.

Ovqat.com xəbər verir ki, bu sözləri tanınmış iş adamı Mürvət Həsənli əməkdaşımızla söhbətində deyib.

Mürvət Həsənlinin fikrincə, Aslan İsmayılov bir sıra hüquqi əsası olmayan bəhanələrlə Azərbaycanın dövlət imicinə kölgə salmaq istəyir: “Onun yazdıqlarından belə anlaşılır ki, Azərbaycanda nə Ədliyyə Nazirliyi, nə prokurorluq orqanları, nə də Daxili İşlər Nazirliyi öz fünksiyalarını yerinə yetirir. Bu qurumların hamısı sövdələşib onun haqq işinə zərbə vurmaqla məşğuldurlar. Halbuki, bu adam ermənidən aldığı pulların gətirdiyi iştah qabardıcı duyğularını bir kənara atıb hüquqşünas kimi məsələyə yanaşsa, niyə məhkəməyə buraxılmadığını anlaya bilər”.

İş adamı iddia edir ki, bu yaxınlarda mətbu orqanlarda yayılan xəbərlərə görə, Aslan İsmayılov Hafiz Hacıyevə qarşı qaldırdığı iddianın məhkəmə prosesində hakimlə dalaşmış və bu səbəbdən haqqında cinayət işi açılmışdı: “Baxmayaraq ki, o, özünün trubinasına çevirdiyi facebook səhifəsində yazdığı statusunda həmin iddianı təkzib etmiş, barəsində “qara piar” aparıldığını bildirmişdi. Lakin Aslan İsmayılovun bu hadisədən sonra başqa birinin istintaq prosesində nümayəndə kimi iştirakına izn verilməməsi mətbuatda işıq üzü görən xəbərləri doğrulayır. Axı, özünün barəsində cinayət işi olan bir adamın başqasının nümayəndəsi kimi çıxış etməsi həm hüquqi, həm də etik baxımdan düz deyil. Görünür, Binəqədi Polis İdarəsinin istintaq şöbəsini rəisi Həsrət Aslanovun onu şahidin dindirilməsinə buraxmaması da bundan qaynaqlanır. Aslan İsmayılovun məsələni siyasiləşdirməsinə ehtiyac yoxdur”.

İş adamı tanınmış hüquqşünası haqqında cinayət işi açılmasını etiraf etməyə çağırıb: “Bəs, siz deyirdiniz ki, elə bir hadisə olmayıb. Səmimi olun, niyə istintaq prosesinə, bir şahidin dindirilməsinə buraxılmadığınızın əsl səbəbini açıqlayın”.

Azərbaycanı Avropa hüquq sistemi səviyyəsində görməyi arzulayan Aslan İsmayılovu Qərb ölkələrindəki təcrübələrə baxmağa dəvət edən iş adamı opponentinə vəkil deyil, nümayəndə olduğunu və nümayəndələrin məhkəmə-istintaq prosesində fəaliyyətinin məhdudlaşdırılmasının məhz Avropa İttifaqı tərəfindən tövsiyyə edildiyini xatırlatdı: “Bildiyimiz kimi, 2012-ci ilin may ayında Avropa Birliyi ilə birgə AŞ-nın İnsan Hüquqları və Qanunun Aliliyi Departamenti tərəfindən hazırlanmış “Vəkil peşəsinə dair” hesabatda Azərbaycanda vəkilliyin vəziyyəti ələ alınmışdı. Həmin hesabatda deyilirdi: “Azərbaycanda mülki işlərdə nümayəndəlik istənilən şəxs tərəfindən həyata keçirilə bilər. Bu hal Avropa standartlarına cavab versə də, hüquqi yardımın daha səmərəli şəkildə göstərilməsi üçün ekspertlər təklif edirlər ki, mülki işlərdə nümayəndəliyin daha çox vəkillərin inhisarına verilməsi məsələsinə baxılmalıdır. Özgə vaxt özünü Sorosun tələbəsi, Avropa standartlarında demokratik şəxs sayan Aslan bəyə mənim erməni şirkəti olan “Emre Piliç”lə mübahisəmin  də mülki məsələ olduğunu xatırlatmaq istəyirəm. Azərbaycan hüquq mühafizə orqanları bu tövsiyyəni nəzərə alırsa, onların adamı kimi özünü aparan Aslan İsmayılov sevinmək əvəzinə, niyə kimlərəsə məktub yazmağa zaman sərf edir?”

Azərbaycan siyasi iradəsinin Avropa Birliyinin sözügedən tövsiyyələrini nəzərə alıb son zamanlar nümayəndəlik institutunu məhdudlaşdırmağa başlamasını təqdirlə qarşılayan Mürvət Həsənli bunun səbəbini Aslan İsmayılov kimi şəxslərin onlara verilmiş səlahiyyətdən sui-istifadə etməsiylə əsaslandırdı: “Nümayəndələrin vəkillərdən fərqli olaraq, müvəkkilləri və istintaq prosesi qarşısında heç bir məsuliyyətləri yoxdur. Onlar da bundan istifadə edərək, həm müvəkkillərini aldadır, həm də müxtəlif  sosial media vasitəsilə məhkəməyə təsir göstərirlər. Hüququn aliliyini, hakimlərin tərəfsizliyini qorumaq üçün nümayəndələrin məsuliyyətsiz fəaliyyəti mütləq məhdudlaşdırılmalıydı və bu istiqamətdə ardıcıl işlər aparılır. Bir müddətdən sonra Aslan İsmayılov kimi sosial şəbəkə vasitəsilə hakimlərə təzyiq göstərən hüquqşünaslar ümumiyyətlə bu fəaliyyətdən uzaqlaşdırılacaqlar”.

Öz fecebook səhifəsində Aslan İsmayılovun Avropa Şurasının hüququn aliliyinin təmin edilməsi tövsiyyələrini yerinə yetirən Azərbaycan hakimiyyətinin bu addımlarını pislədiyini də xatırladan iş adamı opponentinə müəyyən tövsiyyələrdə də bulundu: “Siz, ən yaxşısı, elə facebook yazıçılığı ilə məşğul olun. Sizin təxayülünüzün sərhədlərinə ən yaxşı yaraşan da elə facebook yazarlığıdır, vəkillik deyil”.

Aslan İsmayılovun bütün əqli qabiliyyətini ermənilərin müdafiəsinə sərf etdiyini deyən Mürvət Həsənov vəkilin, deyəsən, həqiqətən də Azərbaycan xalqının ağılsız olduğuna inandığını və bundan istifadə edib hər kəsi aşağılamaq istədiyini bildirdi: “Aslan İsmayılov təkcə bu ermənipərəst mövqeyinə görə Azərbaycan xalqı və hüquq qarşısında cavab verməlidir.

Qeyd edək ki, vəkil bir neçə gün əvvəl facebook səhifəsində bu məzmunda status paylaşmışdı:

“Hakimiyyət onu tənqid edənlərin hamısına ermənilərə işləyir deyir. Mən də soruşuram, axı deyirsiniz Ermənistan acından ölür, biz isə analoqu olmayan inkişafdayıq!? İndi mənə cavab verin, necə olur ki, onlar sizdən güclü oldular? Deməli sizdən ağıllı və bacarıqlıdırlar.

P.S. Avropaya kürü, torba ilə pul daşımaqla tərəfdar toplamağın sonu da belə olmalı idi.”

Görünür, iş adamını da qəzəbləndirən həmin status olub.




Ana səhifəyə qayıt        Baxış: 2 970          Tarix: 16-10-2017, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma